"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan... Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna görə də bu dəfə söhbətimiz rəqəmlərdən yox, insanlardan başladı. Hər gün bu dəhlizlərdə onlarla insanın həyatına toxunan, onların göz yaşına da, sevincinə də şahidlik edən onkoloq Afət Cabbarova ilə cəmiyyətdə xərçənglə bağlı ən çox rast gəlinən yanlış təsəvvürlərdən, erkən diaqnozun əhəmiyyətindən, həkimin yaddaşında iz qoyan pasiyentlərdən və ən əsası, ümidi itirməməyin niyə bu mübarizənin ayrılmaz hissəsi olduğundan danışdıq.
Müsahibəni təqdim edirik:
-Cəmiyyətdə xərçənglə bağlı ən çox rast gəlinən yanlış təsəvvürlər hansılardır?
-Təşəkkür edirəm sualınız üçün. Həqiqətən maraqlı sualdır. Ən çox rast gəlinən yanlış təsəvvür xərçəngin mütləq ölümcül xəstəlik olması ilə bağlıdır. Məhz bu düşüncə xəstələrimizin çox zaman müalicədən imtina etməsinə səbəb olur. Halbuki vaxtında tədbir görülsə, vaxtında müalicə olunsa, biz xəstələrə kifayət qədər keyfiyyətli kömək göstərə bilərik.
Təəssüf ki, xəstələr arasında "xərçəngə tutulan onsuz da ölür, müalicənin mənası yoxdur" kimi bir inanc geniş yayılıb. Bu səbəbdən müalicədən imtina edən xəstələrin sayı da az deyil.
Digər yanlış təsəvvür isə kimyaterapiya ilə bağlıdır. Bəzi insanlar düşünür ki, kimyaterapiya insanı məhv edir, sağlam hüceyrələri də öldürür və buna görə bu müalicədən uzaq durmaq lazımdır. Əvəzində isə bitkilərlə, otlarla, sarıköklə, kələmlə və müxtəlif təbii üsullarla müalicəyə üstünlük verirlər. İnanın, bu barədə o qədər müxtəlif hekayələr eşidirəm ki...
Bir başqa geniş yayılmış fikir də odur ki, şişə bıçaq dəysə, xəstəlik yayılacaq. Burada müəyyən həqiqət payı var. Mən bunu xəstələrə də izah edirəm. Əgər əməliyyat düzgün seçilməmiş mərhələdə, düzgün seçilməmiş xəstədə və ya qeyri-peşəkar şəkildə icra olunarsa, əlbəttə, xəstəliyə mənfi təsir göstərə bilər. Amma doğru zamanda və düzgün aparılan əməliyyat əksinə, xəstəni sağalda bilər.
-Xəstələr gecikdirmədən hansı müayinələrdən keçməlidirlər?
-Bu da xəstələrin mənə ən çox verdiyi suallardandır. Bəzən soruşurlar ki, "Doktor, elə bir müayinə varmı ki, bütün bədənimi yoxlasın və hər şeyi göstərsin?" Təəssüf ki, belə bir ümumi müayinə yoxdur. Hətta ən geniş istifadə olunan PET-CT müayinəsi belə bütün orqanlar üçün etibarlı hesab edilmir.
Hər şiş növünün, hər orqanın öz erkən müayinə protokolu var. Məsələn, süd vəzi üçün mamoqrafiya və ultrasəs müayinəsi, yoğun bağırsaq üçün kolonoskopiya, mədə üçün qastroskopiya, ginekoloji orqanlar üçün ultrasəs müayinəsi tövsiyə olunur. Qadınlar bu müayinələri şikayət gözləmədən etdirməlidirlər və bunlar kifayət qədər effektiv üsullardır.
Prostat xərçəngi kişilər arasında ən çox rast gəlinən şiş növlərindəndir. Sadə bir qan analizi ilə hətta şişönü vəziyyəti də müəyyən etmək mümkündür.
Uşaqlıq boynu xərçəngi isə sadə yaxma müayinəsi ilə erkən mərhələdə aşkarlana bilir. Üstəlik, peyvənd vasitəsilə bu xərçəng növünün yaranmasının qarşısını almaq mümkündür.
