Təranə: "Mən pis yoldayam; bu, xoşuma gəlir" – Video/18+

Təranə: "Mən pis yoldayam; bu, xoşuma gəlir" – Video/18+Onunla təsadüf nəticəsində həmsöhbət olduq. Əməkdaşımız İsmi ilə Suraxanı rayonunda hazırladığımız reportajdan qayıdarkən Zığ kəndinə gedən yolun kənarındakı bardürün üstündə oturmuşdu. Yol boyu şütüyüb keçən maşınlar onun bərabərinə çatdıqda sanki qeyri-ixtiyari sürətini azaldır və siqnal verirdi. Bir qədər kənardan müşahidələrim bu qadının sərxoş olduğunu, yaxud yorğunluqdan əziyyət çəkdiyini deyirdi. Bu fikirlərlə qadını ötüb keçirəm və İsmiyə tərəf dönüb:
– Gərək saxlayaydım, bu səfil həyatı keçirir. "Səfillər" lahiyəsində onun dərdini çözərdik…
– Əmi, mən elə bildim, saxlayacaqsan, – İsmi dedi.
Qərar verirəm ki, geri dönüm. İsmi dərhal hiss edir, çantasından "silah-sursatını" çıxarır.
Naxçivanski adına Hərbi məktəbin qarşısındakı dairədən geri dönüb uzun bir məsafəni qət edirik. Qadın oturduğu yerdə yoxdur. Hə, budur yolun kənarı ilə yeriyir. Ötən maşınların əksəriyyəti yenə də kəsilmiş dana kimi ona çatdıqda "bağırır" – siqnal verir. Qadının saymazyana yerişi maşınların qəzəbli şəkildə sürət yığıb ötməsinə səbəb olur.

Adam da əsgər anasına söz atar?

Maşını bir neçə metr qabaqda saxlayıram. Qarşısında dayanıram. Ortayaşlı və keçmişi gözəl olduğu indi də bilinən qadına salam verirəm, salamımı xüsusi əda ilə alır:
– Əleyküm, beş də artıq.
Söhbətə tuturam:
– Deyəsən sənə söz atırdılar, siqnal verirlər.
– Bura Azərbaycandır. Onlar haradan bilsin axı, mən bir əsgər anasıyam. Adam da əsgər anasına söz atar?
Ağzından çıxan sözlərə qarışan araq iyi üzümü yalayır, nəfəsimi tıncıxdırır. Deyəsən, çox yaxın durmuşam axı. Bir addım geri çəkilirəm, guya ki, rahat yer tapıram dayanmağa. Qadın İsminin aparatının səsinə diksinir:
– Siz PRESS-dənsız? – və cavab gözləmədən daşın üstündə oturub qəribə bir poza alır: – Çəkin. Amma deyin harada gedəcək?
Heç kəsdən qorxmuram
Özümüzü təqdim edirik. Nazlanır, əlləri ilə pırtlaşıq saçlarını gözlərinin üstündən yana atır. Külək dinc durmur, yenə də qarışıq saçları qarışdırmaqla onun gözünün üstünə dağıdır. Əlini yaxasına, dar qara rəngli şalvarının arxasına, yanbızlarına çəkir.
– Adın nədir?
– Yaz. – Sonra İsmiyə tərəf çevrilir. – Sən də çək. Heç kəsdən qorxmuram. Qulamova Təranə Xankişi qızı. 1972-ci il noyabr ayının 19-da anadan olmuşam.
Sifətinə aydın olmayan şit təbəssüm dağılır. Gözlərini süzdürür, mahnı oxuyur:
– Bakıda doğulmuşam, Bakıda qalasıyam.
Mahnını oxuyur və birdən hönkürür:
– Mənim "alkaş" olduğumu deyirlər. Oğlanlarım məndən imtina etdi. Amma mən onları böyütdüm. Dedilər, ver uşaq evinə, dedim, nə danışırsınız, mənim balalarım "detdom"da böyüsün?
– Kim deyirdi ki "alkaş"san?
– Anam Əminəxanım. Adı belədir e, elə bilərsən ona "xanım" deyirəm, o, heç zibil də deyil. Məni bu günə o saldı.
– Yaxşı Təranə, balalarını kim səndən ayırdı? Onlar indi harada qalır?
– Anamın yanındadır. Anam onları məndən ayırdı. Dedi, ananız pis yoldadır.
Mən pis yoldayam – bu mənim xoşuma gəlir
– Bəs səncə, sən pis yolda deyilsən?
Əllərini oturduğu daşa söykəyib kürəyini geri itələyir. Qollarına söykənir və gözlərimə baxıb gülümsəyir. Bu gülüşün arxasında müştərisini şirnikləndirmək istəyən bir parıltı var. Mırıq, ətrafı qaralmış dişlərinin arasından üstü bozarmış dili görünür. Saçlarını sinəsinin üstündə dəstələyir və:
– Mən pis yoldayam. Bu mənim xoşuma gəlir. Mən uşaqlarımı "detdoma" qoymadım. "Trasa" çıxdım, pula getdim, heç kəs bilmədi. Pul qazandım. Balalarımı yedirtdim, içirtdim, geyindilər, kecindilər.

