"Azərbaycandan 3 milyon oğlan gedirsə, deməli, bir o qədər qız evdə qarıyıb qalır" - Deputat
Milli Dirçəliş Hərakatı Partiyasının sədri, deputat Fərəc Quliyev BiG.AZ-ın suallarını cavablandırıb.
- Fərəc bəy, bilirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərə görə sizə müraciət edirlər?
- Bəzən belə düşünürlər ki, deputatlar hansı rayondan seçiliblərsə, o rayonu təmsil edirlər. Milli Məclisin deputatları seçildiyi bölgədən asılı olmayaraq bütün Azərbaycanı təmsil edir. Təbii ki, ölkə boyu bütün problemlərlə də məşğul oluruq. Mənə ölkənin hər yerindən müraciətlər olur. Keçmiş döyüşçü olduğum üçün əsasən keçmiş hərbiçilər, veteranlar da mənə müraciət edir. Əlbəttə, onlarla münasibət xoşdur. Onların çoxlu problemləri var idi. Amma son zamanlar bu problemlər müəyyən qədər azalıb. Köməkçim və ya mən özüm hər həftə bir məhəllədə oluruq. Bizi heç kim dəvət etmir. Özümüz gedib, problemlərlə maraqlanıb, şikayətlərini qəbul edirik. Bundan əlavə mütəmadi olaraq Milli Məclisdə onların müraciətləri, məktubları, görüşləri olur. Hər həftə qəbul günlərimiz olur. Mənim hətta mobil telefon nömrəm hər kəsdə var. Xeyli müraciətlər olur. Əsaslı, əsassız, həlli mümkün və ya mümkün olmayan müraciətlər olur. Əsas odur ki, o müraciətlərə laqeydlik olunmur.
- Daha çox hansı qurumların fəaliyyətsizliyi ilə bağlı müraciətlər olur?
- Onu qruplaşdırmaq mümkün deyil. Əhalinin daha çox sosial məsələlərlə, işlə, məşiətlə bağlı kiçik istəkləri olur. Təbii ki, o problemlərin bir çoxunu yerli idarəetmə strukturları həll etməlidir. Əhalinin 25-30 faizi öz hüquqlarını və problemləri ilə bağlı hansı quruma müraciət etməli olduğunu bilir. Bəzən deputata aid olmayan məsələlərə görə də müraciət edirlər. Lakin biz onları da geri qaytarmırıq. Onları lazımi strukturlara yönəldirik. Çalışırıq ki, onlara kömək edək. Amma əsasən işsizliklə bağlı müraciətlər çox olur.
- Son zamanlar deputatlarımız və digər nüfuzlu şəxslər sosial şəbəkələrdə söyülür və təhqir edilir. Bununla necə mübarizə aparmaq olar?
- Sosial şəbəkə paylaşma yeridir. İnsanlar qrup şəklində elmi, humanitar məsələləri, şairlər öz şeirlərini və s. bölüşə bilirlər. Bu sosiallaşmadı. Təəssüf ki, bizdə bu başqa istiqamətə yönəldilib. Bəzi insanlar bu sistemdən istifadə edərək başqalarını təhqir edirlər. Bu davranışın siyasətlə heç bir əlaqəsi yoxdur. Bu daha şox tərbiyə, mənəviyyat məsələsidir. Birisinin davranışından, fəaliyyətindən razı olmaya və təndiq edə bilərsən. Amma opponentinin ailəsinə və şəxsiyyətinə toxunan söz deyilirsə bunun siyasətlə əlaqəsi yoxdur. Təbii ki, bu qınanılmalıdır. Hesab edirəm ki, vicdan, ictimai qınaq da mühümdür. Amma söyüş söyən varsa təbii ki, vicdan və ictimai qınağı göz önünə alıb. Bu zaman da hüquq məsələsi qalır. Biz bu məsələ ilə bağlı dəfələrlə bildirmişik ki, sosial şəbəkələrdə və başqa mətbu orqanlarında təhqiramiz ifadələrin və şəxsiyyətin alçaldılmasının qarşısını almaq üçün tədbirlər görməliyik.
