Hollivud zirvəsini fəth etmiş `Gözəlçə`

Hollivud zirvəsini fəth etmiş `Gözəlçə`Culiya Roberts 90-cı illərin əvvəllərində məşhurlaşmağa başlamış gənc aktrisalardandır. Həddindən artıq arıq, hündür və sərt sifət cizgilərinə malik Culiyanın xarici görkəmi heç də Hollivud standartlarına uyğun gəlmir. Bəlkə də dərin zəkadan və uzaqgörənlikdən xəbər verən gözləri olmasaydı, heç bir rejissor ona rol həvalə etmək istəməzdi. Amma ifadəli baxışları sərt görkəminə zəriflik verməklə yanaşı, həm də onun qarşısında geniş imkanlar açır. Əslində Culiya ilk baxışdan insanda peşəkar aktrisadan çox, çalışqan tələbə təəssüratı bağışlayır. İllər əvvəl heç kimin ağlına belə gəlməzdi ki, Hollivud bu ciddi və utancaq gənc qızı qısa müddət ərzində ən seksual kinoaktrisalardan birinə çevirəcək. Rejissorlar buna o qədər də böyük əmək sərf etmirlər. Məsələ burasındadır ki, roldan rola girməyə, hər dəfə tamaşaçılar qarşısına yeni ampluada çıxmağa Culiya Roberts böyük istedadı sayəsində öz gücü ilə nail olur.

İlk filminə o, qardaşı ilə birgə çəkilib

Əsl adı Culi Fiona Roberts olan aktrisa 1967-ci il oktyabrın 28-də ABŞ-ın Corciya ştatının Smirna şəhərciyində anadan olub. Bir çox tanınmış insanlar kimi Culiya da həsəd aparılacaq uşaqlıq dövrü keçirməyib. Böyük ailə qayğıları, kasıbçılıq və onun valideynlərinin yola getməməsi sonda ailənin dağılması ilə nəticələnir. Beləliklə, 4 yaşlı Culiya və bacısı anası, qardaşı atası ilə birgə yaşamağa başlayır. Aktrisa 9 yaşına çatanda isə onun atası xərçəng xəstəliyindən dünyasını dəyişir. Bütün problemlərə baxmayaraq, Culiya həyata heç zaman küsməyib. Bəlkə də ona ruh yüksəkliyi verən ətrafındakı insanlar olub. Onun uşaqlığı aktyorların əhatəsində keçib. Məsələ burasındadır ki, Culiyanın valideynlərinin bir vaxtlar işlətdiyi "Aktyorlar və yazıçılar" mağazasına tanınmış incəsənət xadimləri baş çəkirdi. Buna görə də daima onlarla ünsiyyətdə olan Culiya və qardaşı Erikin qəlbində hələ kiçik yaşlarından aktyorluq sənətinə sevgi yaranmışdı. Culiya məktəbdə o qədər də fəal şagird olmayıb. Orta təhsilini başa vuran kimi o, supermarketlərin birində satıcı kimi işə başlayır. Səhnəyə çıxmaq arzusunu isə qəlbinin dərinliklərində hamıdan gizlədib. Həmin vaxt qardaşı Erik artıq aktyor kimi özünü sınamağa başlamışdı. Tanınmış rejissorlardan biri onu "Qan və göz yaşları" filminə dəvət etmişdi. Həmin kinoda onun kiçik bacısı roluna uyğun aktyor isə heç cür tapılmırdı. Bu vaxt Erikin ağlına qəlbi sənət eşqi ilə alışıb-yanan doğma bacısı gəlir. Beləliklə, Culiya Roberts həyatında ilk dəfə kameralar qarşısına çıxır. Onun ilk sınağı o qədər uğurlu alınmasa da, çəkiliş vaxtı bir sıra rejissor və prodüserlərlə tanış olur. İkinci işi sayılan "Kriminal tarix" filmi vasitəsilə isə Culiya rejissorlar qarşısında özünü bir aktrisa kimi təsdiqləyir.

