Hamiləlik və infeksiyalar
Bəzi infeksiya və viruslar (sitomeqalovirus, toksoplazmoz, herpes, məxmərək, ureoplazma, mikoplazma) uzun illər orqanizmdə qalaraq heç bir əlamətlə ifadə edilməməklə həyatın sonuna qədər aşkar edilməyə bilər. Əksər hallarda bu infeksiyalara yoluxma başqa xəstəliklərin müayinəsi zamanı təsadüfən aşkar olunur. Belə şəxslərə passiv infeksiya daşıyıcıları deyilir. Bu infeksiyalara hamiləlik zamanı yoluxma ana və döl üçün təhlükə yarada bilər (infeksiyalara yoluxma əvvəl yox – məhz hamiləlik dövründə baş vermiş olarsa). Bunu necə aşkar etmək olar? İnfeksiyaların qanda aşkar edilməsinin ən dəqiq metodu PZR (polimer zəncirvari reaksiya) ilə aparılan DNT-nin müəyyən edilməsi metodudur.
İnfeksiya bədənə daxil olduqdan bir müddət sonra orqanizm ona qarşı anticisimlər əmələ gətirir. Bu o deməkdir ki, hamiləlik zamanı aparılan qan müayinələri infeksiyanı aşkar edir, amma bu anticisimləri aşkar etmirsə, demək infeksiya orqanizmə ilkin olaraq daxil olmuşdur. Bu zaman həm hamiləliyin özünun gedişində (ciftin erkən qopması, dölyanı suların çox olması, erkən doğuş) həm də doğulacaq körpələrdə anadangəlmə qüsurların olması kimi müxtəlif fəsadlara rast gəlmək olar. Beləliklə, bu infeksiyalara yoluxmanı məhz hamiləlik baş verməzdən əvvəl – hamiləliyə hazırlıq dövründə aşkar etmək və lazım gələrsə onları mualicə etmək lazımdır.
Bu infeksiyalar tam müalicə olunmur. Onların müalicəsi, sadəcə immunomodulyatorlara aid olan preparatlardan istifadə etməklə bədənin müqavimətini – immunitetini artırmaq və digər tərəfdən antivirus (interferon və s.) preparatlarından (bəzi hallarda isə antibiotiklərdən) istifadə olunmasından ibarətdir. Vaxtında başlanan müalicə körpənin infeksiyaya yoluxmasını minimum həddə endirir.
Əgər qadın bir və ya bir neçə belə infeksiyanın sadəcə passiv daşıyıcısıdırsa, əksər hallarda hamiləlik zamanı hər hansı bir xüsusi müalicənin aparılmasına ehtiyac olmur. Bu zaman sadəcə olaraq ananın immunitetinin yuksək səviyyədə saxlanılması kifayət edir. Belə qadından doğulan körpə də səhhətinə heç bir zərər verilmədən infeksiyanın passiv daşıyicısı olur.
Sitomeqalovirus
Sitomeqalovirus ən geniş yayılmış infeksiyalardandır. Sitomeqalovirus infeksiyası orqanizmə ilkin olaraq hamiləliyin ilkin dövrlərində daxil olmuşsa, bu, dölsalma, dölün ölü doğulması, kəskin anadangəlmə sitomeqalovirus infeksiyasına, yoluxma hamiləliyin 2-ci yarısında baş vermiş olarsa, xroniki sitomeqalovirus infeksiyasına, mərkəzi sinir sistemi və qara ciyərin zədələnməsinə, anadangəlmə eybəcərliklərə, ürək qüsurlarının yaranmasına səbəb olur. Bütün bu göstərilən fəsadları nəzərə alaraq hamiləlik dövründə sitomeqalovirus infeksiyasına yoluxması bəzi hallarda hamiləliyin süni şəkildə pozulması üçün tibbi göstəriş hesab olunur. Bu zaman hamiləliyi aparan müalicə həkimi öz qərarını qəbul edərkən müxtəlif klinik, virusoloji, dölün və ciftin ultrasəs müayinələrinin nəticələri üzrə tibbi göstərişləri nəzərə alır.