Düşdüm bar həyatına

– Heç kəs bilmədi, deyirsən, amma axır ki, bilindi, anan da səni evdən qovdu.
– Məni bu günə elə anam Əminəxanım qoydu da. Dedi get pul qazan, babalarını saxla. Mən də düşdüm bar həyatına…
– Bəs heç bir yerdə işləməmisən?
– Niyə ki… Mən zəhmətkeş olmuşam. Kondisioner zavodunda OTK–nəzarətçi işləmişəm. Sonra ixtisarlar başladı. Zavodda iş dayandı. Gözəl idim axı, bar həyatım başladı. Axırda da belə oldu.
– Peşman olana oxşamırsan.
– Nə bildin?..
– Əgər doğurdan da axırının belə olduğunu bilirsənsə, peşman olmalı idin, çəkinməliydin bu həyatdan.
– Qoyurlar ki…
Kim nə təklif etsə…
– Kim qoymur?
– Hamı…
– Yaxşı, indi nə işlə məşğulsan?
– İşləyirəm, onun-bunun həyətini təmizləyirəm, döşəyini çırpıram, pal-paltarını yuyuram, altına yıxılıram, kim nə təklif etsə… Mənim bir oğlum Ağdamda əsgər oldu. 3-cü oğlum da indi gedir. Getdim görüşməyə, məni evdən qovdular.

Polislər döyür, barmaq edirdilər…

Cüzdanını açır. İçində xeyli pul var. Şəxsiyyət vəsiqəsini göstərir:
– Mənim qeydiyyatım da var. Bax. Bu evdə yaşamalıyam. Gedən kimi anam polisə zəng vurur. Deyir, əyyaş gəldi. Yasamal polisi məni döyə-döyə oradan uzaqlaşdırır. Maşına mindirib öz ərazilərindən çıxarırlar. Yolda mənə barmaq eləyib gülürlər… – Deyir və yenə də hönkürür: – Belə şey olar? Adam da qadınla belə rəftar edər?
– Təranə, görürsən, hamını günahkar sayırsan, özündən başqa. Heç özünü günahkar bilmirsən?
– Yox. Deyirlər, araq içirəm. Araq… Allah onu çıxardanın… – xeyli söz gəzir, dili ilə dodaqlarını yalayır, bir-neçə dəfə hansısa sözü dilinə gətirir və nə isə demək istəyir, tapdığı söz ürəyincə olmur deyəsən və: – Allah arağı icad eləyənin ölülərinə rəhmət eləsin. İçirsən, unudursan bütün dərdlərini. Həm ucuzdur, həm də acıdır. Həyat kimi. Amma o qədər şirinlik verir ki…
Həyatından danışır. Gözündən üzüaşağı axan yaşlar sanki ağzından çıxan sözləri isladır. Adamı ürpəşmə, soyuq tutur bu səsdən.

