Turşunu evdə hazırlayaq, yoxsa hazır alaq?

Turşunu evdə hazırlayaq, yoxsa hazır alaq?Soyuq aylarda yay və payız mövsümü boyunca qış tədarükü üçün hazırlanan turşular süfrələrimizi bəzəyir. Havaların sərinləşməsi turşu mövsümünün başlamasından xəbər verir. Adətən, ilin bu vaxtlarında kələm, pomidor, xiyar, çuğundur, sarımsaq, göy pomidor və sair həm bol, həm də ucuz olur. Amma bu il vəziyyət fərqlidir. Bazarlarda nə əvvəlki bolluq, nə də ucuzluq müşahidə edilir. Demək olar ki, ötən illə müqayisədə qiymətlər iki dəfə artıb. Bəs, görəsən, mövcud vəziyyət turşu bazarına necə təsir göstərib? Qiymətlər hansı səviyyədədir? Evdə turşu hazırlamaq, yoxsa bazardan, marketdən almaq daha sərfəlidir?
Milli.Az bildirir ki, "Kaspi" qəzetinin yazısında bu və digər suallara cavab tapmaq mümkündür.
Azərbaycan mətbəxində adətən pomidor, kələm, xiyar, badımcan, bibərdən hazırlanan turşulara üstünlük verilir. Turşu üçün lazım olan ərzaqların qiymətinə gəlincə, hazırda bazarlarda kələmin bir kiloqramı 70 qəpiyə, çuğundur 90 qəpik-bir manata, kök 1-1.20 manata, sarımsaq 5-6 manata, göy pomidor 1.60-1.80 manata, badımcan 70 qəpik-bir manata, pomidor 1.80-2.80 manata, xiyar 65 qəpik-bir manata, acı bibərin kiloqramı 2 manata, şirin bibərin kiloqramı isə 2.50-3.50 manata təklif olunur. 450 millilitr üzüm sirkəsinin qiyməti isə 80 qəpikdən başlayır.
Yeddi ilə yaxındır ki, turşu biznesi ilə məşğul olan ev xanımı Sədaqət Seydimova da qiymətlərdən narazıdır. Onun sözlərinə görə, məhsulların bahalığı turşuların hazırlanmasına çəkilən xərci xeyli artırıb: "Bu il bazarda əvvəlki illərdəki bolluq yoxdur. Məhsul aldığım topdansatış yerləri də rayonlarda malın az olduğunu deyirlər. Ötən il 30 kiloqramlıq pomidor yeşiyini 11-12 manata alırdımsa, bu il 35 manatdan almışam. Hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib. Məhsul az olduğundan qiymət də bahadır. Nəticədə turşu hazırlanmasına çəkilən xərc artıb".
Amma həmsöhbətimiz qeyd edib ki, qiymətlərin baha olmasına baxmayaraq, turşunu evdə hazırlamaq daha sərfəlidir: "Marketlərdə, bazarlarda qiymətlər gündən-günə bahalaşır. Elə məhsullar var ki, onların turşusunu evdə hazırlamaq sərfəlidir. Məsələn, üç kiloqramlıq kələm turşusunu hazırlamaq üçün xanımlara təxminən 4-5 manat lazımdır. Amma mağazalarda bu məhsul 10-12 manata təklif olunur. Həm də mağazadan alınan məhsul evdə hazırlanan qədər ləzzətli olmur".
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, evdə konservləşdirilmiş məhsul hazırlamaq istəyənlər bir sıra məqamlara diqqət etməlidirlər: "Evdə hazırlanan konservləşdirilmiş məhsullar üçün seçilən meyvə-tərəvəz mütləq şəkildə mövsümi və yerli olmalıdır. Heç bir halda xarab və ya əzilmiş olanlardan istifadə etmək olmaz. Konservləşdirmə üçün istifadə olunan qab xüsusilə şüşə banka olmalı, təmiz şəkildə yuyularaq steril edilməlidir. Qapaqlar daxildən qalaylanmış şəkildə və təzə olmalıdır. Həmçinin, həmin tərəvəzlərdən turşu qoyularkən mütləq şəkildə onun hazırlanma prosesində iştirak edən insanın sağlamlıq durumu, əlləri gigiyenik qaydada təmiz olmalı və açıq yara olmamalıdır".
