Həsən bəy Zərdabi`nin həyat və yaradıcıllığı

Həsən bəy Zərdabi`nin həyat və yaradıcıllığıMüasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu "Qafqaz müsəlmanlarının atası", "Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası", "Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi", "Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı" kimi epitetlərlə təqdir etmişdilər. Bu, səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi. "Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur" deyən böyük maarifçi inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini əfsanəvi Danko kimi məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırmışdı.

Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamaq qismətinə nail olmuşdu. Ömrünün son günlərində — dili söz, əli qələm tutmayan anlarında belə uğrunda çalışdığı müqəddəs amalı – millətinin maariflənməsi işini öz şəxsi həyatından uca tutaraq belə bir vəsiyyət etmişdi:
"Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin.
Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…".

Həsən bəy Zərdabi XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olub, milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdi. O, maarif və mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş fikir və əməl adamlarından biri idi. Bu mütəfəkkir alim, görkəmli maarifçi, Böyük Qəzetçinin həyat və fəaliyyəti haqda filosoflar, pedaqoqlar, tarixçilər, ədəbiyyatşünaslar tərəfindən qiymətli araşdırmalar aparılsa da, görkəmli fikir adamının zəngin bioqrafiyasında öyrənilməli məsələlər kifayət qədər çoxdur…

Ancaq bir həqiqəti etiraf etməliyik ki, H.Zərdabinin coxcəhətli fəaliyyətində mərkəzi yerli maarifçilik, ana dilində təhsil, qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və özünüdərketmə ideyaları təşkil edir. Lakin bu ideyaların o zaman gerçəkləşməsi elə də asan məsələ deyildi. Çünki H.Zərdabinin qızğın fəaliyyət göstərdiyi XIX əsrin II yarısında bölünmüş Vətənimizin "Azərbaycan" adı xəritələrdən didərgin salınmışdı. Millətin tarixi "türk" adı unutdurulmuş, qurama "tatar" adı da çox hallarda "müsəlman" sözü ilə əvəzlənərək milli mənsubiyyət göstəricisinə çevrilmişdi. Xalq arasında sünni-şiə dini ayrı-seçkiliyi salınmışdı. Belə bir mürəkkəb tarixi şəraitdə xalqa kimliyini anlatmaq, xalqı vahid milli ideya ətrafında toplamaq həyati zərurətə çevrilmişdi…
Bu məsələnin tarixindən bəhs edən böyük türk alimi Ziya Göyalp özünün məşhur "Türkçülüyün əsasları" (İstanbul, 1921) əsərində yazırdı ki, bu zamanlarda Əli bəy Hüseynzadə İstanbuldan, Əhməd bəy Ağayev Parisdən, Əlimərdan bəy Topçubaşov Peterburqdan ali təhsil alaraq Bakıya gəldilər. Onlar əl-ələ verərək azərbaycanlılar arasında hakim olan sünni-şiə çəkişmələrini aradan qaldıraraq, bütün azərbaycanlıları türkçülük və islamçılıq ideyaları ətrafında birləşdirməyə çalışırdılar.

Bu fikri davam və inkişaf etdirən görkəmli tarixçi alim Cəmil Həsənli məqalələrinin birində yazır ki, xalqımızın bu üç fikir nəhənginin çiyinləri üzərində Azərbaycan xalqı islam ümmətçiliyi ilə vidalaşıb türk millətçiliyinə, oradan da milli azadlıq ideyasına tarixi keçid etdi. Bu tarixi keçidin əsas ideoloqu Həsən bəy Zərdabi idi. Fikrimizcə, çox dəqiq və sərrast deyilmiş fikirdir....
Mətləb aydınlığı üçün bir tarixi faktı yada salmaq yerinə düşər ki, həmin Azərbaycan ziyalıları məhz Həsən bəyin məsləhəti və böyük mesenat Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıda bir araya gəlmişdilər. Məhz Hacının maddi dəstəyi ilə çap olunan mətbuat orqanlarında ("Kaspi", "Həyat", "Füyuzat", "İrşad" və b.) və digər sahələrdə Böyük Maarifçi ilə çiyin-çiyinə çalışmışdılar…
Həqiqətən, Həsən bəy Zərdabi sonralar "milli dövlətçilik tarixinin qızıl mərhələsi" sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnən milli-siyasi dirçəliş ideologiyasının-türkçülük, qərbçilik, islamçılıq ideyalarının formalaşmasında müstəsna rol oynamış ictimai xadim idi. Gələcəkdə Cümhuriyyəti quran ziyalıları — ideya yetirmələrini ətrafına toplayan böyük ideoloji rəhbər idi.
Görünür, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin dövlət quruculuğunda mənəvi ataları hesab etdikləri Həsən bəy Zərdabinin maarifçilik ideyalarındakı anadilli təhsilə, qadın təhsilinə üstünlük vermələrinin nəticəsi idi ki, bu dövrü tədqiq edən Qərb tarixçiləri bu dövləti düzgün olaraq "Ziyalı höküməti" adlandırırlar…