Bizə bir dəfə deformasiya haqqında qanun göndərmişdilər. Mən onda demişdim ki, bir jurnalist təhqiramiz yazı yazırsa və buna görə məhkəməyə vermirsənsə onda təhqir olunan ləyaqətini qorumaq üçün başqa yollara əl atacaq. Cinayətkar olacaq. Ona görə də məhkəmə önəmlidir. Kimliyindən asılı olmayaraq heç kimə əsas vermir ki, kiməsə təhqiramiz ifadələr yazsın. Hakimiyyətdən kiminsə xoşu gəlməyə bilər. Müxalif yanaşma qərəzli olmamalıdır.
Bizim partiyamızın yanaşmasında ana xətt budur. Əgər bir fikir və əməl milli maraqların xeyrinədirsə onun yanındayıq, amma əksinə milli maraqlara ziddirsə onun qarşısındayıq. Bu fikir və əməlin kimə məxsus olması önəmli deyil. Biz problemlərə müxalifik. Artıq müstəqil dövlətik. Ölkəmizin mənafeyi hər şeydən üstün olmalıdır. Kimsə hakimiyyətə gəlmək istəyirsə qarşı tərəfin platformasını tənqid edə və ya daha yaxşısını ortaya qoya bilər. Problemləri, çıxış yollarını göstərə və ya göstərməyə bilər. Amma kimisə təhqir etmək düzgün deyil. Hesab edirəm ki, hər birimiz buna diqqət etməliyik. Milli Məclisdə də müzakirə olunub. Qanunun dili ilə bu məsələ qəti şəkildə həll edilsin.
- Bilirsiniz ki, cənab prezidentimiz tərəfindən ciddi struktur islahatlar aparılır. Bir çox qurumlar ləğv edilir və ya birləşdirirlir. Növbəti hansı qurumların ləğv edilməli və ya islahatlar aparılmalıdır?
- Aparılan islahatlar zəncirvari xarakter daşıyır. Biri digərinə bağlıdır. Təbii ki, məqsəd idarəetmədə çeviklik və səmərəliliyi artırmaq, paralelliyi aradan qaldırmaqdır. Bundan əlavə yersiz qurum və ştatları ləğv etməklə büdcənin yükünü azaltmaqdır. Ona görə də aparılan islahatlar məqbuldur. Nəticədə həm də rəqabət olacaq. İnsanlar biləcək ki, daha yaxşı kadrlar iş başında qalacaq. Bunun üçün şəffaf müsabiqələr vacib alətdir. Hesab edirəm ki, Nazirlər Kabinetinin özü prezident aparatı ilə eyni işi icra edir. Paralellik var. Referendumdan sonra ölkədə vitse-prezidentlik institutu yaradıldı. Məncə, prezidentə yardım edəcək icra struktur kimi vitse-prezidentlik institutu kifayyətdir. Nazirlər Kabinetində olan şöbələr prezident aparatındakılarla eynilik təşkil edir. Ona görə bu strukturun da ləğv edilməsi vacibdir. Bundan əlavə bir çox sahələr var ki, özel sektora verilməlidir. Mülkiyyət hüququ dövlətdə qalmaq şərti ilə enerji, kommunal sektor və su təsərrüfatı özəl sektora işlətməyə verilməlidir. Onlara hər il milyon manatlarla vəsait ayrılır. Əgər onlar özəl sektora verilərsə həm özlərini dolandıracaqlar, həm də büdcəyə xeyir verəcəklər. Sadaladığım sahələrdə müəyyən qədər yeyintilər olur. Bir yeri 10 dəfə söküb tikirlər. Özəl sektor olanda onlar qənaətcil davranacaqlar. Ümumiyyətlə, iqtisadiyyatda dövlətin yükünü azaltmaq lazımdır. Dövlət daha çox nəzarət edən funksiya daşımalıdır. İşləri özəl sektor özü görməlidir. Düşünürəm ki, islahatlar davam etməli və bu istiqamətdə addımlar atılmaldır. İslahatlar yerli idarəetməni də əhatə etməlidir. Bu gün bələdiyyələr formal xarakter daşıyır. Bələdiyyənin adı gələndə daha çox torpaq satan qurum kimi düşünürlər. Amma əslində bələdiyyə bütün infrastrukturu idarəedən qurum olmalıdır. Hesab edirəm ki, bələdiyyələrin hüquqları yerli icra sturukturların vəzifələri azaldılması hesabına artırılmaldır. Yerli icra strukturları yalnız idarəetmədə koordinasiya rolunu oynamalıdır. Böyük şəhər bələdiyyələri yaradılmaldır. Merlər seçilməlidir.