Bu gün ən çox rast gəlinən şiş növlərinin əksəriyyətində erkən aşkarlanma və effektiv müalicə mümkündür. Burada istisna əsasən ağciyər xərçəngidir. Onun ümumi skrininqi yoxdur. Yalnız uzun illər təxminən 15 il siqaret çəkən şəxslər üçün müntəzəm kompüter tomoqrafiyası tövsiyə olunur.
-Bəzi insanlar sadəcə qan analizi verib "qanım təmiz çıxdı" deyərək başqa müayinələrdən imtina edirlər. Bu da yanlış yanaşmadır?
-Bəli, bu tamamilə yanlışdır. Bəzi şiş növlərində qanda müəyyən markerlər olur. Məsələn, yumurtalıq və prostat xərçəngində belə göstəricilər mövcuddur. Amma digər şiş növlərində qanda erkən diaqnostika üçün etibarlı hesab olunan göstəricilər yoxdur.
-Son illərdə xəstələrin sayında artım müşahidə olunurmu?
-Mən öz sahəm üzrə deyə bilərəm ki, süd vəzi xərçəngində stabil artım müşahidə olunur. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Son illərdə süd vəzi xərçəngi qadınlar arasında birinci sıradadır. Hətta bəzi illərdə hər iki cins üzrə yeni aşkarlanan xərçəng növləri arasında da birinci yerdə olub. Dünyada hər il təxminən 2,3 milyon yeni süd vəzi xərçəngi halı qeydə alınır. Bu, çox böyük rəqəmdir. Səbəbi hələ tam məlum olmasa da, artım davam edir. Süd vəzi, yumurtalıq və yoğun bağırsaq xərçənglərində bu tendensiyanı açıq şəkildə görürük. Mən tələbə olanda yoğun bağırsaq xərçəngi rastgəlmə tezliyinə görə dördüncü-beşinci yerdə idi. İndi isə artıq ikinci-üçüncü yerlərdə qərarlaşıb.
-Hər gün xərçənglə mübarizə aparan insanlarla qarşılaşırsınız. Bu görüşlər sizdə hansı hissləri yaradır?
-Ən çətin məqam ilk dəfə diaqnozu xəstəyə deməkdir. Başqa yerdə müalicə almış və xəstəliyindən xəbərdar olan pasiyentlə işləmək daha asandır. Amma ilk dəfə bu xəbəri verən həkim olmaq həqiqətən çox ağırdır.  Xəstələr həkimin yanına gələndə daxilən də olsa bir ümidlə gəlirlər ki, bəlkə bu xəstəlik deyil. Təəssüf ki, biz diaqnozu təsdiqləyəndə həmin ümid sarsılır və xəstə böyük bir şok yaşayır.
Mən çalışıram ki, həmin anda daha çox mütəxəssis kimi davranım və xəstəyə hər şeyin mümkün ola biləcəyini izah edim. Mənim sahəm süd vəzi şişləridir və məhz bu sahəni seçməyimin səbəblərindən biri də müalicə nəticələrinin çox yaxşı olmasıdır. Hətta ikinci mərhələdə belə 5 və 10 illik yaşama göstəricisi 85-90 faiz civarındadır. Bu rəqəmləri xəstəyə izah edir, onu mübariz olmağa çağırıram. Çünki ətraf mühit adətən yalnız mənfi fikirlər aşılayır.
-Tam sağalan pasiyentləriniz olubmu?
-Bəli, olub. Təsadüfən müayinədən keçən və çox erkən mərhələdə şiş aşkarlanan xəstələrimiz var. Mən artıq 19 ildir çalışıram və həmin xəstələrin hamısı bu gün də sağ-salamatdır.
-Xəstələr sizə ən çox hansı sualı verirlər?
-Ən çox verilən sual "Doktor, bu qədər müalicə alıram, xəstəlik bir də qayıtmayacaq ki?" olur.
Əlbəttə, həkim olaraq çox istərdik ki, "heç vaxt qayıtmayacaq" deyək. Amma bəzən acı həqiqəti söyləmək lazımdır. Müalicə xəstəliyin təkrarlanma riskini azaldır, amma onu tam sıfırlamır.
-Elə bir pasiyentiniz olubmu ki, illər keçsə də onu unuda bilməmisiniz?
-Bəli. Peşəyə yeni başladığım illərdə çox böyük ölçülü, dağılmış süd vəzi şişi olan bir xanım vardı. Konsiliumda əməliyyat qərarı verildi. O vaxt belə bir şişi ilk dəfə görürdüm. Proqnoz çox ağır idi və biz onun uzun müddət yaşayacağını gözləmirdik. Amma o xanım son dərəcə pozitiv idi. 2007-ci ildə əməliyyat olunmuşdu, 2020-ci illərdə də müayinələrə gəlirdi. Sanki heç belə ağır xəstəlik keçirməmişdi.