Həsən bəy Səlim bəy oğlu Məlikzadə (Məlikov) – Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Atası Səlim bəy, babası Rəhim bəy dövrünün açıqfikirli, müasir düşüncəli ziyalılarından idi. Onlar məktəblərdə dünyəvi elmlərin öyrədilməsinə üstünlük verirdilər. Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyata o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu (bu diplom təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilirdi) ilə bitirən ilk azərbaycanlı olur. Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb edir, bu sahə üzrə onun məsləhətçisinə, dostuna çevrilir. Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki Vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xalqı qarşısında xristian qızına evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina edir. Böyük arzularla Vətənə dönən Həsən bəy bir müddət Tiflisdə torpaq palatası, Bakıda quberniya idarəsi və Qubada məhkəmədə çalışsa da, ciddi çətinliklərlə, hətta həyatına sui-qəsdlə üzləşir, yenidən Bakıya dönür.

Həsən bəyin həyatında onun gələcək ömür yolunu müəyyən edən tarixi hadisə baş verir. Belə ki, 1869-cu ildə böyük çətinliklə Bakı realni gimnaziyasına təbiət tarixi müəllimi təyin olunur. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmaqdan yorulmazdı. Günlərin birində bir dəmirçi uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya düzəldir. Lakin uşağa dəftər-qələm almaqda çətinlik çəkən həmin dəmirçi Həsən bəyə şikayət edib bu işə görə onu tənbeh edir. O, dəmirçiyə məsləhət verərək "Çəkic-zindanını, palaz-paltarını sat, amma oğlunu oxut" demişdi. Əslində o, bununla azərbaycanlılara övladının təhsili üçün pul xərcləməyi öyrətmək istəyirdi… Həsən bəy uzun ayrılıqdan sonra Bakıya dönəndə həmin dəmirçinin oğlu ali təhsilli məhşur həkim olmuşdu. Fərhad Ağazadə 1925-ci ildə H.Zərdabi haqda yazdığı xatirələrində həmin həkimin ahıl yaşlarında olduğunu yazırdı...

Digər bir oxşar maraqlı əhvalatı Həsən bəyin qızı Qəribsoltanın xatirələrindən öyrənirik. Belə ki, bir gün Qubadan Seyidov soyadlı bir oğlan uşağı "Kaspi" redaksiyasına Həsən bəyin yanına gələrək oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu "Azərbaycanın Lomonosovu" adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas kimi yetişir…

Belə faktlar yüzlərlədir. Ümumiyyətlə, Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu. Səfər zamanı toplanan 1600 manat banka yatırılır və onun gəliri ilə 2 yoxsul və kimsəsiz şagirdin təhsilhaqqının ödənilməsi təmin edilmişdi. Həmin dövrdə subay olan Həsən bəy evində cəmiyyətin pansionunu təşkil edir. Lakin yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllim tapmaq zərurəti yaranır…

Həsən bəy Zərdabi 1872-ci ildə "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların siyahısında Hənifə Aslan bəy qızı Abayeva adlı müsəlman qızının adını oxuyur. Həmin qızla tanış olmaq məqsədilə təcili Tiflisə yollanır. Həsən bəy qızı tapır, bəyənir və ona evlənmək təklif edir. Şimali Qafqazda yaşayan türk xalqlarından olan balkar qızı Hənifə xanım onun xoşniyyətli təklifini qəbul edir. Məktəbə dəvət olunan molla tərəfindən kəbin kəsilir. Bununla da Həsən bəy müsəlmanlar arasında ilk olaraq valideynlərin razılığı olmadan gənclərin müstəqil evlənmə, ailə qurmaq ənənəsinin əsasını qoyur…