İndi rayonlara büdcədən dotasiya ayrılır. Amma belə olarsa yerlərdə təşəbbüskarlıq artacaq, qazanc yerləri axtaracaqlar. Həm özlərini dolandıracaq, həm də büdcəyə vəsait verəcəklər. Əlavə olaraq bələdiyyə sədri, merlər səsvermə ilə seçildiyindən həm xalqa daha çox bağlı və asılı olacaq. Biləcək ki, yaxşı işləməsə gələn dəfə o seçilməyəcək.
Bu gün hansısa rayonda problem olarsa onu mərkəzləşdirib, prezident aparatı ilə bağlayırlar. Amma bələdiyyə sisteminə keçid olarsa yerli problemlər lokallaşacaq. Mərkəzləşməyəcək.
- Bu gün məmurların bəziləri öz vəzifələrindən sui istifadə edirlər. Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürov qızına etdiyi 400 minlik toy günlərlə ölkə gündəmindən düşmədi. Bu gün niyə vəzifəsindən sui istifadə edən məmurlar zamanında cəzalandırılmır?
- Cəzalandırılır. Hər yerdə bu problemlər var. Korrupsiya hər yerdə olduğu kimi, Azərbaycanda da var. Bu gizlədilmir də. Əgər korrupsiya olmasaydı Korrupsiyaya qarşı Mübarizə İdarəsi də olmazdı. Belə məmurların sayı xeyli azaldılıb. Parlament çıxışlarımın birində qeyd etmişdim ki, tədbirlərdən biri kimi əmlak bəyannaməsinin verilməsi vacibdir. Hər kəs iş başına gələndə öz əmlakını bəyan edir. Sonra əldə etdiyi əmlak qanuni və ya qeyri qanuni olması ortaya çıxır. Parlamentdə Büdcə müzakirələrində onu da bildirmişdim ki, korrupsiya yolu ilə mənimsənilən vəsaitlərin büdcəyə qaytarılması və büdcə daxilolmaları bölümündə göstərilməsi vacibdir. Çünki həbs olunanlar dövlətin vəsaitini mənimsəyiblərsə, mənimsənilən pullar dövlətin büdcəsinə qaytarılmalı və bu şəffaf şəkildə göstərilməlidir.
Bundan əlavə hesab edirəm ki, bir çox sahələrdə əmək haqları da qaldırılmalıdır. Əlbəttə, neqativ halları azaltmaq üçün müəyyən maliyyə qaynaqları tapmaqla həm məmurların dolanışığı qaydaya salınmalı, həm də onların qanunlar qarşısında cavabdehliyi təmin edilməldir. Belə olmasa arzuolunan nəticəni almaq çətin olar.
- Bilirsiniz ki, bir neçə gün öncə həmkarınız Qüdrət Həsənquliyev Naxçıvanın Muxtariyyət statusunun ləğv edilməsi ilə bağlı fikirlər səsləndirib. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Mən kiminsə fikirinə şərh vermək istəmirəm. Naxçıvanın statusunda çox mühüm məqamlar Qars və Moskva müqavilələri ilə təsbit edilib. Orada mühüm müddəa var ki, Naxçıvan əgər 3-cü dövlətin protektaratina verilmə təhlükəsi olarsa Türkiyə tərəfi məsələlərə müdaxilə etmə haqqını saxlayır. Naxçıvan Azərbaycanın əsas hissəsindən cografi olaraq ayrı salındığından muxtariyyətin həm də müdafiə, təhlükəsizlik baxımından əhəmiyyəti var.
- Milli Şura yenidən aktivləşib. Mitinqlər təşkil edirlər. Onların maliyyəsini yenə artıb, deyəsən?