Hollivuda vəsiqə

Culiya Roberts peşəkar karyerada böyük uğurlarını 22-23 yaşlarında qazanmağa başlayıb. Böyük arzularını gerçəkləşdirmək üçün o, həyatın amansız sınaqlarına və əzablarına dözməli olub. Amma problemlər onu heç zaman qorxutmayıb. Culiya həyatda hər zaman sərgüzəştlər axtarıb. 17 yaşında orta məktəbi bitirdikdən sonra doğma şəhəri tərk edib qərib Nyu-Yorka yollananda o, təkbaşına yaşamağın asan olmayacağını yaxşı başa düşürdü. Bütün bu qurbanlar sənət naminə idi. Yəqin ki, aktrisanın pərəstişkarları onun tərcümeyi-halında Atlanta universitetinin jurnalistika fakültəsini bitirdiyini oxuyublar. Amma illər keçdikdən sonra Culiya özü həmin faktın həqiqətə uyğun olmadığını etiraf edir. Aktrisa bunu sadəcə olaraq, diqqəti cəlb etməkdən ötrü uydurub. Əslində isə onun həyatda kinodan başqa məşğuliyyət sahəsi olmayıb. Culiya Roberts sənətə gəlişini belə xatırlayır: "Orta məktəbi bitirdikdən sonra bacımla birgə Nyu-Yorka köçdüm. Bir müddət orada model kimi fəaliyyət göstərdim. Sonra məni "Qırmızı qan" filminə dəvət etdilər. 1989-cu ildə "Polad maqnoliyalar"da ifa etdiyim roldan sonra tanınmağa başladım. "Gözəlçə" filmi barədə isə danışmağa ehtiyac yoxdur. Bu kino mənə Hollivuda vəsiqə qazandırıb".
Aktrisanın bu kinoda yaratdığı obraz insana tanınmış nağıl qəhrəmanlarını xatırladır. Kinoda həyatın amansız sınaqları ilə üzləşən kimsəsiz qız Vivian, "ağ atlı oğlan" isə Riçard Qirdır. Düşdüyü arzuolunmaz vəziyyətlərə baxmayaraq, əsərin baş qəhrəmanı bir an olsun belə insani keyfiyyətlərini unutmur. Culiya həmin roluna görə "Oskar" namizədləri siyahısına düşür. Bu film ona növbəti "Oskar" mükafatı ilə yanaşı, dünya şöhrəti qazandırır. Aktrisa 1988-ci ildə 3 epizodik rolda çəkildikdən sonra özünü bütövlüklə kinoya həsr etmək qərarına gəlir. "Polad maqnoliya" melodramı isə bütün qapıları Culiyanın üzünə açır. Həmin psixoloji filmdə aktrisa ilk dəfə olaraq ekranda qadın iztirablarını ifadə etmək imkanı əldə edir. Culiya burada diabetdən əziyyət çəkən gənc qız obrazını canlandırır. Aktrisanın rolu o qədər təsirli və inandırıcı alınır ki, onun hətta "Oskar" mükafatına namizədliyi irəli sürülür. C.Roberts yaratdığı ən yaxşı qadın roluna görə "Oskar"la yanaşı, "Qızıl qlobus"a da layiq görülür.

Bədbəxt qadın taleyi aktrisanın ən çox sevdiyi mövzudur

"Polad maqnoliya" melodramından sonra bir sıra rejissorlar Culiya ilə işləməyə can atırlar. Onlardan biri Coel Şumaher olur. Şumaher aktrisanı 1991-ci ildə "Cavan ölmək" filmində dramatik rola dəvət edir. Culiya Roberts həmin kinoda iki seçim qarşısında qalmış zavallı qadın obrazını yaradır. Üstəlik həmin kişilərdən birinin müalicəsiz xəstəliyə düçar olması onun vəziyyətini bir qədər də çətinləşdirir. Beləliklə, tamaşaçılar Culiyanın ifasında daha bir bədbəxt qadın taleyi ilə tanış olurlar. Ümumiyyətlə, aktrisa hər zaman bu cür həyati mövzulara üstünlük verir. Bu baxımdan Cozef Rubenin "Düşmənlə keçən gecələr" filmindəki sevmədiyi bir insanla yaşamağa məcbur olan bədbəxt qadın obrazı olduqca maraqlıdır. "Ən yaxşı dostumun toyu", "Nottinq Hill" və "Qaçmış gəlin" də böyük tamaşaçı sevgisi qazanmış filmlərdəndir.

