Kişilərin gizli bəlası: qəfil infarktın yaxınlaşdığını necə bilməli?
Tanınmış ilahiyyatçı və din xadimi, mötədil islamın parlaq simalarından olan 48 yaşlı Hacı Şahin Həsənlinin ölümü ölkənin təkcə mömin kəsimini deyil, bütövlükdə cəmiyyəti üzdü. Bu, əlbəttə, təkcə dini camiyə üçün yox, ziyalı kəsimimiz üçün də ciddi itkidir.
Hacı Şahinin vaxtsız vəfatı, eyni zamanda, qəfil infarkt məsələsini təzədən gündəmə gətirdi. Bəzi ehtimallara görə, sağlam həyat tərzi keçirən orta yaşlı bir tanınmış insanın birdən-birə vəfat etməsi istər-istəməz şübhələr yaradır.
Ölkəmizdə sevilən, dinlənilən, fərqli və müsbət obrazda qəbul edilən Hacı Şahinin ölümünün rəsmi səbəbi infarktdır. Yaxınları onun sübh namazına qalxarkən ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər. Ancaq ortalıqda şübhə və sual doğuran nüansalar var: Hacı Şahin indiyədək ürəyindən şikayətçi olmuşdumu, həkimə müraciət etmişdimi, müalicə almışdımı?
Məlumdur ki, beynəlxalq şpionajda istifadə olunan modern preparatlar var, onların vasitəsilə arzuedilməz şəxslərin səhhətində geridönməz proseslər başladıla bilir, xüsusilə də həmin preparatlar kəskin ürək çatışmazlığına səbəb olur və özündən sonra heç bir iz buraxmır. Ona görə də son vaxtlar gərginləşmiş İran-Azərbaycan münasibətlərinin fonunda İranın təsir dairəsində olmayan, eyni zamanda böyük tərəfdar kütləsi olan, dövlətçilik mövqeyindən çıxış edən bir din xadiminin qəfil ölümünün İranın kəşfiyyat orqanlarının işi ola biləcəyini düşünənlər var. Sui-qəsd ehtimalını qabardanlar belə hesab edirlər ki, bu məsələdə bir məqam güdülə bilər: İran özünə bağlı olmayan və İranmeyilli dindarların səfini pozan şəxsi aradan götürür (Artıq Yasamal rayon prokurorluğunda araşdırma başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib).
Belə fikir də var ki, ölümcül qəfil infarktlar ən çox 40-50 yaş arasında özünü göstərir. Belədirmi? Kişilərin gizli bəlası olan qəfil infarktın əsas səbəbi nədir - oturaq həyat tərzi, artıq çəki, yanlış qidalanma, pis vərdiş (siqaret və s.), stress, irsilik amil, yoxsa bunların hamısının məcmusu?
Milli.Az bildirir ki, tanınmış kardioloq, professor İdris Xəlilov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, bu yaşda insanların qəfil dünyasını dəyişməsi faciəvi haldır: "Amma onlar müayinə olunsaydılar, bu halların qarşısını almaq olardı, onların qəfil ölümlərin səbəbini araşdırmaq mümkündür. 95 faiz hallarda bunu önləmək olar. Mən həkim kimi təəssüf edirəm ki, dəyərli bir din xadimimizi itirdik, buna çox təəssüf edirəm. Allah rəhmət etsin.
İstənilən bir adam heç bir simptom olmadan, heç bir şikayət olmadan qəfildən ürək xəstəliklərindən dünyasını dəyişə bilər. Çünki infarkt və digər ürək xəstəlikləri həmişə klassik simptomlarla özünü göstərmir. Yaxud bu insanlarda ola bilər ki, simptomlar klassik deyil, tutaq ki, ürək nahiyəsində deyil, qolda, kürəkdə, qarında, hətta barmaqda, çənədə, boyunda ağrılar olur. İnsanlar buna fikir vermirlər. Ümumiyyətlə, ola bilər ki, heç bir simptom olmasın. Hətta anadangəlmə qüsurlu ola bilər. Yaxud ciddi ritm pozğunluğu ola bilər, bu, həyat üçün ciddi təhlükə yarada, ani, qəfləti ölüm baş verə bilər. Müayinə olarsa, daha dəqiq cavab vermək olar.
Əlbəttə, bəzi toksiki maddələr də qəfil ölümə səbəb olsur. Hətta adi bir zəhərlənmələr zamanı. İnsanlar müəyyən dərmanlar, fosfor orqanik birləşmələr və sair içərsə, bu hal baş verə bilər. Həmçinin yüksək dozada spirtli içkilər qəfil ölümə səbəb ola bilər. Digər toksiki maddələr bunu yarada bilir. O da məlumdur ki, bəzən insanlara ölümə səbəb olacaq müəyyən dərmanlar verilə bilər. Bunu yalnız hüquq-mühafizə orqanları araşdıra bilər".