- Müxalifətin təsnifatını dürüst ifadə etmək lazımdır. Ölkədə milli demokratik müxalif düşərgə və qeyri- milli müxalif düşərgə var. Kənardan yaranan və idarə olunan qeyri-milli düşərgədir. Milli şura kənarda –Moskvada cərrahiyyə institunun akt zalında Rusiya dumasının vitse-spikeri Vyacislav Valodinin birbaşa iştirak və təçkilatçılığı ilə yaradıldığından qeyri-milli düşərgəyə aiddir. Ölkədə xeyli sayda sivil mübarizə aparan partiya var, müxalif fikirlərin olması da normaldır. Biz seçkilərdə də iştirak edib, tənqid də edirik. Mənim Parlamentdə ən sərt şəkildə tənqidlərim olur. Tənqidi fikir və təkliflər də nəzərə alınır, 95 faizi də qəbul olunub. Hətta ölkə prezidenti seçkilərdən sonra and içmə mərasimində və özünün çıxışlarında da bildirdi ki, sərt tənqidlər oldu. Biz onu qəbul edir və nəzərə alacağıq. Alınır da. Biz 90-cı illərdə İmperiyaya qarşı ən radikal mübarizə aparmışıq. Mən Milli azadlıq hərakatında olmuşam, ermənilərə qarşı döyüşmüşəm, 8 illik həbsxana mərhələsi keçmişəm və.s. İmperiyaya qarşı bütün mübarizə yollarını məqbul saymışam. Amma indi müstəqil dövlətimiz var -bu bizim evimizdir. Onu qorumaqla, dirçəltməklə məşğul olmalıyıq. Biz burada nöqsanları və onların aradan qaldırılma yollarını göstərməliyik. Başqa dövlətin iradəsini bizim ölkədə ifadə etmək olmaz. Ona görə də sağlam düşüncəli insanlar belələrini haqlı olaraq dəstəkləmir. Onlara ən yaxşı cavab əhalinin reaksiyasıdır. Bu qüvvələri ciddiyə almaq lazım deyil. Xaricdə formalaşdırılan təşkilatların nəinki hər hansı tədbir keçirmələrinə, hətta o qurumun bu ölkədə fəaliyyət göstərməsinə qadağa qoymaq lazımdır.
- Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina etmək olarmı?
- 1994-cü ildə bağlanılan atəşkəs müvəqəti xarakter daşıyır. Bu məsələyə son qoymaq lazımdır. ATƏT-in Minsk Qrupu faydalı heç bir iş görməyib. Bunu hər kəs etiraf edir . Bu məsələnin həllini ATƏT-dən alıb BMT-yə tapşırmaq lazımdır. BMT qəbul etdiyi 4 qətnaməni həyata keçirilməlidir. Bu qətnamələri nə Ermənistan nə də Azərbaycan qəbul etməyib. Onu BMT qəbul edib. O da beynəlxalq qurumdur. Həmin qətnamələrdə açıq şəkildə göstərilib ki, Azərbaycan ərazisi işğal edilib, Ermənistan işğal etdiyi torpaqları tərk etməldir. Bəzən deyirlər ki, qətnamələrin icra mexanizmi yoxdur. Amma var. BMT nizamnaməsinin 7-ci bəndinin 45-48 paraqraflarında göstərilir ki, işğalçı dövlətə qarşı ya hərbi və ya qeyri-hərbi sanksiyalar tətbiq edilməlidir. Bunu Küveytə tətbiq etmişdilər. Hələ də İran hər il Küveytə təzminat ödəyir. Biz məsələ qoymalıyıq ki, qətnamə qəbul etmisiniz, buyurun, onu icra edin. Edə bilmirsinizsə biz özümüz edəcəyik. Ermənilərə vaxt qoymalıyıq ki, 1-2 ay ərzində torpaqları tərk edin. 1-2 aya çıxmayacaqsa biz məsələni hərbi yolla yoluna qoyacağıq. Bizim buna hüquqi cəhətdən də kifayət qədər əsasımız var.
- Nikol Paşinyan Azərbaycanla danışıqlar masasına oturacaqmı?
