Lev Tolstoyun İlyas əsəri

Lev Tolstoyun İlyas əsəriUfa quberniyasında İlyas adlı bir başqırd yaşayırdı. Onu evləndirəndən bir il sonra atası vəfat elədi. O vaxt mal-heyvandan İlyasın 7 madyanı, 2 inəyi və 20 qoyunu var idi. Bir mülk sahibi kimi İlyas sərvət toplamağa girişdi: sabahdan axşama qədər arvadıyla min bir zəhmətə qatlaşdı, hər kəsdən erkən oyanıb, hamıdan sonra yatağa girdiyi üçün ildən-ilə zənginləşdi.

Düz 35 il əziyyət çəkən İlyas, ən nəhayət, böyük var-dövlət qazandı. Atlarının sayı 200-ə, iri buynuzlu heyvanlarının sayı 150-yə, qoyunlarının sayı isə 1200-ə çatdı. Nökər-naibləri onun ilxı və sürülərini otarır, qaravaşları isə madyanlarını və inəklərini sağır, südündən kumıs, pendir və yağ hazırlayırdılar. İlyasın malı, sərvəti başından aşırdı. Bütün mahal camaatı ona həsəd aparırdı. Haqqında deyirdilər: "İlyas bəxtəvər adamdır. Bu cür varlı-hallı birisinə heç ölüm də yaxın düşməz".

Nüfuzlu insanlar da İlyasın səsini-sorağını alıb, onunla dostluq qurmağa can atırdılar. Çox-çox uzaqlardan qapısına qonaqlar gəlirdi. İlyas isə onların hamısını xoş qarşılayır, yedirib-içirirdi. Qapısına gələn hər kəsin qabağına kumıs, çay, şerba (pulu təmizlənməmiş xırda balıqlardan bişirilən şorba növü olmaqla, tatar və başqırd mətbəxinin təamıdır — A.Y.) və qoyun əti qoyulurdu. Həyətə qonaqlar girən kimi əlüstü bir-iki qoyun, qonaq-qara lap çox olanda isə at kəsilirdi.

İlyasın cəmi iki oğlu və bir qızı vardı. Oğlanlarını evləndirmiş, qızını isə gəlin köçürmüşdü artıq. İlyas kasıb olanda oğlanları onunla birgə çalışar, ilxılara və sürülərə baxardılar. Elə ki ailə varlandı, oğlanlar daha çox əylənməyə meyl saldılar, bir oğlu isə içkiyə qurşandı. Böyük oğul bir dalaşma zamanı öldürüldü, kiçik oğlunun arvadı isə çox yekəxana idi deyə, həmin övladı İlyasın sözündən çıxmağa başladı. Buna görə də o, həmin oğlunu evdən ayırdı.

Ayırdığı oğluna İlyas ev və mal-qara verdiyi üçün öz sərvəti azaldı. Bundan bir az sonra isə İlyasın sürülərində xəstəlik yayıldı və xeyli heyvan tələf oldu. Sonrakı il qıtlıq yaşandı — ot-ələf qəhətə çıxdı. Qara qış xeyli heyvanı məhv elədi. Sonra qırğızlar gəlib, ən yaxşı ilxısını zorla onun əlindən aldılar və beləcə, İlyasın malı-dövləti zavala uğradı. Get-gedə İlyasın maddi durumu pisləşdi, gücü isə azaldı. Yetmiş yaşına çatanda İlyas elə vəziyyətə düşdü ki, xalçalarını, yəhərlərini, kürklərini, içigilərini (uzunboğaz çəkmənin nisbətən yüngül növü — A.Y.), daha sonra isə mal-heyvanını satmağa məcbur oldu və tamamilə yoxsullaşdı. Heç özü də xəbər tutmadı ki, o qədər sərvət haraya yox oldu və əlacsız qalıb, ahıl yaşında arvadıyla birlikdə el qapılarında muzdurluq eləməyə başladı.

Artıq İlyasın bütün var-dövləti əynindəki pal-paltarı, kürkü, xəz papağı, içigisi və başmaqları idi, bir də ağbirçək arvadı Şam-Şemagi. Evdən ayırdığı oğlu qürbət ellərə üz tutmuşdu, qızı isə dünyadan köçmüşdü. Odur ki, bu dünyada ahıl ər-arvada əl tutacaq bir kimsə qalmamışdı.
Qonşu Muhəmmədşahın bu insanlara ürəyi yandı. Özü nə hədsiz varlı idi, nə də çox kasıb, sadəcə düzənli bir yaşamı vardı və xeyirxah biriydi. Bir vaxtlar İlyasın süfrəsində yediyi duz-çörəyi o, hələ unutmamışdı. Rəhmi gəldiyi üçün qocaya dedi: "İlyas, arvadını da götürüb, bizim evə yerləş. Yayda imkanın yetdikcə, bağ-bağçada işləyər, qışda mal-heyvanı yemləyərsən. Şam-Şemagi isə qoy madyanları sağıb, kumıs hazırlasın. Yeməyiniz, geyiminiz mənim boynuma, bundan başqa ürəyiniz nə isə istəsə, deyərsiniz, onu da verərəm".