Ekspert vurğulayıb ki, evdə hazırlanan turşular sərin, qaranlıq, quru yerdə uyğun şəkildə saxlanmadıqda qapaqda şişmələr olur və həmin məhsulu qətiyyən istifadə etmək tövsiyə olunmur: "Bəzən bu kimi məhsulların qapağını açarkən üzərində kiflənmiş möhtəviyyat olur və onu təmizləyib yenidən istifadə edirlər. Bu, birmənalı şəkildə yolverilməzdir. Əgər bankanın hər hansı bir hissəsindən məhsul kiflənibsə, bu, məhsulun tamamilə istifadəyə yararsız olduğunu göstərir. Həmin məhsulun tərkibində olan klostridium botulinum adlanan maddə var ki, bu, çox toksik təsirə malikdir, hətta ölümə qədər gətirib çıxara bilər".
Qida texnoloqu Ağa Salamov isə turşu hazırlığına ehtiyac görmür. Onun fikrincə, artıq ilin bütün fəsillərində satışda təzə tərəvəzlər olduğundan turşudan istifadəyə ehtiyac qalmır: "O vaxt turşuları mövsümi meyvələr olmadığı üçün bağlayırdılar. İndi ilboyu marketlərdə pomidor, xiyar və digər tərəvəzlər satılır. Ona görə də onların turşusunu bağlamağa ehtiyac yoxdur. Ola bilər ki, kimlərsə duzlu qidaları sevir. Həmin insanlar turşu tədarükü görə bilərlər. Amma nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə qiymətlər bahalaşıb. Bu, inflyasiya ilə bağlıdır. Xüsusilə istixanalara çəkilən xərclər artıb. Petsitlərin qiymətinin baha olması, dərmanlama prosesinə çəkilən xərclər istixanalarda yetişdirilən tərəvəzlərin qiymətini artırır. Nəticədə bazarda qiymət artımı müşahidə olunur. Bu, turşuların hazırlanmasına çəkilən xərcləri artırır".
A. Salamov bu fikirdə olsa da, ev şəraitində turşu tədarükünün tərəfdarıdır: "Təbii ki, marketdən, bazardan almaq daha az xərc tələb edir. Əslində, qida təhlükəsizliyini nəzərə almaqla, mən evdə turşu qoyulmasının tərəfdarıyam. Düzgün texnologiya və saxlanma, qapaqların kip şəkildə bağlanılması şərti ilə ev şəraitində hazırlanan turşu daha ləzzətli və dadlı olur. Sənaye üsulu ilə qoyulan turşular da yaxşıdır. Bu turşular daha təhlükəsiz hesab olunur, çünki hazırlanma prosesinə texnoloqlar tərəfindən nəzarət edilir. Qida təhlükəsizliyi baxımından da etibarlı sayılır. Qiymətlərə gəlincə, evdə turşu hazırlamağın sənaye üsulu ilə hazırlanan məhsullara nisbətən maliyyəsi daha yüksək olur. Evdə biz tonlarla turşu hazırlamırıq, amma turşu istehsalı ilə məşğul olan zavodlar xammalı tonlarla aldığından daha ucuz qiymətə əldə edirlər. Bu baxımdan maliyyə xərcləri aşağıdır, satış qiymətləri də münasib olur. Evdə hazırlanmanın əziyyətini də nəzərə alsaq, tövsiyə edərdim ki, marketdən alsınlar. Lakin kimsə əziyyət çəkmək istəyirsə, xərclərə baxmayaraq evdə hazırlaya bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 22 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib. xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

turlar.az

geymler 2026 qis geyimləri 2026 gelinlikler qarazire faydalari saclarin yigilmasi xinayaxdi bayati qonaq otaqi dizayni kosmetika oxatan webnem tovuzlu novruza aid hakista hakışda novruz bayrami