Dində ailə,Ailə qurmaq həm də ibadətdir
Evlənmək ibadət məqsədilə də olsa, subay qalmaqdan daha yaxşıdır
Bir kişi ilə bir qadın arasında Allahın qoyduğu prinsiplər çərçivəsində olan əlaqə "evlilik" adlanır. İslam dinində evlənmək ibadət sayılır. Evliliyin, yəni kəbin kəsdirməyin əsas səbəblərdən biri də nəslin artırılmasıdır.
Kəbin lüğətdə "əlavə etmək", "toplamaq" və "müqavilə imzalamaq" deməkdir. İslam hüququnda isə "evlilik müqaviləsi" mənasında işlədilir.
Dini istilahda kəbin belə ifadə edilir: "Evlənmələri qadağan olmayan bir oğlanla bir qızın arasında bağlanan, müştərək həyat və nəsli davam etdirmək üçün bir əlaqə meydana gətirən müqavilədir". Kəbində hər iki cinsin bir-birinin imkanlarından istifadəetmə və birinin digəri üzərində haqqı, bir-biri qarşısında məsuliyyəti mənası da var.
Kəbindən sonra qadın özünə aid haqqlara sahib olur və malik olduğu malı istədiyi kimi istifadə edəbilmə səlahiyyətini özündə saxlayır. İslamaqədərki bütpərəstlik qaydalarından fərqli olaraq İslam hüququnun gətirdiyi prinsiplər çərçivəsində qadının hüquqları xeyli genişdir.
Uca Allah Qurani-Kərimdə insanların evlənməsini istəyir. Evlənməyə gücü çatmayanların evləndirilməsini isə cəmiyyətin borcu olduğunu söyləyir və onların ruzisini Özünün verəcəyini bildirir: "Aranızdakı subay kişiləri, qul və kənizlərinizdən əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfündən varlandırar. Axı Allah genişürəklidir, biləndir" ("Nur" surəsi, 24/32).
İslam hüququna görə, kəbin kəsdirmək, evlənmək həm də ibadətdir. Çünki kəbinin şərtlərini İslam bildirir. Kəbin kəsdirib evlənənlərin də mükafatlandırılacaqları müjdələnir. İbnul-Humam (ö. 861/1457) belə deyir: "Kəbin kəsdirmək ibadətlərə daha yaxındır. Hətta evlənmək, ancaq ibadət niyyəti ilə subay qalmaqdan daha yaxşıdır" (İbnul-Humam, "Fəthul-Qadir", Bulaq-1315, II, 340). Bu islam dininin rahibliyə münasibətini də dəqiq ifadə edir.
İslamda kəbin kəsdirilərkən, evlənmək istəyən qızla oğlanın yaxud, hüquqi nümayəndələrinin və şahidlərin xaricində hansısa din xadiminin olması məcburi deyil. Ancaq rəsmi olaraq qeydiyyatdan keçməsi üçün həmin məsələyə baxan məmurun olması əsasdır və mütləq qeydiyyatdan keçirilməlidir. "Din adamı" ifadəsi yanlış olduğu kimi belə bir adamın da kənardan gətirilib kəbində oturdulması məqsədəuyğun deyil. Kəbində dua edilir. Bunu isə evlənən şəxslər yerinə yetirə biləcəyi kimi, ailə üzvlərindən başqa biri də icra edə bilər.
Bu gün cəmiyyətimizdə rəsmi dövlət qeydiyyatından əvvəl "din bilginləri"nə kəbin kəsdirilir. Hətta bəziləri həmin evliliyin Allah yanında mötəbərliyini göstərmək üçün əvvəlcədən hazırlanmış kağız da verirlər. Daha sonra uşaq olandan sonra Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinə (VVADQ) müraciət edilir. Hətta elə ailələr də var ki, heç rəsmi evlilikləri yoxdur. Bunlar əsla düz deyil. İslam bu cür evliliyə müsbət yanaşmır.
