Bu meyvə trombların 1 nömrəli DÜŞMƏNİDİR
Avqustun isti günlərində Bakı əhli adətən bir mühüm işlə məşğul olur. Köhnə kəndlərin hər yerində məşhur Abşeron ənciri yetişir deyə kimi mürəbbə bişirir, kimi doşab.
Publika.az xəbər verir ki, Zincilfərəc, cem, əncir qurusu da hazırlamağa imkan tapmalısan. Bu möcüzəli giləmeyvənin məhsul dövrü çox qısadır, avqustdan 10 və sentyabrdan da 15 gün vaxt olur. Özü də əncir dəydisə, ağacda qala bilməz, toplayıb nəsə hazırlamalısan.
Əncir ağacı iki dəfə məhsul verir
Qəribə bir xüsusiyyəti var bu məhsulun, bazar malı deyil, onu marketdə uzun-uzadı saxlamaq da olmur. Bu gün dərilibsə, elə bu gün də onu emal etməlisən. Əncir yeyən də onu elə səhər-səhər acqarına ağacdan dərib yeyər. Olduqca tez zay olub gedir.
Abşeronda bağın ola, həyətində əncir ağacı olmaya, mümkün deyil. Əncir ağacı bir növ "əbədi"dir. Əkirsən bir yerə, tutdusa, elə həmin yerdə daim bitəcək. Ola bilər, köhnə gövdəsi bir müddət sonra qurusun, amma dibindən yeni ağac əmələ gələcək. Əncir ağacı üçün Abşeronun isti, subtropik iqlimi olduqca uyğundur. Əncir artıq rütubəti sevməz, böyük ağacın heç sulanmasına belə ehtiyacı yoxdur. Kökü çox dərinə gedib suyu tapacaq. Özü də bəzən bilməzlikdən kimsə ağacı tez-tez sulasa, məhsulu dadsız olar, tez də çürüyüb gedər. Bəzən həyətdəki şamboya yaxın düşən əncir ağacının məhsulu bir də görürsən elə budağın üstündə məhv olub gedir.
Əncirin keyfiyyətinə həm də istinin azlığı da təsir edir. Əgər avqust nisbətən sərin keçsə, meyvənin şirinliyi də az olacaq. Əncir üçün ən xoşagəlməz hal yağışın yağmasıdır, bu, meyvəsini çürüdür. Yağışdan sonra xeyli əncir yerə töküləcək. Ağac bir xüsusi qulluq da tələb eləmir, eləcə artıq "bic"lərini kəsmək, quruyan budaqları da götürmək olar. Özü də dəyən olmasa, elə köhnə gövdəsi öz-özünə quruyub töküləcək. Bu baxımdan çox əlverişli ağacdır. Əncir ağacı iki dəfə məhsul verir. İlk məhsuluna varəncir deyilir. Haradasa iyulun əvvəlində ağac bar verir, görürsən, adda-budda dəymiş meyvə var. Varəncir bol oldusa, deməli, sonra məhsul az olacaq. Hər halda xalq arasında belə bir inanc var.
Həm qurutmaq olar, həm də zincilfərəc, cem hazırlamaq mümkündür
Əncir mövsümünü səbirsizliklə gözləyən daha iki qrup insan olur: bu giləmeyvədən gəlir əldə etmək üçün yığıb satanlar və öz ənciri olmayan, amma mürəbbə bişirmək arzusunda olanlar. Maştağa qəsəbəsinin girişində hər il bir kortəbii əncir bazarı da yaranır. Hər səhər satıcılardan kimi dolu vedrə, kimi də başqa qablarda sapsarı Abşeron əncirini satışa çıxarır. Satan da çox olur, alan da. Özü də ənciri 1-2 kilo almazlar, mürəbbə bişirəcəksənsə, heç olmasa 2-3 balona hesabını götürməlisən. Standart vedrə də haradasa 9-10 kilo əncir tutur. Öz ənciri olmayan həvəskarlar ancaq mürəbbə bişirərlər. Pulla alınma məhsuldan nəsə başqa bir şey hazırlamaq əl verməz. Əncir bol olsa da, elə də ucuz olmur. Yəni orta hesabla 1,5-2 manata satılır. Qiyməti həmişə üstündədir.
Kimin həyətində öz ənciri varsa, deməli, həm qurutmaq olar, həm də zincilfərəc, cem hazırlamaq mümkündür. Seçmə ənciri mürəbbəyə işlədirlər, qalan nə qaldısa maşından çəkib cem bişirmək olar. Zincilfərəc isə xeyli zəhmət tələb edən bir işdir. Amma qışda uşaqların immunitetini artırmaq üçün yararlıdır. Tərkibinə də xeyli ədviyyat əlavə edilir. Doşab bişirmək üçün isə bol əncirin olmalıdır. Həm əncir çox işlənir, həm də əziyyəti az deyil. Sonra baxırsan, bir-iki qab məhsul almısan, amma bişirməyinə dəyər, çünki yenə də qışın soyuq vaxtında orqanizmə qüvvət verən bir vasitə kimi istifadə edilir.