Culiya Roberts üçün rolun böyük və ya kiçik olmasının heç bir fərqi yoxdur. O, istənilən janrda öz rolunu məharətlə ifa edə bilir. Müxtəlif janrlı kinolarda çəkilmək isə onun öz istəyidir: "Əgər sonuncu dəfə dramatik filmdə çəkilmişəmsə, növbəti rolum mütləq romantik komediya olmalıdır. Çəkiliş meydançasında xüsusi fikir verdiyim ssenari, rejissor və birgə çalışdığım həmkarlarımdır. Bu üç şeydə düzgün seçim etsən, uğurlu layihəyə imza ata bilərsən". Onun ən çox sevdiyi rejissor Stiven Soderberqdir. Culiya Roberts milyonlarla tamaşaçı tərəfindən sevə-sevə izlənilən kinolarına özü nadir hallarda baxır. Aktrisada hətta çəkildiyi bütün filmlərin tam kolleksiyası belə yoxdur: "Bu günə kimi filmlərimin tam kolleksiyasını yaratmaq heç ağlıma gəlməyib. Onlara elə də çox baxmıram. Bəzən televizoru açanda, birdən görürəm "Gözəlçə" filmi gedir. Onda ekran qarşısında dayanıb bir neçə dəqiqə özümü izləyirəm. Sadəcə bir neçə dəqiqə. Sonra televizoru yenidən başqa kanala dəyişirəm".

Qısqanc Culiyanın qisası

1990-cı illərdə Culiya Roberts təkcə uğurlu filmləri ilə deyil, həm də qalmaqallı həyat tərzi ilə olduqca məşhur idi. Kifer Sazerlaend, Metya Peri, Layem Nison, Deniel Dey-Lüis, Bencamin Brett kimi tanınmış insanlarla yaşadığı eşq macəraları aktrisanı daim gündəmdə saxlayırdı. Onun ilk sevgilisi Dilan Makdermott aktrisanı bütün qəlbi ilə sevdiyini bəyan etsə də, onunla münasibətləri rəsmiləşdirməkdən imtina edir. Onların ayrılmalarının səbəbi də elə bu olub. Amma şayiələrə görə, Culiya Roberts "Gözəlçə" filminin çəkilişləri zamanı Riçard Girə həqiqətən vurulduğu üçün Dilanla münasibətlərə son qoymaq qərarına gəlmişdi. Aktrisanın sevgililəri siyahısında Kifer Sazerlendin də adına rast gəlmək mümkündür. Kifer aktrisaya görə öz həyat yoldaşından ayrılsa da, nədənsə Culiya ilə ailə həyatı qura bilmir. Toylarına bir neçə gün qalmış qəfildən baş verən bir hadisə onların bütün planlarını alt-üst edir. Belə ki, həddindən artıq qısqanc olan Culiya günlərin bir günündə sevgilisinin rəqqasə ilə ona xəyanət etdiyini eşidir. Bu xəbəri qəzetdən oxuyan aktrisa dərhal Kiferdən qisas almaq qərarına gəlir. O, əvvəlcə özünü heç nə olmamış kimi aparmağa başlayır. Toy mərasiminə 4 gün qalmış isə ona ərə getməyəcəyini deyir. Qısa müddətdən sonra aktrisanın prodüsseri onun Layl Lovettə ərə getdiyi barədə məlumat yayanda isə hamı şoka düşür. Belə bir tanınmış kino ulduzunun kiçik bir şəhərcikdə şahidsiz, təmtəraqsız nigah bağlaması xəbəri ilə heç kim barışmaq istəmirdi. Üstəlik onun özünə seçdiyi ömür-gün yoldaşı cəmi bir neçə həftə əvvəl tanış olduğu yöndəmsiz görkəmə malik Lovett idi. Aktrisanın belə bir addım atmasını hamı qisas kimi dəyərləndirirdi. Bəlkə də, Culiya bütün qadınlar kimi tək qalmaqdan qorxduğu üçün belə qərar qəbul etmişdi. Heç nəyə baxmayaraq, onlar iki il birgə yaşayırlar. Boşandıqdan sonra isə bu iki gözəl insan arasında dostluq münasibətləri davam edir.