Toksoplazmoz
İnsan bu xəstəliyə adətən çirkli əllərdən, sudan, pişik ilə təmasda olarkən onun ifrazatlarından yoluxur. Toksoplazmoz ilə yoluxmanın əsas risk faktorları aşağıdakılardır: kənd yerlərində yaşamaq, pişiklərlə təmasda olmaq, çiy çəkilmiş ət dadmaq adəti, yarıçiy ət məhsulları yemək və s. Sitomeqalovirus infeksiyası ilə yoluxmada olduğu kimi, toksoplazma qadın orqanizminə hamiləlilk dövründə ilk dəfə daxil olduqda təhlukəli hesab olunur. Bu hamiləliyin ilkin dövrlərində dölsalmaya, uşağın baş beyinin və onurğa beyinin qüsurları, görmə, eşitmə və digər orqanların zədələnməsinə səbəb ola bilər. Bu zaman qeyd edilən patoloji hallar böyük yaşlarda (5 yaşından sonra) ozünü büruzə verə bilər.
Mikoplazma, ureoplazma
Bu infeksiyalara yoluxma əsasən cinsi yolla baş verir. Aktiv mikoplazma və ureoplazma infeksiyaları zamanı (mikrob qadın orqanizminə məhz hamiləlilk dövründə daxil olduqda) hamiləlik ağırlaşmalarla (vaxtından qabaq dölsalma, dölyanı suların çoxluğu, ciftin uşaqlıq daxilinə düzgün bitişməməsi, dölyanı suların vaxtından əvvəl axması və s.) keçir, ananın sidik ifrazı sistemində müxtəlif fəsadlar baş verir. Bu zaman körpənin qara ciyəri, böyrəkləri, sinir sistemi, dərisi, limfatik düyünləri və gözləri zədələnə bilər.
Xlamidiya infeksiyası
Bu infeksiyaya yoluxma əsasən cinsi yolla baş verir. Xlamidiyalar cift toxumasında iltihabı prosesə səbəb olur. Bu zaman ciftin funksional çatışmazlıqı baş verir ki, bu da nəticədə dölün inkişafı, ölçülərinin və cəkisinin artmasını ləngidir. Belə körpələr vaxtından əvvəl doğulur, çəkiləri az, immunitetləri zəif olur, tez-tez xəstələnir və pis inkişaf edirlər. Bətndaxili yoluxma zamanı körpələrdə ağ ciyərlərin, beyin qişalarının iltihabı, mədə-bağırsaq sistemi xəstəlikləri əmələ gələ bilər.
Herpetik infeksiya
Xəstəliyin törədicisi sadə herpes (birinci və ikinci tip) virusudur (SHV). İkinci tip virus cinsi yolla keçir. Sadə herpes virusu (SHV) məxmərəkdən sonra döldə verə biləcəyi ağırlaşmalara görə 2-ci yeri tutur.
Bu xəstəliyə hamiləlik dövründə yoluxma qadınlar ücün daha çox təhlukəli hesab edilir. Belə ki, bu halda çox zaman vaxtından qabaq dölsalma, körpədə müxtəlif qüsurların əmələ gəlməsi və hətta dölün tələf olması baş verə bilər.
Ananın qanında herpes virusu olarsa, döl bətn daxilində olarkən bu infeksiyaya yoluxa bilər. Ancaq əksər hallarda yoluxma doğuş zamanı baş verir. Bu səbəbdən doğuşa bir aydan az vaxt qaldığı halda herpetik infeksiya kəskinləşərsə, körpənin yoluxmaması üçün, doguşa bir müddət qalmış Keysər kəsiyi aparılır.
Herpetik infeksiyanın spesifik müalicəsi mövcuddur. Lakin hamiləlik zamanı buna çox nadir hallarda icazə verilir.
Məxmərək
Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi, hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir! Yalnız öncə bu xəstəliyə tutulmayan və hamiləliyə qədər peyvənd almayan (yəni immuniteti olmayan) qadınlar hamiləlik vaxtı məxmərəklə yoluxa bilərlər. Körpədə əmələ gələ bilən fəsadların ağırlıq dərəcəsi ananın məxmərəyə hamiləliyin hansı dövründə yoluxmasından asılıdır.