Komissarla 10 günlük razılaşdım

– Heç kəs məni başa düşmür. Adamlarımız niyə belədir? Mən belə yaşamaq istəyirəm. Mənim ərimin adı Qüdrətəli idi. Oğlanlarım Şəhriyar, Şahran və Ülvi. Ülviyə öz familiyamı vermişəm. Amma o birilər atasının familiyası ilə böyüdü. İkinci oğlumu qoymadım əsgər getməyə. Pul topladım, komissara verdim. Pulum çatmayanda voenkomda işləyən bir adamla 10 gün əlaqəyə razılaşdım. Xoşum gəldi, sözübütöv adam oldu, 2 gün də əlavə görüşdüm onunla.
– Ərin bilmədi?
– Nə ər, daş olub onun başına. O məni döyürdü, işgəncə verirdi. Mən onu sevirdim, ona görə ondan doğdum o uşaqları. Yoxsa, hər kolun dibində yatıb doğmaq olardı.

Bəs, ay jurnalistlər, mən nə edim?

– Şəhərdən kənardasan, burada nə gəzirdin?
– Mən gəzirəm də. Gəzəyənəm. Bax, pulum da var. Gedirəm kirayə ev gəzirəm. Ev vermirlər mənə. Qovurlar həyətlərindən. Aralanıram, görürəm evin sahibi, ya oğlu ardımca düşüb göz-qaş, him-cim eləyirlər, deyir, gedək səni saxlayım, səninlə… Deyirəm axı məni həyətindən qovdun. Ver kirayə ev, yaşayım. Pulumu da verim, ürəyin istəyəndə də gəl nə qədər istəyirsən ehtirasını öldür. Yox, evimizdə olmaz, deyirlər. Bəs, ay jurnalistlər, mən nə edim?

Cavab verə bilmirsən, heç olmasa siqaret ver!