Vaxtımın böyük hissəsini ailəmə həsr etməyə çalışıram

Culiya Roberts 2002-ci il iyulun 4-də Denni Moderlə ikinci dəfə ailə həyatı qurur. Mərasimin məhz ABŞ-ın müstəqillik günündə təşkil edilməsi o zaman heç kimin diqqətindən yayınmamışdı. Tədbirdə yalnız onların ən yaxın dostları iştirak edirlər. Həmin ilin noyabrın 28-də aktrisanın əkizləri dünyaya gəlir. Qızı Hezel Patrişa və oğlu Finneas Uolter Culiyanın həyatını büsbütün dəyişirlər. 2007-ci il iyunun 18-də isə aktrisanın daha bir övladı doğulur. Çəkisi 3,8 kq olan bu oğlan uşağının adını Henri Daniel Moder qoyurlar. Bir çox Hollivud aktrisalarından fərqli olaraq, Culiyanın şəxsi həyatında hər şey öz axarı ilə gedir. Aktrisa ailə səadətinin reseptini belə izah edir: "Mənə elə gəlir ki, çox evlərdə əsas söz-söhbət qadının öz vaxtını iş ilə ailəsi arasında düzgün bölüşdürə bilməməsindən irəli gəlir. Bu problemlə üzləşməməkdən ötrü indi filmlərdə çox az-az çəkilirəm. Vaxtımın böyük hissəsini ailəmə həsr etməyə çalışıram. Həyat yoldaşım Denni Moder peşəkar kinooperator olduğundan məni başa düşür. Odur ki, kino bizim ortaq maraq dairəmizdir. O, həm evdə, həm də işdə mənə dəyərli məsləhətlər verir". Maraqlıdır ki, Hollivudun ən zəngin aktrisalarından sayılan Culiya Roberts bütün ev işləri ilə özü məşğul olur. O, yalnız çəkiliş üçün başqa ölkələrə getdiyi vaxt evini yığışdırmağı başqasına həvalə edir: "Evimi çox sevirəm. Məncə, ailədə hər kəs səliqə-sahmana riayət etməlidir. Evimi yığışdırmaqdan nəinki yorulmur, hətta bundan zövq alıram".