Xristian cəmiyətlərində kəbinin dini yoxsa, mülki vəziyyət olduğu ən çox mübahisə edilən məsələlərdən biri olmuşdur. Bəzi xristian ölkələrində kəbin bütövlükdə kilsələrdə kəsildiyi halda, bəzilərində dövlət müəssəsələrində qeydiyyatdan keçirilməsi vacibdir. 1787-ci ilin noyabr ayında Fransada çıxan kral buyruğu ilə katolik məzhəbində olmayanların istəsələr, yaxınlıqdakı kilsədə və ya yaşadıqları məhəllənin hakimi qarşısında kəbin kəsdirə biləcəkləri qəbul edilmişdir. Bunlardan birincisi, dini, ikincisi isə mülki kəbin sayılıb. Hazırda da xristianlarda kəbini dini ayinlərlə ruhanilər kəsir. Bəzi xristian ölkələri sonradan mülki evliliyi qəbul etməklə yanaşı, əvvəlcə dini kəbinin kəsdirilməsini şərt qoşmuşlar. Məsələn, Yunanıstan və Ruminiyada mülki kəbindən əvvəl dini kəbinin kəsdirilməsi əsas qəbul edilir. ABŞ, İngiltərə və Skandinaviya ölkələrində isə cəmiyyət istədikləri kimi kəbin kəsdirmə haqqına sahibdir. Ailə həyatı quracaq insanların seçiminə uyğun olaraq kilsədə, yaxud nigah məmurunun önündə kəsilən kəbinlə əlaqəli sənədlər daha sonra lazım olan dövlət müəssəsələrində birləşdirilir. Bəzi ölkələrdə isə mədəni evlənmə şəkli məcburi olaraq qəbul edilib. Hollandiya, İsveçrə, Türkiyə və Azərbaycan kimi ölkələri buna nümunə göstərmək olar. Bu dövlətlərdə rəsmi məmur tərəfindən kəsilməyən kəbin qəbul edilmir.
İslam evlənməyi tərk edib ibadətlə məşğul olmağı yaxşı qarşılamır
Bir dəfə üç nəfər Hz.Peyğəmbərin yanına gələrək, onun necə ibadət etdiklərini soruşdular. Onlara Rəsulullahın ibadəti haqqında bilgi verildi. Az olduğunu görüb təəccüblə: "Biz Peyğəmbərlə bir ola bilərik? Onun keçmiş və gələcək günahları bağışlanıb", - dedilər. Onlardan biri bütün gecəni namaz qılmaqla keçirəcəyini, başqası hər gün oruc tutacağını və üçüncüsü də qadınlara yaxınlaşmayacağını bildirdi. Bu xəbər Hz.Peyğəmbərə çatdırıldı. Allah Rəsulu onları yanına çağırdı: "Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınızam. Ondan ən çox çəkinən də mənəm. Bəzən oruc tutur, bəzən də orucumu açıram. Namazlarımı da qılar, bəzən də uzanıb istirahət edirəm. Qadınlarla da evlənirəm. Mənim yolumdan üz çevirən məndən (mənim ümmətimidən) deyil (Buxari, "Nigah", 1; Muslim, "Siyam", 74, 79), - buyururaraq, insanın təbii ehtiyaclarını təmin etməyin İslamın gətirdiyi prinsiplər olduğunu bildirib.
Kəbinin şərtləri
İslam alimlərinin əksəriyyətinə görə, evliliyin altı əsas şərti var:
1.Hər iki tərəfin qəbulu, 2.Qadın, 3.Kişi, 4.Şahidlər, 5.Mehir və 6. Elan (toy).
Bugünkü İslam alimləri isə dövlət qeydiyyatından keçməyi və kəbinin rəsmiləşdirilməsini də əsas şərt kimi qəbul edirlər. Hər iki tərəfin qəbulu isə "Mənimlə evlənməyi qəbul etdinmi?" təklifinə qarşı tərəfin "qəbul etdim" şəklində cavabı əsas hesab edilir.