- Masada oturacaq. Amma mən bu cür danışıqların perspektivinə inanmıram. Çünki mənasızdır. Danışıqlar müəyyən həddə qədər çatır. Nəticə alınan ərəfədə ya hökuməti devirirlər, ya da bir başqa formada hakimiyyət dəyişikliyi olur. Ermənistanda hər dəfə iş başına gələn yeni rəhbərlik guya hər şeyi yenidən başlatmaq istəyir. Bu danışıqların heç bir mənası yoxdur. Çünki Ermənistan təcavüzü əvvəlcədən planlaşdırıb. Dənizdən dənizə böyük Ermənistan qurmaq kimi mümkünsüz sonluq istəyirlər. Hətta gerblərində Türkiyə ərazisini əks etdiriblər. Onlar sadəcə vaxt qazanmaq üçün indiki status-kvonu saxlamaq istəyirlər. Ortada olan Ermənistanın təkcə öz öz iradəsi deyil. Rusiya problemin həllində maraqlı deyil. Ona görə Paşinyan özü danışıqlara getmək istəsə belə Rusiya buna imkan verməyəcək. Çünki problemi yaradan Rusiyadır. Sadəcə Ermənistan əldə maşa rolunu oynayır. Rusiya problemin həllini istəmir. Mən danışıqların nəticə verməsinə inanmıram. Sanksiyalar tətbiq edilməlidir. Diplomatik uğurlarımızı artırdıqdan sonra hesab edirəm ki, hərbi yolla zərbəni vurub problemi kökündən həll etmək lazımdır.
- Bu məsələdə din faktorunun təsiri varmı?
- Mən belə düşünmürəm. Din faktoru yoxdur demək olmaz. Amma əsas məsələnin kökündə Rusiyanın maraqları durur.
- Bilirsiniz ki, bu gün bölgələrdən gənclərin Bakıya iş üçün gəlir. Bu da Bakıda əhali sıxlığına səbəb olur. Bu problemi necə həll etmək olar?
- Azərbaycan Neft Fondunun xaricdə milyardlarla vəsaiti var. Bizim vəsaitin böyük hissəsi 3 faizlə işlətməyə verilib. Parlamentdə, Prezident seçkiləri zamanı təklif etmişəm ki, o vəsaitin böyük hissəsi Azərbaycana gətirilib o şərtlərlə Azərbaycan gənclərinə verilsin. 3 faizlə verilən kreditlər əsasən əsgərlikdən gələn gənclərə verilsin. Bu həm əsgərlik üçün stimul yaratsın. Həm də əsgərlikdən gələn gənc ev və ailə qurmalıdır. Kənd yerində ona bir neçə sot torpaq sahəsi verirsən. Bir fermer təsərrüfatı ilə bağlı layihə təqdim etsin və 3 faizlə kredit alsın, iş qursun. Həm özü həm də başqaları üçün iş yeri açır. Başqa ölkəyə getmir, öz evini tikir.
Görün bununla nə qədər problem həl edilə bilər. İş yeri açılır, mənzil problemi həll olunur, kimsə ölkəni tərk etmir, evdə bir qız qarımır. Bəziləri bu fikrimi qəribə qarşılayır. Azərbaycanlı gənclər Rusiyada saxta nikahlara girirlər ki, oturum problemi olmasın. Amma zamanla orada qalır. Qeyri-qanuni ailələr formalaşır. Əgər Azərbaycandan 3 milyon oğlan gedirsə bu o deməkdir ki, bir o qədər qız evdə qarıyıb qalır. Bu həm də böyük demoqrafiq problemdir. Gənclər siyasətində bu amil nəzərə alınmalıdır. Bu yolla həm də əyalətlərdə məskunlaşma qaydaya düşər, urbanizasiyanın qarşısı alınar. Bu sadəcə indiyə qədər təklif etdiyim onlarla təklifdən biridir.
- Fərəc bəy, pensiya yaşının hər il artırılmasına münasibətiniz?
- Bu məsələnin müzakirəsində mənim fərqli yanaşmam olub. Mənim mövqeyim pensiya yaşının qaldırılmaması ilə bağlıdır. Mən bildirmişəm ki, bizi başqa ölkələrlə müqayisə etməyin. Avropanın bəzi ölkələrində əhali qocalandır. Hətta bəzən ölən millət də adlandırılırlar. Rusiyada əhalinin azalması gedir. Ölən doğulandan çoxdur. Onlarda işçi qüvvəsi yoxdur. Amma biz gənc millətik. Artırıq. Hələ 3 milyona yaxın gənclərimiz başqa ölkələrdə işləyib, yaşayırlar. Ona görə pensiya yaşının artırılması doğru deyil. Etiraf etməliyik ki, təqaüdlərimiz və əmək haqqlarımız aşağıdır. Bir məhbusun saxlanılması üçün lazım olan aylıq vəsait 588 manatdır. O, nə özünə paltar alır nə də gəzməyə gedir. Deməli, bir insanın sağ qalması üçün 588 manat pul lazımdır. Əgər bu məbləğdə pensiya verilərsə yaşın fərqi yoxdur. Bizim nə dediyimizdən asılı olmayaraq artıq qərar qəbul edilib. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq. Ya pensiya dediyim məbləğə qədər qaldırılmalı, ya da yaş aşağı salınmalıdır.