Həkim əlavə edib ki, infarkt adətən 35-40-50 yaş arasında insanların həyatına son qoyur: "Təkcə infarkt yox, digər ürək xəstəlikləri də var. Sadəcə, el arasında infarkt deyilir. Yaxşı olardı ki, müayinələr olsun. Axı bizim ölkəmizdə hər bir kənddə belə kardioloji müayinələr aparmaq mümkündür. Çox yaxşı olardı ki, insanlar heç olmasa, ildə bir dəfə, hətta şikayətləri olmasa belə, yoxlanardılar. Belə olan halda minlərlə insan ölümünün qarşısını almaq olardı. Təcrübəmizdə minlərlə insanın gizli infarkt, ürəyin başqa xəstəliklərini aşkarlayıb, onlara kömək etmişik. Azərbaycanda artıq böyük həkim briqadası, peşəkar həkimlər var".
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı "Yeni Müsavat"a bildirdi ki, biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda dövlətlər səviyyəsində, fərdlər səviyyəsində çox sayda təxribatlar baş verir: "Bəzən adi yanğın hadisəsi baş verir, jurnalistlər sual verir ki, bu, Rusiyanın, yaxud da İranın dövlət təzyiqi ola bilərmi. Halbuki adi bir qaz partlayışından baş verib. O ki qaldı, Hacı Şahinin vəfatının İranla əlaqələndirilməsinə, İran onda gərək Azərbaycanda da yüzlərlə adam öldürəydi. Əvvəla, Hacı Şahinin heç bir siyasi iddiası yox idi. Düzdür, onun perspektivli statusu var idi, bilirdik ki, perspektivdə ən yüksək din xadimi ola bilərdi, hansı yüksək status var idisə, onu tuta bilərdi. Yəni ən real namizəd o idi.
Fikrimcə, cəmiyyətdə şübhələrin yaranması təbiidir. Həm Hacı Şahinin yaşı, həm onun mövqeyi bəzən insanı düşündürür ki, bu, təxribatın, qətlin hədəfi ola bilərmi? Əlbəttə, belə bir şübhələr var. Baxın, Türkiyədə zəlzələ olub, bəzilərində belə fikir var ki, bunu Amerika törədib, hələ də beyinlərindən çıxmır ki, bunu Ərdoğana təzyiq etmək üçün törədiblər. Bizdə də belə bir fikir yaranıb. Bu şübhəni aradan götürmək üçün nə etmək lazımdır? Hazırda prokurorluqda araşdırma aparılır, amma bununla paralel əməliyyat işi aparılmalıdır. Siz dediyiniz məsələ sadəcə, Prokurorluğun istintaq işi ilə əmələ gələ bilməz, bununla nəticə əldə etmək mümkün deyil. Prokurorluq həkimlərin mövqeyinə əsaslanacaq, onlar da konkret deyəcəklər ki, ürək tutması olub. Həmin o modern aparat məsələsini prokurorluq üzə çıxara bilməz. Yalnız xüsusi xidmət orqanı özünün əməliyyat işləri ilə bir neçə versiya irəli sürür, hər bir versiya üzərində işləyir, sonuncu şübhəli görünən məsələ ya təsdiq olunur, ya da inkar olunur. Yəni İran belə bir aparatı necə sərhəddən keçirə bilib. Rəhmətliyin son dövrlərdə kimlə əlaqəsi olub, hansı insan münasibətləri olub. Yenə deyirəm, bu işlərə istintaqla deyil, əməliyyatla aydınlıq gətirilə bilər.
Mən də bu məsələyə aydınlıq gətirilməsini vacib sayıram, ona görə ki, bu şübhə uzun müddət müzakirə mövzusu olacaq. İnsanlarda belə bir təsəvvür yaranacaq ki, kim istəsə ona bu aparat vasitəsilə təsir edəcək, bir aydan sonra o öləcək. Düzdür, biz zəhərlənmələri bilirik, iynə vurmaqlarını bilirik. Hətta belə məsələlərdə toxunmaqlarını belə bilirik. Rusiyanın müxalifəti olan Navalnıyə qarşı zəhərlənməni törətmişdilər. Londonda yaşayan orqan işçilərini və bunun əleyhinə olanları da zəhərləmişdi. Amma modern preparat və onun təsirini ilk dəfədir eşidirəm. Yenə deyirəm, burada təbii şübhələr var, mənim fikrimcə isə belə deyil".
Qeyd edək ki, deputat, tibb elmləri doktoru, ürək və damar cərrahı Rəşad Mahmudov ötən gün sosial şəbəkədəki şəxsi səhifəsində paylaşımında bunları yazıb: "Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi həqiqətləri sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr gün-gündən artacaqdır. Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrlə ürək şikayətləriylə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə gündüz saatlarında yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sendrom) xəstəxanaya yatması bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə Troponin dəyəri normadan yüksək çıxıb".
R.Mahmudov daha sonra əminliklə bildirib: "Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, "gəlirəm" deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib. Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir sui-istimal və s. var isə hadisəyə aydınlıq gətirəcək".
Milli.Az / news.milli.az