Qonşusuna təşəkkür edən İlyas arvadıyla birlikdə Muhəmmədşahın himayəsinə sığındı. İlk vaxtlar çətinlik çəksələr də, sonradan bu şəraitə öyrəşdilər, ər-arvad qonşunun evində yaşamağa və imkanları yetdikcə işləməyə çalışdılar.

Ev sahibinə bu cür adamlarla işləmək əl verirdi, çünki qocalar özləri təsərrüfat sahibi olduqlarından hər işin çəmini bilirdilər, tənbəl deyildilər, bacardıqları qədər işə can yandırırdılar. Muhəmmədşaha ağır gələn yalnız o idi ki, vaxtilə böyük imkan sahibi olan bu insanlar indi necə ağır duruma düşüblər.

Bir gün uzaq diyardan Muhəmmədşahın qapısına elçilər gəldi. Məclisə molla da çağırıldı. Muhəmmədşah göstəriş verdi ki, bir qoç kəsilsin. Heyvanı soyan İlyas bişirdiyi təamı qonaqlara yolladı. Qoç ətindən yeyən qonaqlar bunun üstündən çay içdilər, sonra isə kumısa keçdilər.
Ev sahibi qonaqlarla xalça üstə düzülən, qu tükündən döşəkçələrdə oturub, piyalələrdən kumıs içib, söhbətləşdikləri vaxt iş-gücünü bitirən İlyas açıq qapının önündən keçdi.
Onu görən Muhəmmədşah qonağından soruşdu:
— O qapının önündən keçən qocanı gördünmü?
Qonaq dilləndi:
— Hə, gördüm. Onda marağımı çəkəcək nə isə vardı ki?
— Məsələ burasındadır ki, o kişi vaxtilə bu mahalın ən zəngin adamı sayılan İlyasdır. Ad-sanını yəqin eşitmiş olardın.
Qonaq dedi.
— Əlbəttə ki eşitmişəm. Üzünü görməsəm də, şan-şöhrəti xeyli uzaqlara yayılmışdı.
— İndi onun əlində-ovcunda heç nəyi qalmayıb və mənim qapımda işləməyə möhtacdır. Arvadı da bizdə qalır, madyanları sağır.
Qonaq necə heyrətləndisə, ağzını nırçıldadıb, başını yellədi və dedi:
— Hə, görünür, xoşbəxtlik gəldi-gedər nemətdir. Fələyin fırlanan təkəri birini təpəyə qaldıranda, digərini çamura atır. Yaxşı, bəs o qoca necə dözür buna, xiffət-zad eləmir ki?
— Onu haradan biləsən?! Sakit, farağat bir həyat sürür özü üçün, yaxşı da işləyir.
Qonaq şoruşdu:
— Onunla söhbətləşə bilərəmmi? Həyatı barədə nələrsə öyrənmək istəyirəm.
Ev sahibi:
— Niyə də olmasın? — deyib, alaçığın divarını döyəclədi:
— Babay (başqırd dilində "baba" deməkdir — A.Y.), gəl, bizimlə birgə kumıs iç. Arvadını da gətir.
İlyas arvadıyla birlikdə alaçığa girdi. Qonaqlar və ev sahibi ilə salamlaşdı, dua oxuyandan sonra girişdə diziüstə oturdu. Arvadı isə pərdənin arxasına keçib, ev sahibəsinin yanında əyləşdi.
İlyasa da bir piyalə kumıs gətirdilər. O, bir daha qonaqlara və ev sahibinə baş əyərək, kumısdan bir qurtum alıb, piyaləsini yerə qoydu.

Qonaq ondan xəbər aldı:
— Hə, baba, bizim bugünkü növrağımıza baxanda yəqin sən öz keçmiş günlərini xatırlayıb, dərdə-qəmə batırsan? Vaxtilə, gör, necə gen-bol yaşayırdın, indi isə sıxıntılar məngənəsində qıvrılırsan?
İlyas gülümsəyərək, dedi:
— Əgər əsl xoşbəxtliyin və bədbəxtliyin nədə olduğunu sənə desəm, yəqin mənə inanmazsan. Sən bu sualı mənim xanımıma ver, çünki qadınların ürəyində nə varsa, dilində də odur. Bu məsələ barədə bütün həqiqəti qoy o, sənə açıb, söyləsin.