Əncirin tərkibindəki dəmirin faizi hətta almadan belə çoxdur
Əncir Quranda adı hallanan cənnət meyvələrindən sayılır. Onun insan orqanizminə olan xeyrindən nə qədər danışsan, azlıq edər. Əgər nə vaxtsa, Allah eləməsin, bir çətin dövrə düşəsi olsaq, yeməyə bir şey tapılmasa, elə ənciri qurutmaqla özümüzü saxlaya bilərik. Əncirin tərkibində bir sıra faydalı minerallar, fermentlər və vitaminlər var. Əncirin hərarət salma funksiyası və iltihaba qarşı effektli təsir gücü var. Ürək-damar xəstəliklərində yardımçı olur, tərkibində kalium, maqnium və kalsium olduğundan ürəyin və damarların fəaliyyətinə müsbət təsir edir. Tərkibindəki fisin fermenti isə trombların yox olmasına şərait yaradır, ürək döyüntüsünü normallaşdırır.
Əncir yüksək kalorili məhsuldur, yəni 100 qram təzə meyvədə 74, konservləşdirilmişində isə 53 kilokalori var. Qurudulmuş məhsulda bu göstərici 257 kilokaloriyə bərabərdir. Yəni bir qədər ehtiyatla davranmaq lazımdır. Əncirin tərkibindəki dəmirin faizi hətta almadan belə çoxdur. Dəmir çatışmazlığı olan insanlara əncir yemək məsləhətdir. Zəifləmiş orqanizmi bərpa etmək üçün məhz əncir yeməyi məsləhət bilirlər. Bakı əhli elə əncir mövsümündə hər səhər acqarına bir neçə meyvəsini yeməyi sevir. Əncir bəkməzi əzələ revmatizimi, dəri, böyrək və sidik kisəsi daşları xəstəliklərində, qaraciyərlə bağlı problemlərdə faydalı ola bilər.
Bu "süd"dən əlavə edib qatıq hazırlayarmışlar
Deyirlər, keçmişdə əncirdən əmələ gələn ağ maye, yəni südəbənzər məhlul süddən qatıq çalan xanımların köməyinə gəlirmiş. Əl altda hazır maya olmayanda elə bu "süd"dən əlavə edib qatıq hazırlayarmışlar.
Əncir yarpaqlarının da müalicəvi xüsusiyyətləri barədə xalq təbabətində bir neçə resept var. Tərkibində kumarin olan yarpaq orqanizmin günəş radiasiyasına qarşı immunitetini gücləndirir. Diabet və hipertoniya xəstəliklərində əncir yarpağının müalicəvi rolu var. Dədə-babadan bir müalicə metodu deyiblər. 25 əncir yarpağı yığılır, yuyulur, sonra emallı qazanda 1-1,25 litr suda azacıq odda uzun müddət qaynadılır. Alınan tünd-yaşıl məhlulu bir qaba töküb soyuducuda saxlamaq, kiçik dozada qəbul etmək lazımdır. Bir qədər acıya çalan məhlulu içmək xoşagələn olmasa da, hər halda bu müalicə metodu ilə qədimdə yüksək təzyiqi, damarların kirəclənməsini aradan qaldırmaq olurdu. İki il dalbadal 6 ay əncir mövsümündə belə bir terapiya keçən adamlar yüksək qan təzyiqindən azad ola bilirdilər. Qan təzyiqinin yüksəlməsi, trombların yaranması bir çox halda məhz kirəclənmə ilə əlaqəli olduğundan belə təmizlənmə əməliyyatı insana sağlamlıq bəxş edə bilər.
Əncirin altında gecə yatmaq heç məsləhət deyil
Əncir ağacı ilə bağlı Abşeronda bir xeyli inanc da var. Məsələn, bu müqəddəs sayılan ağacı kəsmək, doğramaq olmaz. Hətta odda yandırmaq da məsləhət deyil. Əgər hansısa səbəbdən ağacın bir qanadını kəsmək lazım gələrsə, onda mütləq dua oxumaq, əncir ağacının ruhundan üzr istəmək gərəkdir. Əncirin altında gecə yatmaq heç məsləhət deyil, çünki ağır ağac sayılır. Gecələr olduqca intensiv nəfəsalma gedir, oksigeni alır, karbon qazını buraxır.
Abşeron əhalisinin həyatında əncirin rolu böyükdür. Təhtəlşüurun gizli qatlarında nəsildən-nəslə ötürülən əncirə olan münasibət əsrlərlə qorunub saxlanılıb. Əncir elə həm isti Abşeron yayının, həm də Bakının bir simvoluna çevrilib. Dədə-baba bağı deyəndə, onun əsas atributu da bu müqəddəs ağacdır.