Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığı

Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığıƏslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

Üzeyirin uşaqlığı da elə Şuşada keçir. Əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb, fars dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə yaxından tanış olur. Sonra rus-tatar məktəbində oxuyur. 1899-cu ildə Gürcüstana gedib imtahanları müvəffəqiyyətlə verir və Qori müəllimlər seminariyasına daxil olur. Orda 3 musiqi alətində – skripka, violonçel və bariton adlanan nəfəs alətində çalmağı öyrənir. Xalq mahnılarını nota yazmağa başlayır. Təhsilini başa vurandan sonra isə Üzeyir bəyi Hadrut kəndinə göndərirlər. Amma orda cəmi 1 il müəllim kimi işləyir. 1905-ci ildə erməni-müsəlman davası düşən zaman əhalisinin yarısını ermənilər təşkil edən bu kəndin yaşlı adamları Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə Onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da qırğınların törədilməsinin canlı şahidi olur. Və sentyabrın 7-də "Həyat" qəzetində məqalə ilə çıxış edir.

Üzeyir bəy elə o vaxtdan ömrünün sonuna kimi Bakıda yaşayır. Müəllimlik fəaliyyətini burada da davam etdirir. "Bibiheybət" (hazırda Bayılda 51 nömrəli məktəbdir) və "Səadət" məktəblərində bir neçə fəndən dərs deyir. Amma Bakıya köçdüyü ilk illər olduqca çətin şəraitdə yaşayır. Nəqliyyat vasitəsi olmadığına görə, yaşadığı yerdən işlədiyi məktəbə qədər olan 10 kilometrlik yolu piyada gedib-gəlmək məcburiyyətində qalır. Üstəlik onda Bakıda evi də olmur. Müxtəlif vaxtlarda "İslamiyyə" mehmanxanasında (hazırda 6 nömrəli musiqi məktəbidir), Qoşa Qala qapısının yaxınlığındakı Təbriz mehmanxanasında və kirayələrdə yaşayır. Milli operanın ilk nümunəsi olan "Leyli və Məcnun" operası da məhz "İslamiyyə" mehmanxanasında yazılıb.

"Kitabi-məzhəkə" 47 ildən sonra bəstəkara hədiyyə olunur

Yaradıcılıqdan söz düşmüşkən, Şuşa mühiti, Şuşa ab-havası Üzeyir bəyə xüsusilə böyük təsiri göstərib. "Qafqazın konservatoriyası" adlandırılan Şuşa onun ilk musiqi məktəbi olub. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını olduqca təsirləndirib. O zaman Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada "Məcnun Leylinin məzarı önündə" adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. Bu səhnə balaca Üzeyirin xəyallarına, qəlbinə, beyninə hakim kəsilir. Və illər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyan "Leyli və Məcnun"u yaradır. Maraqlıdır ki, 1908-ci il yanvarın 12-də (25) baş tutan ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

Üzeyir bəy yaradıcılığına da kiçik yaşlarından başlayır. Hələ 13 yaşında hekayə və nağıllar yazır. Ora özünün uydurmalarını da əlavə edir. Sonradan əski əlifba ilə yazdığı bu kiçik həcmli nağılları, onlara uyğun olaraq çəkdiyi illüstrasiyalarla birgə cildləyir və "Kitabi-məzhəkə" adı altında dostlarının köməyilə 15 qəpiyə satır. Hər gün cəmi 3 kitab hazırlaya bilir. Kitabdan gündəlik qazandığı 45 qəpik pulu da gətirib anasına verir. Və illər sonra bəstəkarın ev muzeyinin yaradıcısı, şəxsi katibi, baldızı oğlu Ramazan Xəlilov bu kitabın bircə nüsxəsini taparaq dahi bəstəkarın 60 illik yubileyinə hədiyyə edir. Ramazan Xəlilovun danışdıqlarını üzeyirşünas, uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru olmuş Səadət Qarabağlı belə xatırlayır: "Üzeyir bəyin 60 illik yubileyi yaxınlaşanda Ramazan müəllim xeyli düşünüb daşınır ki, onu hansı hədiyyə ilə təəccübləndirə bilər. Birdən yadına Üzeyir bəyin dilindən eşitdiyi "Kitabi-məzhəkə" düşür. Gedir Şuşaya. Yemiş əmi adlı bir yaşlı zərgəri tapır. Bu kitabı tapmağı ondan xahiş edir. Bir müddət sonra Yemiş əmi xəbər göndərir ki, kitabı tapıb. Ramazan müəllim yenidən Şuşaya gedib həmin kitabı gətirir bura. Üzeyir bəyin doğum günündə kitabı onun yazı masasının gözünə qoyur. Çünki Üzeyir bəy adəti üzrə səhər yuxudan duranda dərhal yazı masasının arxasına keçirdi. Papiros çəkər, bir stəkan şirin çay içər, sonra işə başlardı. Həmin gün də yazı masasının arxasına əyləşir, çəkməcəni açıb işə başlamaq istəyəndə o kitabı görür. Gözləri yaşarır, bir müddət baxışlarını eyni nöqtəyə zilləyir və həyat yoldaşı Məleykə xanımı çağırır. Deyir, "Məleykə, buna bax, bu ancaq Ramazanın işi olar". Həmin kitab muzeyin fonduna daxil edilməmişdi. Ramazan Xəlilovun şəxsi arxivində saxlanılırdı".

