Dünyadakı maraqlı toy adət-ənənələri
Dekabrın 26-da Türkiyədə maraqlı toy olub. Jurnalist bəyə toyunda qızıl, pul yox, klaviatura hədiyyə edilib.
XANIM.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, Veysel Karahan və Figen Kesmezin toyunda bəyin həmkarlarının hədiyyəsi gülüşə səbəb olub. Bəy deyib ki, onun işkolik olduğunu və klaviaturadan ayrı yaşaya bilməyəcəyini deyən həmkarları bu formada kreativlik ediblər. "Ola bilər ki, qızıl taxmamaq üçün belə bir üsula baş vurdular" deyə, zarafat edən bəyin həyat yoldaşı da bu hədiyyə qarşısında çaşqınlıq keçirib: "Məncə, klaviatura hələ azdır. Belə gecə-gündüz çalışan birinə monitor da taxılmalı idi".
Biri göy üzündə evlənib, o biri sevgilərinin başladığı həbsxanada
Bu hadisə biz jurnalistlər üçün olduqca maraqlı idi. Amma "Yeni Müsavat"ın araşdırması zamanı məlum oldu ki, dünyada bundan qat-qat maraqlı toylar olub. Xüsusən sürpriz və yaradıcılığı sevən insanlar toy günlərini rəngarəng etmək üçün hər cür vasitəyə əl atıblar.
Fotoların müşayiəti ilə sizə ən maraqlı toyların hekayəsini təqdim edirik. Çində bir cütlük su altında evlənib. Rusiyada isə məhkum olduğu zaman aşiq olan bir cütlük sevgilərinin başladığı həbsxanada evləniblər. Cənubi Koreyada bir cütlük toy öpüşünü göy üzündə edib. Çində 10.10.2010 tarixində minlərlə cütlük eyni anda evlənib.
İnkişaf etmiş olsalar da, hərəsinin bir adəti var
İspaniyada toy zamanı gəlinin atası bəyə saat verir. Bəy isə gəlinə "arras" adı verilən 13 ədəd qızıl pul verir. Bu ritual onların varlılıqlarını və gələcəkdə qazanacaqlarının paylaşılmasını təmsil edir.
Yunanıstanda gəlinlər pis ruhları qovmaq məqsədilə qırmızı və ya sarı tonlarda duvağa bənzəri örtülər taxırlar. Bundan başqa, toy yatağında da körpə oğlanların yataqda hoppandırılması kimi adətləri var.
Çində toy keçirmək üçün bir astroloji mütəxəssisinin gəlin və bəyin doğum tarixinə, saatına baxaraq şərh verməsi lazımdır. Əgər qoroskoplar uyğun görürsə, toy hazırlıqları başlayır. Gəlinin yanındakı rəfiqələr isə qoroskopa uyğun olan şəxslərdən seçilir.
Toydan əvvəl bəy evlilik yatağını hazırlayaraq üstünü müxtəlif meyvə və quru çərəzlərlə bəzəyir. Ailənin kiçik uşaqları yatağın üstünə oturdulur və bu yeməklərdən dadmalarına icazə verilir. Yatağın üstündə nə qədər çox uşaq olarsa, demək, yeni evlənənlərin də çox uşağı ola bilər.
Braziliyada gəlinin evlənməmiş rəfiqələri gəlinliyin iç hissəsinə adlarını yazaraq ən yaxın zamanda uyğun bir ər tapacaqlarna inanırlar. Bundan başqa, toy bir şirniyyat olan bem-casado adlı yeyəcək olmadan keçməz. Yaponiyada toy ənənələrindən birincisi kimono geyinmiş gəlin və bəyin sake, ya da san-san-kudo paylaşımıdır. Ardınca gəlin və bəy üç fərqli kasadan düyü yeyirlər.
Pakistanda bəy namizədi qız tərəfinin çətin sınaqlarndan keçmək zorundadır. Bu sınaq qız tərəfinin bəyə ağlına gələ biləcək bütün həqarət və söyüşləri deməsini nəzərdə tutur. Bəy isə bütün bunlara dözə biləcək qədər soyuqqanlı olduğunu göstərməyə məcburdur. İmtahandan uğurla keçən bəy evlilik icazəsini almış olur.
Toy günü gəlini öncə çirkləndirir, sonra çimizdirirlər
Çexiyada isə bəyin yaxın dostları gəlini qaçıraraq bir yerdə gizlədirlər. Bəyin gəlini tapması onu həmişə qoruyacağı mənasına gəlir. Toyun sonunda gəlinin duvağı və bəyin ayaqqabıları qonaqlar arasında gəzdirilir. Sonuncular da cütlüyün bal ayı səfəri üçün ayaqqabı və duvağın içinə pul qoyurlar. Bir növ bizdəki nəmər yazdırma burda ayaqqabı gəzdirmə formasında davam etdirilir.
Almaniyada isə qonaqlar toyda cütlüyün üstünə düyü səpir ki, bu da bərəkəti xarakterizə edir. Gəlinin saçında qalan düyü dənələrinin sayı onların gələcəkdə neçə övladının olacağını göstərir. Bundan başqa, toyda gəlinin rəfiqələri hansı yolla olur-olsun, onun ayaqqabısını oğurlamağa və altına ilginc nəsə yazmağa cəhd göstərirlər. Kilsə mərasimindən sonra isə bəylə gəlin birgə kötük kəsirlər ki, bu da gələcəkdə yaşayacaqları çətinliklərə necə sinə gərəcəklərini simvolizə edir.