- Bilirsiniz ki, bir çox ölkələrdə pensiya yaşına çatmadan ölən şəxslərin pensiyaları ailələrinə verilir. Bunu bizdədə də tətbiq etmək olarmı?
- Bu məsələ də müzakirə olunub. Amma təkcə bu aspektdən də baxmaq düzgün deyil. Cəmiyyət ailə kimidir. Ödədiyimiz pulun bir qismi hərbi xərclərə, əlillərə, işləməyənlərə və sosial yardımlara və s. verilir. Bu məsələyə ödədiyin pulun pensiya şəkilində özünə və ya varislərinə geri qayıtmalıdır aspektindən yanaşmaq düzgün deyil. Məsələ verilən pensiyanın məbləği və yaş həddi ilə bağlı olmalıdır.
- Bir çox həmkarlarınız maaşlarının az olmasında şikayətlənir. Siz necə, maaşınızdan razısınızmı?
- Bəzən bu məsələdə deputatların üzərinə çox gəlirlər. Əslində bu məsələyə konteksindən çıxarıb yanaşırlar. Həmkarlarım təkcə deputatların maaşının aşağı olmasını qeyd etməyib. Bir həmkarım bildirdi ki, hər kəsin maaşı istehlak səbətinə uyğun olmalıdır. Bizim deputatların əmək haqqı ilə isə başqa ölkələrin deputatlarının maaşını müqayisə etdi. Bu fikirlər fərqli təqdim olundu. Mən heç vaxt əmək haqqımdan danışmamışam. Mən 1990-1995-ci illərdə deputat olanda nə qədər əmək haqqı aldığımı bilmirdim. Çünki baş həkim işləyirdim. Və oradan əmək haqqı alırdım. Mən deputat məvacibimi görmədən Müdafiə Nazirliyinin fonduna yönəltmişdim. Bu gün də bilmirəm ki, o vaxt deputatın əmək haqqı nə qədərmiş. Bilirsiniz, bütün təbəqələrin həyat səviyyəsini arzuladığımız həddə çatdırsaq belə söz-sohbətlərə də yer qalmayacaq.
- Son dövrlər deputatlarımız jurnalistlərlə əməkdaşlıqdan qaçırlar. Bunu verdikləri açıqlama və müsahibələrin konteksdən çıxarılması ilə əlaqələndirlər. Sizcə, deputatlarla jurnalistlər arasındakı bu soyuq müharibənin səbəbi nədir?
- Mən jurnalistləri qınamağı sevmirəm. Mənimlə hətta telefonla müsahibə götürmək istəyən jurnalistləri də çalışıram qırmayım. Təəssüf ki, mətbuatda jurnalist olmayan "jurnalistlər" var. Bir deputat açıqlama verir. Jurnalist onu təhrif edib yayır. Bütün ictimai qınaq deputatın üzərinə olur. Əgər bir deputat jurnalistə açıqlama verir və fikri təhrif edilirsə artıq özünə olan inamı itirir. İkinci dəfə deputat o jurnalistə açıqlama vermir. Bəzən seçib elə başlıq verirlər ki, heç mətnin içində olmur.
- Fərəc bəy, 3 oğlunuz var. Onlar ixtisas seçərkən sizin istəklərinizi nəzərə alıblar. Yoxsa siz ixtisas seçimini onların öhdəsinə buraxmısınız?
- Mən ailə qurmaq və iş məsələsində uşaqlarımın işinə qarışmıram. Təbii ki, məsləhət görə bilərəm, amma seçimi onların üzərinə buraxıram. Çünki insan ömrünün böyük hissəsini işdə keçirir. İş insanın könlüncə olmalıdır. Uşaqların üçü də ixtisaslarını sərbəst seçiblər. Oğlanlarım universiteti fərqlənmə ilə bitirib. Ortancıl oğlum cərrahdır. İki oğlum isə zabitdir. Bəlkə də onların zabit olmasında mənim həyat tərzimin təsiri olub. Amma yönəltməmişəm.
f Paylaş