-Təəssüf ki, hər hekayə xoş sonluqla bitmir. Belə anlarda özünüzü necə toparlayırsınız?
-Bu, daha çox fəlsəfi sualdır. Bir onkoloq kimi, həm də həyatda itkilər yaşamış biri kimi hər zaman ölümün həyatın bir parçası olduğunu düşünürəm. Xəstəlikdən də, başqa səbəblərdən də ölüm mümkündür. Məni rahatlaşdıran əsas məqam əlimdən gələni etdiyimi bilməkdir. Qalanı isə artıq Yaradanın əlindədir. Elə xəstələrim olub ki, bütün bədənində metastazlarla 11 il yaşayıb. Bu, tibbi baxımdan da möcüzədir. Maraqlıdır ki, belə bir xəstəm sonda onkoloji səbəbdən yox, böyrək problemi səbəbindən vəfat etdi. Belə hadisələri gördükcə anlayırsan ki, bəzən statistika və rəqəmlər hər şeyi izah etmir.
-Hansı əlamətlər insanları həkimə müraciət etməyə vadar etməlidir?
-Ən vacib əlamətlərdən biri bədənin hər hansı nahiyəsində əvvəllər olmayan bir kütlənin əmələ gəlməsidir. İnsan öz bədənini tanımalıdır. Bundan başqa, əvvəllər olmayan davamlı qəbizlik, xüsusilə 45 yaşdan sonra yaranırsa, mütləq bağırsaq müayinəsi aparılmalıdır. Ginekoloji qanaxmalar və ya qeyri-adi ifrazatlar, səbəbsiz arıqlama, hətta səbəbsiz kökəlmə, ödem, şişkinlik, qida vərdişlərinin dəyişməsi, məsələn, mədə xərçəngində ətə qarşı ikrah hissinin yaranması da diqqət tələb edən əlamətlərdir.
Amma ümumilikdə onkologiyada spesifik əlamətlər azdır. Buna görə də biz həmişə deyirik ki, şikayət gözləmədən profilaktik müayinələrdən keçmək lazımdır.
-Bir onkoloq kimi özünüz və yaxınlarınız üçün hansı profilaktik tədbirlərə əməl edirsiniz?
-Ən vacib məsələlərdən biri bədən kütlə indeksinin normada saxlanılmasıdır. Artıq çəkinin süd vəzi, yumurtalıq, bağırsaq və bir çox digər şiş növləri üçün ciddi risk faktoru olduğu elmi şəkildə sübut olunub. Qidalanmaya diqqət yetirmək, süni şəkərdən uzaq durmaq, insulin dirəncini nəzarətdə saxlamaq da vacibdir. Digər mühüm amil isə stressdir. Mən stressi idman, yoqa və psixoterapiya ilə azaltmağa çalışıram. Düzdür, hər zaman buna nail olmaq olmur. Son dövrlər onkoloji xəstələrin əksəriyyətinə psixoloq konsultasiyası da tövsiyə edirəm. Təəssüf ki, hamı bu tövsiyəyə əməl etmir.
-Sonda cəmiyyətə vermək istədiyiniz mesaj nə olardı?
-Həyat bir dəfə verilir. Sağlamlıq isə bizə bəxş olunan ən böyük nemətlərdən biridir. Onu qorumaq heç kimin deyil, məhz bizim məsuliyyətimizdir. Sağlamlığınıza məsuliyyətlə yanaşın.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 54   Tarix: 29 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

Kartofun ziyanı da varmış

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər. -

.

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA

Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdir

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredic

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

turlar.az

toy makiyaji sekilleri toy makiyajlari maskalar meyvələrin faydası sabir haciyev prostat vəzi arvaddan icaze kagizi kosmetika vətən haqqında bayatılar hakistalar gözellik xerçeng kokelmek