Təhsilli gənc xanımla Bakıya dönən Həsən bəy öz mənzilində 2 kimsəsiz və yoxsul uşağın tərbiyəsi və məktəbə hazırlığı işini Hənifə xanıma həvalə edir. Tezliklə uşaqların sayı 10-a çatdırılır. Lakin ianə verənlərin sayının get-gedə azalması səbəbindən "Cəmiyyəti-xeyriyyə" 2 ildən sonra bağlanmalı olur.
Həsən bəy gimnaziyada təhsil alan yoxsul uşaqların təhsilinə kömək məqsədilə yollar arayır və nəhayət onlardan birini tapır… Hələ Tiflisdə işlədiyi zaman "Rusiyada iki böyük türkçüdən biri" (Ziya Göyalp) olan Mirzə Fətəli Axundzadə komediyalar kitabından birini Həsən bəyə hədiyyə etmişdi. Həsən bəyin rəhbərlik və təşkilatçılığı ilə "Hacı Qara" əsərini 1873-cü ildə gimnaziyanın salonunda öz şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Goraninin köməyi ilə (hər iki gimnazist sonralar Moskva Kənd Təsərrüfatı Akademyasını bitirdi) tamaşaya qoyulur. Tamaşadan toplanan vəsait yoxsul şagirdlərin təhsil xərclərinə yönəldilir. Bununla da Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixinin şanlı bir səhifəsinə — ilk peşəkar milli Azərbaycan teatrının yaradılmasına öz əbədi imzasını atmış oldu.

Lakin müsəlmanların teatra həvəslə gəlməmələri Həsən bəyi başqa vasitələrlə yoxsul və kimsəsizlərin təhsilinə yardım üçün vəsait axtarışına məcbur edir. Nəticədə ana dilində mətbuat orqanı – qəzet açmaq ideyası baş qaldırır. Həsən bəy Zərdabi özünün "Həyat" qəzetində çap olunmuş "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində "Əkinçi" qəzetinin yaranması səbəblərini belə izah edirdi:
"Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü-malımıza sahib olurlar…

Belə də nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!...
Belədə qəzetə çıxarmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar… Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar..."

Beləcə böyük amallar — millətin maariflənməsi üçün anadilli qəzetin dəyərini dərindən dərk edən Həsən bəy Zərdabi gərgin mübarizələr və çoxsaylı yazışmalardan sonra qəzetin çapına razılıq alır. 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti "Əkinçi"nin birinji nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bununla da Həsən bəy növbəti "ilk"lərdən birinə — milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Deməliyik ki, qəzetə "Əkinçi" adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlöhvlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi. Başqa sözlə, maarif, təhsil əkinçisi üçün ən böyük meydan, münbit tarla şüurunu milli biganəlik, nadanlıq və cəhalətin "alaq otları" basmış geniş kütlə, savadsız xalq ola bilərdi…

"Əkinçi"nin məram və məqsədləri qəzetdə bu cür təqdim olunurdu:
"Əkinçi" – tərbiyəçi olub xalqın xoşbəxtliyi haqqında düşünür, xalqın maariflənməsinə çalışır;
"Əkinçi" – bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə və insanları işığa, yaxşılığa səsləyir;
"Əkinçi" – bir ayna kimi bütün əyrilikləri göstərir, təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutur;
"Əkinçi" – bir həkim kimi insanları acı dərmanlarla nadanlıq xəstəliyindən müalicə edir ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə tutulmasınlar…

Bəli, "Əkinçi" qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına-xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. "Əkinçi"nin mürəttibi Minasovun donosları nəticəsində "Əkinçi" qapandı. "Əkinçi" bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı… "Əkinçi"nin davamçısı türk dilində ikinci qəzet olan "Tərcüman" (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşıladı...

Həsən bəyin qara günləri başlandı. Düşmənləri onu təqib etməyə başladılar. Günlərin birində Həsən bəyə məlumat verildi ki, sərdarın əmri ilə Yekaterinodara (Stavropola) gimnaziyaya müəllim göndərilirsiniz. Lakin H.Zərdabi "Mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirəm", — deyərək ərizə verib müəllimlikdən istefa verdi… (Çox qəribədir. Tarxin ironiyasına baxın. Stavropola getməkdən imtina edən Həsən bəyin oğlu Midhət bəy Məlikovun ailəsi keçən əsrin 30-cu illərində "qırmızı terrora" məruz qaldı. Özü güllələndi. Ailə üzvləri – həyat yoldaşı Lidiya xanım və qızı Fatma Məlikova Stavropola köçüb orada məskunlaşmaq zorunda qalmışdılar. Həsən bəyin kötücəsi Hacağa Stavropolda tibb təhsili almışdı...)

Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildən doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur. Böyük ömrün bu illəri də doğma xalqa xidmətdə keçir. Mühafizəkarların fitnə-fəsadlarına, acı tənələrinə mərdliklə dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, müxtəlif qəzetlərə məqalələr yazıb göndərir, "Dildə, fikirdə, əməldə birlik" ideyasını, təhsildə yenilikçiliyi təbliğ edən İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetindəki fikirlərin əhali arasında yayılmasını təşkil edir. Lakin düşmənləri onu "şapkalı urus", "sünni Həsən bəy" adlandırıb nüfuzdan salmaq istəyirdilər… Yeri gəlmişkən deməliyik ki, Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə "Müqəddəs Anna" qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına taxmamışdı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdu… Bəli, Həsən bəy rus təhsilli olsa da, milli ruhlu, vətənpərvər ziyalı idi, əsil müsəlman təəssübkeşi idi…

Uzun ayrılıqdan sonra Həsən bəy 1896-cı ildə uşaqlarının təhsilini davam etdirmələri səbəbindən Bakıya köçür. Əvvəl "Kaspi" qəzetində işləməyə başlayır. Çox keçmir ki, Bakı şəhər Dumasına qlasnı (deputat) seçilir, maarif komissiyasının üzvü olur. O, hər zaman Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır, çox hallarda onun müsbət həllinə nail olurdı. Təsadüfi deyil ki, onun deputatlıq vaxtında "Rus-tatar (Azərbaycan)" məktəblərinin sayı üçdən on altıya yüksəlmişdi. Həsən bəy həmin məktəblərdə ana dili tədrisinin həcmini artırmaq uğrunda daim mübarizə aparırdı. Bakıdakı xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda milli ziyalıların bir araya gəlməsində, vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində H.Zərdabinin müstəsna rolu olmuşdu.

Bu dövrdə onun qadın təhsili ilə bağlı ideyalarının gerçəkləşməsi istiqamətində mühüm hadisələr baş verdi. Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi və H.Zərdabinin yaxından məsləhəti ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi ("Tağıyev Qız Məktəbi") açıldı. Bununla böyük maarifçi H.Zərdabinin uğrunda illərlə mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi yaratmaq ideyası reallaşdı. Bu məktəbin açılmasında müstəsna rol oynamış H.Zərdabi həmin məktəbin nizamnaməsini də özü yazmış, məktəbin qəyyumlar şurasının üzvü seçilmişdi. Məktəbin ilk müdiri Həsən bəyin ömür-gün yoldaşı və silahdaşı Hənifə xanım Məlikova – Abayeva təyin edilmişdi…

H.Zərdabinin təşəbbüsü ilə Bakıda müəllimlərin II qurultayı çağırılmış, 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə baş tutmuş, ciddi qərarlar qəbul edilmişdi. II qurultayda Həsən bəy xəstə olduğu üçün iclaslarda iştirak etməsə də, qurultaya təbrik göndərməyi unutmamışdı...
Həsən bəy xəstə olduğu dövrlərdə də xalqın maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməmişdi. Fərhad Ağazadənin xatirələrinə görə, bir gün Üzeyir bəy Hacıbəyov xəstə Həsən bəyi ziyarət edir. Həsən bəy əl işarələri ilə ondan bir opera yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir. 1908-ci ildə "Leyli və Məcnun" operası beləcə yaranır…

Azərbaycan maarifçilik hərəkatının korifeylərindən olan Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də dünyasını dəyişdi. Ertəsi gün böyük izdiham və təntənə ilə Bakıda Bibiheybət qəbiristanlığında dəfn olundu. Azərbaycanın XX əsr tarixində o zaman üçün görünməmiş qələbəliklə keçən dəfn mərasimində böyük maarifçinin cənazəsini çiyinlərində daşıyan insan axını üç yerdə — Bakının məşhur Qasımbəy məscidinin həyətində, "Kaspi" qəzetinin redaksiyasının (redaksiya indiki Sabir bağında yerləşirdi. 1918-ci il mart hadisələrində ermənilər tərəfindən yandırılmışdı) və Bakı şəhəri Dumasının qarşısında dayanmış, Həsən bəyin xidmətləri haqda nitqlər söylənmişdi. Dəfn mərasimində məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Məmmədhəsən Əfəndiyev, İsgəndərbəy Məlikov, Haşım bəy Vəzirov, İsa bəy Aşurbəyov və başqaları nitq söyləmişdilər. Həsən bəy bütün işlərdə olduğu kimi, ölümü ilə də "ilk"inliyini qorumağı bacardı… Bakı şəhər duması Həsən bəyin xatirəsini əbədiləşdirmək üçün şəhər məktəblərindən birinə adının verilməsi, abidəsinin qoyulması və Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrə vermək üçün "Həsən bəy Zərdabi təqaüdü" təsis edilməsi haqqında qərar qəbul etmişdi. Bunlardan yalnız sonuncusu yerinə yetirildi. Belə ki, Moskva Dövlət Universitetinin tələbələri olmuş Mustafa bəy Vəkilov, Tağı bəy Qəniyev, eləcə də Riqa Politexnik İnstitutunda bir müddət təhsil almış Səffət bəy Məlikov həmin təqaüdü almışdılar…

