Uşaqlarda qurd xəstəlikləri necə əmələ gəlir?
"Statistika göstərir ki, parazitar infeksiyalar daha çox uşaqlar arasında yayılıb. Bunun da bir çox səbəbləri var".
Xanim.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında pediatr-allerqoloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Abdullayeva deyib.
Mütəxəssis bildirib ki, bu, daha çox gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır. Onun sözlərinə görə, daha çox əşyalarla təmasda olan uşaqlarla bağlı gigiyenik normalara tam əməl etmək mümkün olmadığından parazitar infeksiyaların yayılması üçün şərait yaranır. Həkim qeyd edib ki, istənilən halda uşaq oyuncaqlarını hər zaman steril saxlamaq, uşaqların əllərini əşyalarla təmasdan sonra hər dəfə yumaq mümkün olmur.
Daha böyük yaşlarda isə qurd xəstəliklərinin yayılmasında təmas faktoru rol oynayır.
Mütəxəssis uşaq kollektivlərində parazitar infeksiyaların yayılmasının asanlıqla baş verdiyini açıqlayıb: "Məsələn, bağça, məktəb yaşlı uşaqlar daha çox əl təması, ortaq istifadə etdikləri əşyalarla, oyuncaq, kitab-dəftər, qələmlə bir-birlərini parazitar infeksiyalara yoluxdura bilirlər".
Pediatr parazitar infeksiyaların yayılmasında qida məhsullarının yaxşı yuyulmadan, ətin yaxşı bişmədən qəbul edilməsinin böyük rolunun olduğunu vurğulayıb:
"Meyvələri, göyərtiləri, tərəvəzləri təbii ki, qaynatmaq mümkün deyil. Ona görə də parazitlərdən qorunmaq üçün onları daha yaxşı yumaq, bir müddət suda saxlamaq, yaxud xüsusi vasitələrlə, məsələn, sirkəli, duzlu su ilə yumaq lazımdır. Aşağı yaş qrupunda uşaqlar çox zaman meyvə, tərəvəzləri yuyulmadan yeyirlər, ağızlarına aparırlar. Yoluxma bir çox hallarda belə baş verir".
Mütəxəssis deyib ki, uşaqlarda ən çox əhali arasında "qıl qurd" kimi tanınan bizquyruq qurdlarına və tükbaş qurdlara rast gəlinir: "Statistikaya görə, onların yayılması daha asandır. Eyni zamanda bədəndə məskunlaşmaları da çox asan sayılır. Uşaqlarda daha çox əlamət verən parazitlər də bunlardır. Qarın ağrısı, köp, gecələr anal bölgədə qaşınma adı çəkilən parazitlərlə yoluxmanın əlaməti sayılır".
S. Abdullayeva qeyd edib ki, bəzi parazitlər uşaqların bədənində uzun müddət yaşayıb, heç bir əlamət göstərməyə də bilirlər: "Daha doğrusu, valideynlərin fərq edə biləcəyi əlamətlər qeydə alınmaya bilər. Adətən deyilir ki, elə bir uşaq yoxdur ki, parazitə yoluxmasın. Əslində isə belə deyil. Parazitlə yoluxan uşaqlar o qədər də çox deyil.
Sadəcə, hər arıq, hər yeməyi seçən, iştahasız olan və yaxud da çox yeyən uşaqda qurd var demək yanlışdır. Biz praktikada çox rastlaşırıq, valideynlər arıq, yemək problemi olan uşaqlarda qurd olduğunu düşünürlər. Valideynlərin əksəriyyəti bu düşüncədə olurlar. Arıq olmaq, qarında ağrıların olması hələ qurd əlaməti deyil. Uşağın çox yemək qəbul eləməsi də qurd əlaməti sayılmamalıdır. Bəzən uşaq "qarnım ağrıyır" deyirsə, valideyn düşünür ki, uşağında qurd var. Uşaq "qarnım ağrıyır" deyirsə, bununla yeməkdən doyduğunu da ifadə edə bilər. Qurd əlamətini aydın seçmək lazımdır. Hər ürək bulanma, qarın ağrısı, ağızdan qoxu gəlməsi qurd əlaməti deyil".
S. Abdullayeva qeyd edib ki, əvvəllər olmayan aşırı köp, qəfildən ishala meyllilik, nəcisdə birdən-birdə qoxunun yaranması, ağızdan qoxu gəlməsi və s. parazitar infeksiyalarla yoluxmanın əsas əlamətləri sayılır: "Uşağın ağzından qoxu gəlməsi normal hal da ola bilər. Amma bu qoxu bütün gün boyu davam edirsə, şübhələnməyə dəyər. Dişləri xırçıldatmaq, gün ərzində çox yemək istəyi də əslində uşaqda parazitar infeksiyaların olduğunu düşünməyə əsas verir. Parazitlər orqanizmə daxil olub, uşağın qəbul etdiyi qidalara ortaq olduğu üçün uşaq orqanizmi zəifləyir".
Pediatr qeyd edib ki, parazitar infeksiyaların yayılması ailə səyahətləri zamanı daha çox baş verir: "Ümumi istifadə edilən tualetlər hər zaman dezinfeksiya edilmədiyi üçün parazit mənbəyi olur. Yayda hovuzlar, başqa su mənbələrinin də parazitar infeksiyalara yoluxma baxımından rolu böyükdür. Dəniz suyu duzlu olduğu üçün demək olar ki, orada parazitlərə yoluxma baş vermir. Amma baklar, göllər, hovuzlardan parazit infeksiyasına yoluxması riski var".
Həkim məişətdə istifadə olunan suyun da parazitlərin yayılmasında böyük rolunun olduğunu qeyd edib.