Hönkürür. Əlləri ilə gözünün yaşını silir və qəzəb dolu baxışlarla gözlərimə baxır:
– Səndən soruşuram, nə edim? Cavab verə bilmirsən, heç olmasa siqaret ver!
Siqaretini yandırıram. Xoşuna gəlir, bir an gözləri uzaqlara gedir:
– Barda olanda kişilər mənim siqaretimi belə yandırardılar. Sonra da aparıb işlərin görəndən sonra döyərdilər. Bəziləri pulumu da vermirdi.
– Təranə, sənin həyatın nümunə göstəriləsi həyat deyil, amma hamını ittiham edirsən, heç fikirləşmirsən ki, özün günahkarsan?
– Bəlkə də günahkaram. Amma mən nə edim? Hara gedim? Bilirsən nə istəyirəm? – deyir və üzünü zeytun ağaclarının üstündən uzaqlara tutub baxır: – İstəyirəm ailəm mənə hörmət qoysun. Məni evimə buraxsın. Balalarımı görüm, gedim iş tapım işləyim. Sonra da onların toyunda oynayım… – yenidən gözlərimə baxır, – inanmırsan, bilirəm. Amma mən də heç kəsə inanmıram.
Parkda yatıram, saunada çimirəm
– Təranə, sən harada yatırsan?
– Parklarda yatıram. Gündə 40 qəpik tualetə pulum çıxır. Həftədə iki dəfə saunaya gedirəm, 10 manat verirəm, çimirəm, paltarlarımı yuyub quruduram. Ac qalmıram. Kafelərdə yeməyimi yeyirəm – qonaq edirlər. Bax, bayaq neçə dəfə maşın saxladı. Göz-qaş etdilər. Gedirəm, pul qazanmaq ayıb deyil. Zəhmət çəkirəm. Bilirəm bu, pis yoldur. Görək Azərbaycan erkəyi yaxşı yolla pul qazanmağıma kömək edəcək? Ala, – baş barmağını iki barmağının arasından çıxarır, – edəcək!
– Bu qədər kişilərlə dostluq etdin, sənin heç ürəkdən bağlandığın oldumu?
İlahi, sifəti necə də dəyişdi bir anda! Xoş bir ifadə dolaşdı baxışlarında, dodaqlarının küskün təbəssümündə. Bax bu anda o küçə qadınlığında üzü bəri gəlmişdi. Boynunu qısdı, İsmi tərəfə çevrildi, saçlarına əl gəzdirdi, yəni "məni belə çək", – demək istədi. Mənə tərəf çevrildi:
Qaçqın məni elə döyürdü ki…
– Hə. Olub. Aşağıda "Naximov"da yaşayırdıq. Kirayə ev tutdu. İşlədim, paltar aldım özümə. Qəşəng görünürdüm. 3 ay yaşadıq. Hər axşam məni döyürdü.
– Niyə?
– Deyirdi ki, gərək sən mənim qabağıma tez çıxaydın. Özü də qaçqındır. Məni elə döyürdü, heç erməni əlinə düşsəydi, belə döyməzdi. Həm də qısqanırdı məni…
– Təranə, bu qədər acı həyat yaşamısan, sənin üç oğlun var, ikisi əsgər olub…
– Yox biri olub əsgər. Şəhriyarım. Ağdamda Abuşovun "çastında" xidmət etdi. Andiçməsinə getmişdim. Ülvi indi gedəcək. Qoymurlar gedəm balama xeyir-dua verəm.
Yenə də hönkürdü və gözlərimin içinə baxdı:
– Sən məni bağışla, sözünü kəsdim, nə isə deyəcəkdin.
– Bax, ana olandan sonrakı vaxtlarda heç sevinmədinmi? Sevincli anın olmadımı heç?
Bu gün sevindim…
– Şəhriyar olanda sevindim. Amma sonra uşaqlarımı doğanda əzab çəkirdim. Bəlkə uşaqlarına görə ataları baxar, deyə, fikirləşirdim. O isə heç vaxt ailəsinə baxmadı. Axırda da anam məni qovdu. Atam anamdan çoxdan ayrılmışdı. Getdim onun evinə. Analığım dedi ki, qalma. – Sonra dəhşətli hıçqırtı bürüdü ətrafı. – Analığım dedi ki, sən gəlib atanla yatarsan, sən elə pozğunsan ki, oğlunla da …. Mən heç elə iş tutaram? Kimdir indi pozğun, q…ə? Mən? Yoxsa onlar? Zamanə?..
– Demək, heç sevinmədin…
– Mənim ən sevincli anım indi oldu. Sən maşını saxladın, düşdün. O oğlan çəkdi. İlk dəfədir ki, mənimlə insan kimi rəftar etdilər, mənə "gedək" demədilər, dərdlərimi paylaşdılar. Məni adam yerinə qoydular. Adınız nədir?
Adımızı dedik.
– Məni də yuxarı, "kruqa" apar.
Maşına oturdu. Arxadan İsmiyə:
– Allah haqqı, desəydiniz, gedək, gedəcəkdim…
Biz onu dediyi yerdə – "kruq"da düşürdük. O, həyatın acı, dairəvi girdabında hələ çox dövrə vuracaqdı…

mustaqil.az

Xəbərlər     Baxılıb: 3905   Tarix: 10 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün

Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərini

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

turlar.az

geyim dəbləri qadin sayti geyim seçimi tehsile aid atalar sözləri capiq ucun maz hamiləlik və doğuş geyimler 2026 kosmetika hakışta baldiza aid haxisda novruz hakistasi nagillar kəlamlar