Yeganə arzum həyat yoldaşımın xoşbəxt, övladlarımın sağlam olmasıdır

Aktrisa hazırda ailəsi ilə birgə Nyu-Yorkdakı qəsrində yaşayır. Bundan başqa, onların Malibada və Kaliforniyada da evləri var. Culiya Robertsin mülkiyyəti bununla bitmir. Aktrisa "Om Red Films" kino şirkətinin sahibidir. 2005-ci ildə "Forbes" jurnalı Culiya Robertsin mülkiyyətini 250 milyon dollar məbləğində qiymətləndirmişdi. Amma aktrisa hər zaman pulun həyatda onun üçün o qədər də önəmli olmadığını deyir. Ona yaşamağa ruh verən ailəsi və sevimli peşəsidir. Culiya Roberts bütün müsahibələrində özünü xoşbəxt qadın hesab etdiyini vurğulayır: "Bir qadın kimi özümü çox xoşbəxt hiss edirəm. Mənim gözəl ailəm, sadiq dostlarım və parlaq karyeram var. Xoşbəxt olmaq üçün qadına bundan başqa nə lazım ola bilər, axı?". Culiya Roberts ailəsinə o qədər bağlı bir qadındır ki, övladlarına görə bir müddət hətta sənətinə fasilə də verib. Həmin zaman unudulmamaqdan ötrü o, yalnız Riçard Qrinberqin "Yağışlı üç gün" pyesində çəkilmişdi. Amma kinotənqidçilər o zaman aktrisanın teatr səhnəsindəki debütünü uğursuz qiymətləndirmişdilər. Bundan hiddətlənən Culiya isə Mayk Nikolsun "Çarl Uilsonun savaşı" filmində oynamağa qərar verir. Bu, aktrisanın demək olar ki, son işlərindəndir. Vaxtını daha çox övladlarının tərbiyəsinə həsr edən Culiya Roberts günlərin bir günü kinosuz həyatının necə çətin olduğunu anlayır və sənətə dönmək qərarına gəlir. Aktrisanın sənətə qayıdışı ilə "Şəxsi heç nə" adlı film tamaşaçıların ixtiyarına verilir. Bir neçə illik fasilədən sonra Culiya Robertsi yenidən ekranlarda görmək onun pərəstişkarları üçün əsl hədiyyə olur. Beləliklə, aktrisa özünü bütün gününü uşaqların tərbiyəsinə, paltar və qab yumağa həsr edən evdar qadın kimi hiss etmək iztirabından qurtulur. Culiya filmlərdə çəkilməklə yanaşı, xeyriyyə işləri, geyim və bəzək əşyalarından ibarət kolleksiyası ilə məşğul olmağa da vaxt çatdırır. Bütün işləri başa çatandan sonra isə aktrisa evə qayıdır. Bax, bu evin qapıları arxasında nə baş verir, bunu heç kim bilmir. Amma ailə dostları onların evindən hərdən yüksək səslərin gəldiyini deyirlər. Culiyanı tanıyanlar onun çox xırdaçı insan olduğunu bildirilər. Aktrisanın həyat yoldaşı Denni isə sakit təbiətə malik səbrli insandır. Heç nəyə baxmayaraq, onlar Hollivudun sabit və xoşbəxt cütlüklərindən hesab olunur: "Mənim yüksək mükafatlara və təriflərə ehtiyacım yoxdur. Onlardan həyatımda çox olub. Yeganə arzum həyat yoldaşımın xoşbəxt, övladlarımın sağlam olmasıdır".

Xəbərlər     Baxılıb: 2747   Tarix: 19 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

.

Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar

.

Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

Beyin insan bədəninin ən mürəkkəb və sirli orqanlarından biridir. Optimal qidalanma ilə qocalığa qədər tam gücü ilə işləyir. Ancaq təəssüf ki, bir çox yemək vərdişlərimiz onun sağlamlığına xələl gətirə bilər.   -a istinadən xəbə

.

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.  AZƏRTAC-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasın

.

İspanağın əvəzolunmaz faydaları - FOTO

İspanaq orqanizmdə iltihabı azaldır və yaşlanma prosesini ləngidir. -a istinadən bildirir ki, bu barədə Arizona Dövlət Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər. Onların araşdırmalarının nəticələr

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bu 3 məhsul xərçəngdən qoruyur

Terapevt Yelena Malışeva və kardioloq German Qandelman xərçəngin qarşısının alınması üçün faydalı olan 3 məhsulun adını açıqlayıblar. Onlar bu barədə "Birinci Kanal"da yayımlanan "Sağlam yaşa" proqramınd

.

Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur

Termal üsulla işlənmiş kolbasaları yemək sağlamlığa son dərəcə zərərlidir. Amma bununla yanaşı, insanlar üstəlik kolbasını qızardıb yeyir. .   -a istinadən bildirir ki, kolbasaları qızartmaq və ya qaynatmaq olmaz. Bəs, bun

turlar.az

sonxeber.az həkim məsləhəti makiyaj etmek qaydalari geyim dəbləri ayaq dirnaqlara qulluq mətbəx qaydaları cox yasa sobada kotlet kosmetika sac modelleri bürcler novruz hakista lakonizm bayati