Profilaktika məqsədilə suyu qaynadaraq içməyi tövsiyə edən pediatr bildirib ki, xüsusilə yay fəslində diqqətli olmaq lazımdır.
Amöb, lyabliya yoluxmasının isti bölgələrin endemik xəstəliyi sayıldığını açıqlayan pediatrın sözlərinə görə, lyambliya, amöb kimi təkhüceyrəlilər insan bədəninə su ilə daxil olur. Bu parazitlər bədənə daxil olandan sonra yüksək qızdırma, titrətmə, üşütmə kimi əlamətlərlə özünü büruzə verir. Amöblə yoluxma zamanı isə qanlı ishalın olması mümkündür: "Yay aylarında çalışırlar ki, mineralların qəbulu üçün qaynadılmamış su içsinlər. Amma mineralları başqa yolla da almaq mümkündür. Parazitə yoluxma təhlükəsi yüksək olduğundan suyu qaynadaraq içmək lazımdır".
Bəzi parazitlərin yarımçiy qəbul edilən ət məhsullarından bədənə daxil olduğunu deyən pediatr bu mənada lentşəkilli qurdların da uşaq orqanizmi üçün çox təhlükəli olduğunu açıqlayıb. Mütəxəssis bildirib ki, bu parazitlər bağırsaqların divarına yapışır və onların buğum hissələri lent kimi uzanaraq, nəcisdən xaric olmağa başlayır.
Bu parazitin yaxşı biçməmiş balıq əti ilə orqanizmə daxil olduğunu deyən mütəxəssis vurğulayıb ki, yaxşı qızartmaq, balığın hələ yaxşı bişməsi demək deyil: "Parazit balığın bişməmiş qismində olur. Uşaqlara verilən balıq məhsullarını qızartmaq yox, buğda bişirmək lazımdır".
S. Abdullayeva onu da deyib ki, bu qurdlar uşaqlarda ağır anemiya yarada bilirlər, çünki qanla qidalanırlar. Ona görə də uşaqlarda səbəbi bilinməyən bir anemiya varsa, parazitlərdən şübhələnməyə dəyər.
Uşaqlarda askaridə də çox rast gəlindiyini qeyd edən pediatr-allerqoloq askaridin bizquyruq qurdla müqayisədə uşaq orqanizmi üçün daha təhlükəli parazit olduğunu deyib. Çünki onun sürfə mərhələsi ağciyərdə olur. Askarid ağ ciyərdə iltihab yaratdığı üçün uşaqlarda öskürək kimi əlamət də verir. Bir askarid bədəndə daha ciddi fəsad törədə bilər.
Parazitlərin müalicəsi barədə danışan həkim qurd əleyhinə dərmanların özfəaliyyət şəklində qəbul edilməsinin ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb.
"Dərman qəbulundan sonra qurdların təmizlənib-təmizlənmədiyini analizlərlə nəzarətdə saxlamaq lazımdır. Amöb və lyambliyanı əleyhinə olan dərmanları nəzərə almasaq, digər parazitlərdə dərman müalicəsi 2-5 gün arasında verilir. Dərman müalicəsi 2 həftə sonra yenidən aparılmalıdır. İkinci dəfə dərman qəbulu çox vacibdir. Bəzən valideynlər birinci dəfə dərmanları verirlər, on beş gün sonra təkrar qəbul etməyi unudurlar. Belə olan halda parazitlər təmizlənmir".
Bir sıra hallarda lyambliyanının qan analizi ilə yoxlanması hallarına münasibət bildirən S. Abdullayeva bildirib ki, bu paraziti aşkar etməyin ən doğru yolu nəcis analizidir: "Lyambliya nəcis analizində aşkar oluna bilər. Bəzən hətta deyirlər ki, USM müayinəsində qurd görüblər. Bunu görmək mümkün deyil, qurd mikroskop altında görünə bilər".
Həkim lyambliyanın müalicəsinin də təsəvvür edildiyi kimi çətin olmadığını deyib. Bu müalicə 7-10 gün ərzində, maksimum iki dəfə təkrarlamaqla aparılır.
Uşaqda askarid, bizquyruq və yaxud tükbaş qurd aşkar etdikdə mütləq ailənin digər üzvlərinə də qurd əleyhinə preparatlar təyin olunduğunu deyən pediatr "Amma amöb və lyambliya aşkar olunanda ailə üzvləri müayinə olunandan, onlarda da bu parazitlərin olduğu təsdiq edildiyi halda dərman təyin olunmalıdır. Bu parazitlər əleyhinə təyin olunan dərman maddələrinin daha çox yan təsirləri var. Yəni burada yanaşma fərqli olmalıdır", deyə bildirib.
O, parazit əleyhinə dərmanların qəbulu müddətinin 1 ayı keçməməli olduğunu da vurğulayıb və həkim təyinatı olmadan parazit əleyhinə dərmandan özbaşına istifadənin yolverilməz olduğunu bildirib. Pediatr deyib ki, qurd əleyhinə dərmanların qəbulu zamanı dozanın aşılması hətta ciddi zəhərlənmələrə də səbəb olur.
Mütəxəssis qurd əleyhinə dərmanların bir çox yan təsirlərinin olduğunu açıqlayıb.
Həkim onu da bildirib ki, bir yaşdan aşağı olan uşaqlara profilaktika məqsədi ilə qurd dərmanları vermək olmaz. Eyni zamanda o, hamiləlikdə parazit əleyhinə dərmanların istifadəsinin yolverilməz olduğunu deyib.
Qurd xəstəliklərinin müalicəsində xalq təbabətinin rolu barədə danışan S. Abdullayeva bu mənada balqabaq tumları, sarımsağın əhəmiyyətinin olduğunu deyib.
f Paylaş