Onu da deyək ki, bu böyük insanın qəbri 1948-ci ildə Bakıda Fəxri Xiyaban yaradılanda ora köçürüldü… Qəbri nurla dolsun!
Bir neçə kəlmə də Həsən bəyin ailə üzvləri haqda. Həsən bəyin həyat yoldaşı Hənifə xanım 1856-cı ildə Nalçikdə anadan olmuş, 1929-cu ildə Bakıda dünyasını dəyişmişdir. Görkəmli maarif xadimi kimi tariximizə imza atmış Hənifə xanım H.Z.Tağıyevin "Qız məktəbi"ndə, Bakı I rus-Azərbaycan məktəbində, Xalq Cümhuriyyəti dövründə I Qadın türk məktəbində müdir, sovet dövründə Bakı şəhər I pillə məktəbində müəllim işləmişdi. 1925-ci ildə "Əkinçi" qəzetinin 50 illiyi ilə əlaqədar Həsən bəy Zərdabinin bioqrafiyasını qələmə almışdı...

Həsən bəyin dörd övladı – iki oğlu, iki qızı olmuşdu.
Böyük qızı Pəri xanımın təhsili barədə məlumatımız yoxdur. O, görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. İki övladı (Ələkbər bəy və Rəşid bəy) vardı. Fransada yaşayıb və orda vəfat edib.
İkinci qızı Qəribsoltan xanım 1889-cu ildə Zərdabda anadan olub, 1967-ci ildə Bakıda rəhmətə gedib. Övladı olmayıb. Görkəmli bəstəkar Rauf Hacıyev və bacısı Adilə xanımın təlim-tərbiyəsində xüsusi xidmətləri olub. Tağıyevin Qız məktəbinin məzunu kimi uzun illər müəllimliklə məşğul olub.
Böyük oğlu Mudhət bəy Moskvada ali texniki təhsil alıb. Ötən əsrin mənfur 30-cu illər repressiyasının qurbanı olub. Onun yeganə övladı 1925-ci ildə anadan olmuş Fatma xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdı. Fatma xanımın oğlu Məmmədəli və nəvəsi Hacağa Bakıda yaşayırlar…

Həsən bəyin kiçik oğlu Səffət bəyin doğum və ölüm tarixləri məlum deyil. O, 1914-17-ci illərdə Riqa Politexnik İnstitutunda oxumuş, Rusiyadakı çevriliş səbəbindən təhsilini tamamlaya bilməmişdi. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə xaricə ali təhsil almağa göndərilən 100 tələbədən biri kimi Almaniyada ali təhsilini 1922-ci ildə tamamlamışdı. Sovet rejimindən qorxaraq vətənə dönə bilməmişdi. Bir müddət Parisdə bacısıgildə yaşamış, sonra İstanbula köçərək, orada da ömrünü başa vurmuşdu. Azərbaycan sovet hökuməti onun "varlı ailədən olduğunu və Ə.Topçubaşovun qohumu" olduğunu əsas gətirərək dövlət təqaüdündən məhrum etmişdi. Hənifə xanım Xalq Komissarlar Soveti və Maarif Komissarlığına müraciət edərək Səffətə təqaüd verilməsini çətinliklə bərpa etdirə bilmişdi…

Ümumiyyətlə, sovet dövründə H.Zərdabinin ailəsi də bu və başqa şəkildə repressiyalara məruz qalmış, adı ilə bağlı hər şey on illər boyu yasaqlanmışdı. Bu böyük maarif fədaisinin təmiz adı və ölməz əməlləri yalnız 1956-cı ildə sovet rejimi yumşalandan sonra özünə qaytarıldı və bəraət aldı… Əsərləri çap olundu, haqqında dəyərli əsərlər yazıldı....

Maraqlı     Baxılıb: 24435   Tarix: 06 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

turlar.az

sonxeber.az hamiləlik adlarin menasi toy makiyaji sekilleri spiral kokeldirmi kesmikli koke hipertoniya xəstəliyi kicik biznes qurmagin yollari xocali hesaplama sevda kokelmek ana haqqinda bayati