Qonaq pərdənin o biri üzünə səsləndi:
— Hə, nənəcan, əvvəlki xoşbəxtliyin və indiki qara günlərin barədə sən nə fikirləşirsən?
Pərdənin arxasından Şam-Şemaginin səsi gəldi:
— Mənim gəldiyim qənaət belədir: ərimlə baş-başa düz əlli il ömür sürmüşük, daim xoşbəxtlik axtarsaq da, onu tapmamışıq. Ancaq iki ildir bütün sərvətimiz əldən çıxıb və muzdurluqla çörəyimizi qazanırıq. Əsl xoşbəxtliyi biz bunda tapdığımız üçün artıq xoşbəxtlik axtarışlarından əl-ətək üzmüşük.

Qonaq da, ev sahibi də bu cavabdan heyrətə gəldilər. Muhəmmədşah yerindən dikəlib, pərdəni çəkdi ki, qarının üzünü görsün. Əllərini çataqlayan qarı gülümsəyərək, ərinə baxırdı, əri isə bu ara ona gülümsünürdü. Qarı bayaqkı fikrini təkrarladı:

— Bu, doğru sözümdür, zarafat-zad eləmirəm. Varlı olduğumuz o əlli il boyunca biz səadət axtarsaq da, onu heç cür tapa bilmədik. Daha heç nəyimiz qalmadığından muzdurluğa başladıq və əsl xoşbəxtliyi onda daddıq. Daha bu dünyadan başqa bir umacağımız yoxdur.
— Axı, indiki xoşbəxtliyinizin məğzi nədədir?
— Deyim nədədir: zəngin olanda bircə saat da boş vaxtımız olmurdu ki, dərdləşək, axirətimiz barədə düşünək, Allaha iman gətirək. Qayğılarımız daim başımızdan aşırdı çünki! Qonağımız gəlirdi — düşünürdük ki, ona nə yedirək, nə içirək, nə pay qoyaq ki, bizi yamanlamasın. Qonaq-qara olmayanda isə nökər-qaravaşı güdürdük ki, az işləyib, çox yeməsinlər. Beləcə, daim dünya malı üstündə əsirdik, bu isə günahdır. Ya dayçanı, ya buzovu canavar dağıtmasın deyə, ya da oğru sürünü aparmasın deyə təlaşlanırdıq. Gecələr gözümüzə yuxu getmirdi ki, birdən qoyunlar quzuları basıb, tapdalayarlar. Gecə vaxtı çıxıb, tövləyə baş çəkirdik. Təzəcə rahatlaşan kimi qış üçün yem tədarükünün qayğısı alırdı canımızı. Üstəlik, bütün bu məsələlərdə ərimlə aramda vaxtaşırı münaqişə qopurdu. O, deyirdi ki, belə eləyək, mən isə deyirdim yox, belə edək və başlayırdıq dilləşməyə, günaha batmağa. Bu minvalla biz qayğılarla, günahlarla baş-başa bir ömür sürmüş və xoşbəxt həyatın nədə olduğundan bixəbər qalmışdıq.

— Bəs indi?
— İndi isə ərimlə mən sevgi və anlayış şəraitində dil tapırıq, üstündə dilləşəcək heç nəyimiz qalmayıb, yeganə qayğımız isə ağaya xidmətdir. Gücümüz yetdikcə, həm də həvəslə çalışırıq ki, ağa ziyana uğramasın, qazancı bol olsun. Nahar və şam yeməyi baxımından hər hansı qayğımız yoxdur, içməyə kumıs da tapırıq hələ. Şaxtada isinmək üçün təzəyimiz və isti kürkümüz var. Həm dərdləşməyə, həm də axirətimiz barədə düşünməyə və Allaha tövbə etməyə vaxt tapırıq. Əlli il sərasər axtardığımız xoşbəxtliyi biz yalnız indi tapa bilmişik.

Qonaqlar bu cavaba güldülər.

İlyas söhbətə qoşuldu:
— Gülməyin, mənim qardaşlarım, bütün bu deyilənlər zarafat deyil, insanın bir ömür sonucu gəldiyi qənaətdir. Əvvəllər var-dövlətimizi itirdikcə arvadımla mən axmaq kimi buna ağlayıb-sızlayardıq. İndi isə Allah bizim gözlərimizi əsl həqiqətə açıb, onu bizə göstərib. Biz də bu sirri öz könülxoşluğumuz üçün deyil, xeyrini görüb, yararlanasınız deyə, sizlərlə paylaşırıq.

Molla dedi:
— Bunlar — hikmətli sözlərdir. İlyas indi burada həyatın əsl həqiqətini açıb, söylədi sizlərə. Bu öyüd Müqəddəs Kitabımızda da var.
Gülüşməyə ara verən qonaqlar fikir aləminə daldılar.

Maraqlı     Baxılıb: 2830   Tarix: 20 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

turlar.az

gozel gorunmek yemek reseptleri sac duzumleri donlar 2026 yaglarin faydasi əlibala hacızadə kətə kosmetika qadin.az vətən haqqında bayatılar novruz hakista novruz bayramina aid hakista baldiza aid