Övladsızlıq dərdi

Üzeyir bəy bütün sevincini, kədərini Məleykə xanımla paylaşardı. Həyatının ilk və tək sevgili cananı olan Məleykə xanımı çox, olduqca çox sevirdi. Hər şeyə rəğmən... Onunla hələ Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olmuşdu. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli, görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Ancaq nə yaş fərqi, nə də ayrı-ayrı ölkələrin sakinləri olması onların sevgisinə mane olur. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra 1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayırlar. Sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar. Şad-xürrəm. Ora bəstəkarın dostları, yaxınları, müxtəlif sənət adamları toplaşırdı. Ordan ətrafa gözəl musiqi sədaları yayılırdı. Ancaq o ev bircə səsə ömür boyu həsrət qaldı – körpə səsinə, körpə qığıltısına, körpə gülüşünə. Bütün sərvətini - əsərlərini, yaratdıqlarını gələcək nəsillərə yadigar buraxan Üzeyir Hacıbəylinin özünün yadigarı, soyadının, nəslinin davamçısı olmur. Hər şeyi bəxş edən Tanrı Ona bircə şeyi çox görür – atalıq duyğusunu. Üzeyir bəylə Məleykə xanım övlad üzünə həsrət qalırlar. Amma nədənsə övladlığa da uşaq götürmürlər. Hətta deyilənə görə, Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin Üzeyir bəy qəbul etməyib. Çünki xanımını çox sevib.

dahi bəstəkar Üzeyir HacıbəyliSəadət Qarabağlı yenə də Ramazan Xəlilovun xatirələrinə müraciət edir: "Hələ Tiflisdə təzə tanış olduqları vaxt Ramazan Xəlilov onların sevgisinin canlı şahidi olurdu. Danışırdı ki, "Tiflisdə dağlara gəzməyə gedəndə Üzeyir bəy dağ çiçəklərindən yığıb mənə verirdi ki, "apar bunu ver xalana". O vaxtdan görürdüm ki, onların məhəbbəti necə böyükdü". Bəzən Məleykə xanımın başında güclü ağrılar olurdu. Üzeyir bəy məxsusi olaraq Məleykə xanım üçün əsl yundan hazırlanmış yaylıq almışdı. Başı ağrıyanda o yaylığı gətirib öz əlilə yoldaşının başına bağlayırdı. Onların arasında bir-birlərinə qarşı böyük məhəbbət olub. Uşaqları olmasa da, Üzeyir bəy qətiyyən yoldaşından ayrılmaq fikrində olmayıb. Məleykə xanımın xətrinə dəyməyib, onu çox sevib. Baxmayaraq ki, hətta qohumlar arasında da söhbət gedirdi ki, niyə onların övladları olmur. Düzdür, Üzeyir bəyin əmisi nəvəsi Soltan Hacıbəyov 10 il onların evində yaşayıb. Üzeyir bəy onu saxlayıb, təhsil verib. Onun sənətkar kimi yetişməsində Üzeyir bəyin böyük rolu olub. Amma nədənsə rəsmən heç kimi övladlığa götürməyiblər".

Maraqlıdır ki, Üzeyir bəy özü bir dəfə də olsun xatirələrində bu məsələyə toxunmayıb. Bircə onu deyib ki, "mənim övladım olmayıb. Amma əsərlərim mənim övladlarımdır. Heç kimə haqq vermirəm, icazə vermirəm ki, əsərlərimə əl gəzdirsin".
Nəriman Nərimanov Üzeyir Hacıbəylini iki dəfə ölümdən xilas edir

Əslində Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Məsələn, 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür: "Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, "mən Azərbaycanı qoyub heç yerə getməyəcəm", - deyir. Ancaq Nərimanovun təkidindən, "Siz bizə gələcəkdə lazımsız" sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim özü görmüşdü".