Təklif və qəbul
Təklif və qəbulda bunlara riayət etmək lazımdır:
1. Hər iki tərəf evlənmək istədiklərini kəbin kəsilən yerdə açıqlamalıdır. Təklifdən dərhal sonra, cavab verilməlidir.
2. Təklif və qəbul hər yöndən bir-birinə uyğun olmalıdır. Bunların arasında hiylə, səhv və ayrılıq varsa, kəbin sayılmaz.
3. Təklif və qəbul hər iki tərəf və şahidlər tərəfindən eşidilməli və başa düşülməlidir. Ancaq lal və karlar xüsusi işarələrlə istəklərini yerinə yetirə bilərlər.
4. Təklif və qəbulda işlədilən sözlər başa düşülən olmalıdır.
Kəbində valideynin rolu
Ağlı yerində olan kişi öz iradəsiylə istədiyi qızla evlənə bilər. Vəkil vasitəsi ilə evlənmək də mümkündür. Lakin mütləq qızı görməlidir. Evlənəcək yaşa çatan, həddi büluğda olan bir qız da valideynlərinin razılığı olmadan ərə gedə bilər. Lakin valideynin razılığını almaq daha yaxşıdır. "Əhzab" surəsinin 50-ci ayəsi də qadının kəbin kəsilərkən, qarşı tərəf ola biləcəyini göstərir ("Əhzab" surəsi, 33/50). "Bəqərə" surəsinin 230-cu ayəsində də bir oğlanla evlənərkən qadın qarşı tərəf olaraq göstərilib. Hz.Peyğəmbər: "Subay qadın özü haqqında valideynindən daha çox haqq sahibidir", - (Əbu Davud", "Nigah", 25; Tirmihi, "Nigah", 18; İbn Macə, "Nigah", 11; Darimi, "Nigah", 13) buyuraraq bu məsələyə öz münasibətini bildirmişdir.
Bəzi valideynlər bundan sui-istifadə edirlər. Övladlarını ancaq öz istədikləriylə evləndirməyə çalışırlar. Lakin unudurlar ki, ömür boyu bir yastığa baş qoyacaq valideyn yox, övladıdır. Bu məsələdə valideynlərin sadəcə öz təcrübələrindən istifadə edərək onlara məsləhət vermələri daha məqsədəuyğundur. Onları məcbur etməyə ixtiyarları yoxdur.
Kəbində şahidlər və şahidlik
Bütün müqavilələrdə olduğu kimi, evlilik müqaviləsi olan kəbində şahidlərin olması daha sonra bir narazılığın çıxması anında hər iki tərəfin haqqının qorunmasına xidmət edir. Şahidin əsas rolu kəbində hər iki tərəfin bir-birinə etdiyi təklifi və cavabı aydın şəkildə eşitmələri və başa düşmələrindən ibarətdir. Buna görə, şahidlərin eyni yerdə və birlikdə olmaları lazımdır. Ayrı-ayrı yerlərdə və ya başqa vaxtlarda şahidlik edənlərin şahidlikləri qəbul edilmir. Hər yerindən duranı da şahid olaraq seçmək olmaz. Bunun üçün şahiddə aşağıdakı cəhətlər olmalıdır:
1. Yetişkin olmalıdır. Dəli və uşaqların şahidlikləri qəbul edilmir.
2. Mütləq iki şahid olmalıdır.
3. Şahidə heç bir təzyiq olmamalıdır.
4. Şahid müsəlman olmalıdır. Hər iki tərəfin müsəlman olduğu bir evlənmədə hər iki şahidin də müsəlman olması, əsas qəbul edilib. Çünki müsəlman olmayanın müsəlmanın üzərində vəlayət haqqı yoxdur (baxın, "Nisa" surəsi, 4/141).
5. Şahidin kor olması onun şahidliyinə mane sayılmır. Eşitmə və başadüşmə qabiliyyətlərinin olması kifayətdir.
6. Şahidlər evlənmək istəyənlərin qohumlarından ola bilər.
Söz kəsmək kəbin sayılırmı?