Hamiləliyin 9-12-ci həftəsində məxmərəyə yoluxan qadınlar daha çox döl qüsuru riskinə məruz qalırlar. Bu əksər hallarda vaxtından qabaq dölsalmaya, dölün bətndaxili tələf olmasına (inkişaf etməyən hamiləliyə) gətirib çıxarır. Lakin hətta döl sağ qalsa belə, praktik olaraq bütün hallarda onun normal inkişafı pozulur. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.
Məxmərəklə xəstələnmə hamiləliyin 13-20 həftəsində baş veribsə, qüsurların əmələ gəlmə riski azalır; eşitmə orqanlarının zədələnmə ehtimalı isə hamiləliyin 16-cı həftəliyinə qədər yüksək olaraq qalır. Qadın məxmərəklə hamiləliyin 20-ci həftəsindən sonra (yəni hamiləliyin 2-ci yarısında) yoluxmuş olarsa, qüsurların əmələ gəlmə riski xeyli dərəcədə azalır. Bu halda körpənin xroniki infeksiya ilə doğulması gözlənilə bilər ki, bunun da xarakterik cəhəti hissiyyat orqanları və mərkəzi sinir sistemi pozğunluqlarıdır. Bu patologiyalar heç də hər zaman uşaq doğulan kimi deyil, xeyli sonralar qıcolmalar, əqli zəifliyi, psixiki çatışmazlıqlar şəklində özünü büruzə verir.
Döl patologiyalarından başqa məxmərək doğuşa da mənfi təsir göstərə bilər (doğuş fəaliyyətinin pozulması, qanaxma, sepsis).Bütün dünya üzrə qəbul edilən standarta əsasən 16-ci həftəyədək hamiləlik dövründə məxmərəyə yoluxma baş verdiyi hallarda süni uşaqsalma əməliyyatı tətbiq edilir. Hamiləliyin 20-ci həftəsindən sonra yoluxma baş verdiyi hallarda süni uşaqsalma əməliyyatının tətbiq edilməsi müalicə həkimi tərəfindən fərdi şəkildə həll edilir.
Viruslu hepatitlər
Qadın hamiləlik zamanı hepatit B-yə tutularsa, təəssüf ki, artıq doğuşa qədər körpənin yoluxması ehtimalı çox yüksək olaraq qalır. Aktiv şəkildə davam edən xroniki hepatit zamanı (bu zaman qadının qanında HBsAg anticisimdən başqa HBeAg anticisimi də aşkar edilir) infeksiyanın ananın qanından uşağa keçməsi ehtimalı, qeyri-aktiv gedişatlı xroniki həpatitdən fərqli olaraq daha çox olur.
Xroniki hepatit C ilə xəstə olan qadınlar çox az hallarda, hamiləlik və doğuş zamanı öz körpələrini yoluxdurmuş olurlar. Bu yalnız 5-6% hepatitin aktiv keçdiyi hallarda baş verə bilər.
Hepatitli hamilələri və onların qohumlarını bir çox hallarda körpənin döşlə əmizdirilməsinin təhlükəsizliyi məsələsi narahat edir.Beynəlxalq Səhiyyə Təşkilatının (BST) tövsiyəsinə görə xroniki B və C hepatiti ilə xəstə olan qadınlar öz körpələrini əmizdirə bilərlər. Bu halda sadəcə olaraq ana döş gilələri və uşağın ağız boşluğunun selikli qişalarının zədəli olmamasına fikir verməlidir.
Qeyd etmək lazımdır ki, xroniki hepatitli anaların qanında C viruslarına qarşı əmələ gəlmiş olan anticisimlər cift vasitəsi ilə keçərək, doğulan gündən etibarən 6-12 ayına qədər olan müddət ərzində körpənin qanında da aşkar edilir. Əgər uşaq yoluxmamış olarsa (bu təxminən 95% hallarda olur), 1 yaşından sonra bu anticisimlər uşağın qanından yox olur. Belə uşaqlar sağlam hesab edilərək gələcəkdə nəzarətə göturülməyə də bilərlər. Hepatit C virusuna yoluxmanın baş verdiyi 5% hallarında isə 1 yaşından sonra da spesifik anticisimlər usağın qanında aşkar edilməkdə davam edir (bu artıq ananın qanında əmələ gələn anticisimlər deyil).
Xroniki hepatit hamiləliyin gedişatına və körpənin inkişafına əlavə narahatlıqlar yaratmır.
f Paylaş