Bu hadisənin üstündən illər ötür. Üzeyir bəy yenidən ölümlə üzləşir. Ancaq bu dəfə də tale dahi şəxsiyyətin üzünə gülür. Bəstəkarı yenə də Nəriman Nərimanov xilas edir. Bu dəfə artıq güllənmə hökmündən: "Bu fərman Üzeyir bəyə yazılarına görə verilmişdi. Çünki heç kimə əyilməyən, heç kimdən qorxmayan cəsarətli publisist yazılarında daxildəki düşmənləri, hətta çar Rusiyasının fitnəkarlığını, Lenini və bolşevikləri də tənqid edirdi. Bir dəfə də ölkənin tanınmış 59 ziyalısının siyahısı NKVD-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xoşbəxtlikdən, siyahı sədrin əlinə keçməzdən əvvəl bəstəkarın qaynı Hənəfi Terequlovun gözünə dəyir. O, idarəyə gəlib gedən adam olduğundan təsadüfən bu siyahını sədrin stolunun üstündə görür. Və dərhal Nərimanova xəbər verir. Nərimanov bundan xəbər tutan kimi həmin siyahını gətizdirmiş, dərhal da məhv etmişdi".

1937-ci ilin qanlı repressiyaları da Üzeyir bəydən yan keçir. Buna səbəb isə Stalin və Mircəfər Bağırovun Üzeyir bəyə yaxşı münasibət bəsləməsi olub. Ramazan Xəlilov özü Səadət xanıma deyirmiş ki, o vaxtlar Üzeyir bəy hər an həbs olunacağını gözləyirdi. Ancaq görünür göydə ulu Tanrı, yerdə hansısa gözəgörünməz qüvvə onu hər zaman hifz edib.

Stalin "Arşın mal alan"ı əzbər bilirmiş

Ümumiyyətlə, Stalin Üzeyir bəyin həm özünə, həm də yaradıcılığına böyük hörmət bəsləyib. Onun əsərlərilə yaxından tanış olub. Hətta "Arşın mal alan" operettasını əzbər bilib, dəfələrlə izləyib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Arşın mal alan"ın və "Koroğlu" operasının proqrama salınması da məhz Stalinin göstərişinə əsasən olub. Özü də "Koroğlu" operası ongünlük ərzində düz 3 dəfə nümayiş etdirilib. Baxmayaraq ki, bir tamaşa 2 dəfədən artıq göstərilə bilməzmiş. Hətta tamaşaların ikisində Stalin özü də iştirak edib və "Koroğlu"nu "ən gözəl Sovet operası" adlandırıb. Heç təsadüfi deyil ki, ongünlükdən sonra sovet bəstəkarları arasında ilk dəfə Üzeyir Hacıbəyliyə SSRİ xalq artisti adı verilir. Lenin ordeni alır. 1941-ci ildə isə "Koroğlu" operası Stalin mükafatına layiq görülür.

Çox böyük müvəffəqiyyətlə baş tutan bu dekadadan sonra Stalin Kremldə Azərbaycan nümayəndə heyətinə ziyafət verir. Həmin ziyafətdə Üzeyir bəy Stalinlə Molotovun arasında oturur. Stalin "Arşın mal alan"dan ariyalar oxumağa başlayır. Bu, Üzeyir bəyin çox xoşuna gəlir. Sonra Üzeyir bəyin Fransada yaşayan qardaşı Ceyhun Hacıbəyli ilə maraqlanır. Deyir, "qardaşınıza məktub yazın, təklif edin vətənə qayıtsın. Biz onu işlə, evlə təmin edərik". (Üzeyir bəy dekadadan qayıdandan sonra Ceyhun bəyə məktub yazır, ancaq qardaşı heç cavab da vermir. Ömrünün axırına kimi mühacirətdə yaşayır və müstəqillik uğrunda mübarizə aparır).