İki valideyn öz arasında "uşaqlarımızı böyüyəndə evləndirərik", deyərsə, kəbin kəsilmiş sayılmır. Söz vermək kəbinli olmaq deyil. "Qızımı oğluna verəcəyəm... Mən də oğluma alacağam", sözünü vermək kəbin kəsdirmək yox, sadəcə vədləşməkdir. Sözündən dönmək hər nə qədər çirkin bir davranış olsa da hüquqi yöndən bağlayıcı deyil. Yəni "o vaxtı elə demişdim, amma indi o fikrimi dəyişdirdim" desə, heç nə dəyişməz. Uşaqlar da həmin vaxta qədər kəbinli sayılmazlar. Ancaq bu cür vədləşmələr İslam tərəfindən yaxşı qarşılanmır. Uşaqların böyüməsini gözləmək və özlərinin istədikləri ilə evlənməsi daha yaxşıdır. Əks təqdirdə uşaqlar bir-birini istəməsələr, heç də yaxşı olmayan hallar meydana gələr.
İkinci dəfə kəbin kəsdirmək lazımdırmı?
Bəzi məscidlərdə mollalar, axundlar və imamlar kəbini təzələmək duası oxuyurlar. VVADQ-dan rəsmi qeydiyyatdan keçən insanlar müxtəlif səbəblərlə yenidən kəbin kəsdirməyi vacib əməl sayırlar. Əgər ailə rəsmi qeydiyyatdan keçibsə (mehir məsələsi tərəflər arasında razılaşdırıbsa), din adı altında kəbin kəsdirməyə ehtiyac yoxdur. Hz.Peyğəmbərin zamanında ikinci dəfə kəbin kəsdirmək məsələsi olmamışdır. Allah Rəsulu da bir çox insanın kəbinini kəsib.
İkinci dəfə kəbin kəsdirməyin istər məsciddə olsun, istər evdə İslamla heç bir əlaqəsi yoxdur. Çünki kəbin kəsdirmək kişi ilə qadını bir-birinə ömürlük bağlayan bir müqavilədir. Boşanma olmadığı müddətdə bu müqavilənin qüvvədən düşməsi mümkün deyil. "Kəbin təzələmək" ifadəsi, ümumiyyətlə yanlışdır. Çünki kəbin köhnələn, xarab olan bir nəsnə deyil ki, onu yeniləşdirəsən. Kəbin ya var, ya da yoxdur. Varsa, təzələmək lazım deyil. Kəbinin insan qarşısında qoyduğu vəzifələri yerinə yetirmək lazımdır.
Kəbinin qeydiyyatdan keçirilməsi
Əvvəllər kəbinləri dövlətin rəsmi nümayəndəsi olan, həm də dini məhkəmə rəisi sayılan qazılar (qadı) şahidlərin hüzurunda kəsərdilər. Hazırda isə bu işə rəsmi olaraq Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsi nəzarət edir. Qeydiyyatdan keçməyin əsas olması qadının hüquqlarını qorumaq üçündür. Çünki başqalarına kəsdirilən kəbindən sonra kişi istədiyi vaxt qadını boşaya bilər. Əks təqdirdə, lazım gələrsə qadının heç bir məhkəməyə müraciət etməyə hüququ əsası olmaz. Nəticədə isə ortaya xeyli problemlər çıxa bilər.
Əvvəllər kəbinlərin məsciddə kəsdirilməsi evliliyin əhəmiyyətini göstərmək üçün idi. Hazırda isə kəbin rəsmi dövlət idarəsinin qeydiyyatla məşğul olan məmurlarına kəsdirilməlidir. Yuxarıda İslamın tələb etdiyi şərtlər yerinə yetirildiyi təqdirdə həmin kəbinin VVADQ-da qeydiyyatda keçirilməsindən sonra kimlərəsə təkrar kəsdirməyə ehtiyac yoxdur. Hər kəs, o cümlədən evlənənlər Allah qarşısında şəxsən cavabdehdirlər. Bunu yalnız şəxs özü müəyyən edir və əməlləri ilə bu məsuliyyətin mövcudluğunu sübut edir.
f Paylaş