Şotlandiyada gəlin toydan bir gün əvvəl küçəyə çıxarılaraq çirkləndirilir. Yumurta və tomat pastası bir-birinə qarışdırılaraq, gəlinin üstünə yaxılır. Amma oğlan evi bununla da sakitləşmir. Gəlini bu görkəmdə bütün şəhər boyu gəzdirirlər ki, hamı görsün. Gecə isə ailə böyükləri gəlinin ayaqlarını yuyurlar. Bu ənənə cütlüyün arzuolunan təmizliyini, xoşbəxtlik yolunda birgə addımlamalarını simvolizə edir.
Toyda bəy-gəlini öpmək üçün dava, qayınata ilə mübahisə və daha nələr
İsveç toylarında isə qonaqlar gəlinlə bəyi öpmək üçün rəsmən yarışa girir. Əgər toyda gəlin ayaqyoluna gedərsə, bütün qadın qonaqlar bəyi, bəy ayaqyoluna gedərsə, kişi qonaqlar gəlini öpməkdən ötrü növbəyə düzülərlər.
Polşa toylarında gəlinlər pul qarşılığında oynayırlar. Və son dayanacağımız Hollandiyadır. Bu ölkədə əgər gəlinin atası oğlanı bəyənmirsə, gəlinə cehiz verilmir. Gəlinin ən yaxın dostu ona lazım olan əşyaları məcburən almalıdır. Toyda bəylə gəlinin masasının yanına bir ağac yerləşdirilir və qonaqlar öz arzularını yazaraq, ağacın budaqlarından asırlar.
Fransada toy günü bəy öz gəlinini evdən götürür və kilsəyə piyada gedirlər. Kilsəyə gedən yolda isə kiçik uşaqlar onların qabağını kəsərək əllərindəki lentləri kəsmələrini istəyirlər.
Hindistanda toy günü bəy qayınanası tərəfindən qarşılanır və elə onun tərəfindən də ayaqları yuyulur. Ardınca süd və bala qonaq edilir. Mərasim zamanı isə bəylə gəlin müqəddəs atəşin ətrafında 4 dəfə fırlanır və daha sonra stollarına tərəf qaçmağa başlayırlar. Qədim inanclara görə, kim birinci oturursa, evdə də onun sözü keçəcək.
Bosniyada isə qız evinə elçiliyə gələn oğlan ailə böyükləri ilə bu izdivac barədə mübahisəyə girişir. Hörmət çərçivəsini aşmayıbsa, sonda "hə" cavabı olaraq ona şirin qəhvə təqdim olunur. Əks halda, acı qəhvəsini içərək evi tərk edir.
Kosovoda isə adət-ənənəyə görə, qədim gəlin paltarı geydirilən gəlinin üzü ağ boyalarla boyanır, üstünə isə keçmişə aid naxışlar vurulur. Bu, toy mərasiminin düşərli olması üçün hesablanıb. Amma həmin gün tanış və yad adamların gəlini tanıması qeyri-mümkün olur. Üzü ağ boyalı və naxışlı gəlin çoxlarının gülüş hədəfinə çevrilir.
Cənubi Koreyada bəylərin günü lap ağlamalıdır. Hələ lap qədim zamanlarda onlar qız evinə ağ atda, bellərində isə qaz daşıyaraq gedərdilər. İndi isə diri qazın əvəzinə simvolik olaraq taxta qaz aparırlar. Bundan başqa, toydan sonra ailə böyükləri cütlüyün evinə bir cüt taxta ördək yerləşdirir. Ördəklər düz dayanırsa, bu yeni ər-arvadın yaxşı yola getdiyini, əyri dayanırsa, yola getmədiyini göstərir.
Pakistanda isə evlənmək istəyən oğlanı daha böyük təhlükələr gözləyir. Qız evinin ağsaqqalları bəy namizədini imtahandan keçirməyə qərar verir. Bu imtahan isə ailə böyüklərinin oğlana ağla gələ biləcək və bilməyəcək bütün təhqir və söyüşləri ünvanlamasıdır. Oğlan bütün bunları soyuqqanlılıqla qəbul edə bilirsə, sevdiyi qızla evlənməyə də haqq qazanır. Pakistanlılar bununla oğlanın böyük-kiçiyə sayğısını, habelə baş verə biləcək hansısa insidentdə səbirli olub-olmadığını yoxlayırlar.
Mavritaniyada evlənmə yaşına gələn qızların ən azı 60, ən çoxu isə 100 kilo olması lazımdır. Yemək yeməyən qızlar cəzalandırılır. Ona görə də ərə getmək istəyən qız mütləq ya pəhriz saxlamalı, ya da bol-bol yemək yeməlidir.
Cənubi Koreyada qızlar 25, oğlanlar isə 27 yaşına çatmadan evlənə bilməz. Bu ölkədə əsgərliyə getməmiş oğlanın evlənməsi qanunla yasaqlanıb.
f Paylaş