Ziyafət zamanı Stalin daha bir təklif irəli sürür. Xalq çalğı alətlərində ifaçıların ümumittifaq müsabiqəsinin keçirilməsini və ora Üzeyir bəyin rəhbərlik etməsini təklif edir. Üzeyir bəy təklifi qəbul edir. Bakıya gələndən sonra müsabiqəyə hazırlıq işləri başlayır. Bütün sovet respublikalarına xəbər göndərilir, yerlərdə nümayəndələr seçilir. Nəhayət, 1939-cu ilin oktyabrında müsabiqə başlayır... Ancaq elə bu müsabiqə də dahi bəstəkarın xəstəliyinin başlanğıcı olur. Daha doğrusu, ora qatılan erməni ifaçılarının məkrli niyyətləri: "Müsabiqəyə qatılan erməni ifaçılarının bir neçəsi ikinci mərhələyə keçə bilmir. Bunda Üzeyir bəyi günahkar bilir. Münsiflər heyətinin sədri Üzeyir bəy olsa da, üzvlər ayrı-ayrı respublikalardan idi. Ancaq onlar suçu Üzeyir bəyin üstünə atırlar. Məkrli erməni millətinin nümayəndələri xarici işlər naziri olan Molotovun adına teleqram göndərirlər ki, "Üzeyir bəy milliyyətçidi, erməni olduğumuza görə, bizi ikinci mərhələyə keçməyə qoymadı". Molotov isə bu teleqramın üstünü yazıb göndərir Üzeyir bəyin özünə. Üzeyir bəy bu teleqramı oxuyanda dəhşətə gəlir. Ermənilərin belə bir haqsızlığa yol verməsinə çox əsəbiləşir. Çünki Onun üçün əsas sənət idi. O qədər böyük stress keçirir ki, nəticədə şəkər xəstəliyinə tutulur. Ancaq bunu özünə demirlər. Bəstəkara hiss etdirmədən pəhrizinə riayət etməyə başlayırlar".

Erməni həkimin "müalicə"si bəstəkarın ölümünə səbəb olur

Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik yenə də özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Onu dərhal xəstəxanaya yerləşdirirlər. "Leçkomissiya"da Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir: "Həmin həkim Üzeyir bəyə çox kəskin pəhriz yazır, eyni zamanda insulin iynəsi də vurur. Ramazan müəllim isə bu xəstəliklə bağlı məqalələrdə oxumuşdu ki, insulin iynəsi vurulanda pəhriz saxlanmamalıdı. Ancaq erməni həkim hər ikisini tətbiq edir. Və bu əks müalicə nəticəsində Üzeyir bəy 1 ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Vəziyyətinin çox ağırlaşdığını, kəskinləşdiyini görəndə Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın da həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını təsdiqləyirlər. Hətta deyirlər ki, artıq gecdir, Bakıya çatdıra bilməyəcəksiz. Sonra Ramazan müəllim orda bir yaşlı həkim tapır. O həkim də müalicənin düzgün aparılmadığını deyir. Amma onu da əlavə edir ki, əlinizi üzməyin, elə dərmanlarla müalicə edəcəm ki, nəinki Bakıya aparacaqsız, hətta üç ay da yaşayacaq. Qatarla Bakıya gəlirlər. Mərdəkanda hökumət bağında o həkimin yazdığı müalicə tətbiq olunmağa başlayır. Müxtəlif həkimlər təyin edilir. Mircəfər Bağırov şəxsən özünün Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında Üzeyir Hacıbəylini öz evinə gətirirlər. Onda artıq 6 il idi ki, yeni tikilən monolit binanın 4-cü mərtəbəsindəki 6 otaqlı evində yaşayırdı. Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında elə həmin evdə vəfat etdi".

...Beləcə, bir neçə dəfə ölümdən qurtulan Üzeyir bəyi bu dəfə heç kim xilas edə bilmir. Bacarıqsız erməni musiqiçilərinin ədalətsiz hərəkəti nəticəsində yaranan xəstəlik və o xəstəliyi "müalicə edən" erməni həkimi nəhayət ki, bu dahi şəxsiyyətin ölümünün baiskarı olur. Amma bu, sadəcə olaraq cismani ölüm idi. Üzeyir Hacıbəyli ölməyib, ölməyəcək də. O, hələ də sağdır. Professional Azərbaycan musiqisinin, milli opera, operetta, musiqili komediya janrının, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı, banisi kimi. O, hələ də sağdır. Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas alim, müəllim-ustad kimi. O, hələ də sağdır. Yüz il keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş, həmişə aktual yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturq, Azərbaycan SSR-in və müstəqil Azərbaycanın dövlət himnlərinin müəllifi, əsl ictimai xadim kimi. O, hələ də sağdır, yaşayır və əbədi yaşayacaq. Sadəcə olaraq Azərbaycan musiqisinin atası, dahi Üzeyir Hacıbəyli kimi...

Maraqlı     Baxılıb: 74440   Tarix: 03 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

turlar.az

sonxeber.az qadin dunyasi gozel gorunmek hamilelikde qidalanma toy gecesi yuxuyozmalar displaziya terminlər novruz hakısdası aslan yemek reseptleri veten seirleri vusale elizade