QİÇS-lə bağlı doğru bilinən yanlışlar

QİÇS-lə bağlı doğru bilinən yanlışlarHəyatda hər kəs şanslı doğulmur. Bəzən ağır sınaqlar ilə qarşılaşmalı oluruq. Ən acınacaqlısı isə odur ki, gözləmədiyin anda, heç bir günahın olmadan özünü faciənin içində tapasan. QİÇS də bir insanın həyatında qarşılaşacağı dəhşətli bəlalardan biridir. Sadəcə özünü narahat hiss etdiyini düşünərək müayinəyə getdiyi xəstəxanadan gələn bir zəng və QİÇS xəstəliyinə yoluxduğun barədə xəbər... İndi siz telefonun arxasındakı pasiyenti düşünün. Saniyələr içində ağlında olan saysız-hesabsız suallar, canına yayılan qorxu, "Allahım, haradan tapdı bu bəla məni? Nə edəcəm?" düşüncəsi ilə ömründən ömür gedir. Kim istəyər axı, bütün ömrünü sevdiklərinə yaxın durmaqdan qorxaraq keçirsin? Yəqin ki heç kim...
Təbii ki, öz laqeydliyi, tüfeyli həyat tərzi nəticəsində QİÇS-in qurbanına çevrilənlər də var. Bilirik ki, xəstəliklər üçün nə zaman, nə sərhəd, nə də qadağa yoxdur. İnsan öz əməlləriylə də bəlalara, xəstəliklərə qucaq aça, ya da sağlamlığa təminat yarada bilər.
Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri adını çəkdiyimiz qazanılmış immun çatışmazlığı sindromu-QİÇS-dir. QİÇS epidemiyasını pandemiya adlandıranlar da var. Bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Dünyada və ölkəmizdə tibb elminin qarşısında bir sual kimi durur bu "sakit ölüm"ün müalicə yolları. 
Biz də bu suala cavab tapmaq üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yollandıq. İçəri girəndə gözlərim mərkəzin hər künc-bucağını gəzirdi. Çünki getmədən öncə məni qəribə bir vahimənin öz ağuşuna alacağını düşünürdüm. Lakin heç də belə olmadı. Əslində qorxmalı olduğumuz mərkəz və ya oradakı insanlar deyil, elə QİÇS-in özüdür. Bəs qorxularımızı necə aşaq? Bu bəladan necə qorunaq? 
Bütün bunları yalnız bu sahəni dərindən bilən biri cavablandıra bilərdi. 
Elə bu səbəbdən Lent.az-ın bu dəfəki müsahibi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova oldu:
- Bilirik ki, cəmiyyətimizdə bəziləri QİÇS-ə əxlaqsız bir xəstəlik kimi baxır. Bəs əslində QİÇS nədir? Həqiqətən tərbiyəsizlikdən gələn bir xəstəlikdir?
- İnsanın İmmun Çatışmazlıqları virusları (İİV) tərəfindən törədilən infeksiya İİV infeksiyası adlanır. Yəni, bu, insan orqanizminə daxil olduqdan sonra immun sisteminin davamlı zədələnməsi ilə xarakterizə olunan və başqa xəstəliklərin meydana çıxmasına  səbəb olan infeksiyadır. İİV infeksiyası isə ağırlıq dərəcəsindən asılı olaraq 4 mərhələdən ibarətdir. Onun dördüncü mərhələsi sizin sualınızda adını qeyd etdiyiniz Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) adlanır. Rus dilində SPİD, ingilis dilində isə AIDS deyilən bu xəstəliyə qarşı bizim cəmiyyətdə yanlış bir yanaşma var. Deyirlər ki, QİÇS-ə yoluxanlar pis yolun yolçusudur, əxlaqsızdır və s. Əslində, heç də belə deyil. İİV infeksiyası cinsindən, irqindən, sosial statusundan və ya yaşından asılı olmayaraq hər kəsdə ola bilər. Bu xəstəliyi kateqoriyalaşdırmaq düzgün deyil.
- Elə hazır QİÇS-ə qarşı cəmiyyətdəki baxışdan danışmışkən bir sualım da olacaq... Biləndə ki kimsə QİÇS xəstəsidir, insanlar ondan uzaq durmağa, iyrənməyə və hətta onu aşağılamağa başlayırlar. Sırf bu münasibətdən dolayı QİÇS-ə yoluxmuş şəxslər öz xəstəliklərini dilə gətirməyə, kimdənsə kömək istəməyə, "Amandı, kimsə görər, bilər" deyə həkimə getməyə belə utanırlar. Onlara nə məsləhət görərdiniz?
- Bu yanaşma diskriminasiya adlanır, hansı ki İİV infeksiyasına yoluxmuş insanlara qarşı onların yaxınları, dostları tərəfindən fərqləndirici bir münasibətdir. Amma hər birimiz İİV infeksiyasının yoluxma yollarını bilsək, onun qurbanlarından "xəstəliyə yoluxaram" deyə qorxmaz, uzaq durmarıq. Əlbəttə ki, profilaktik tədbirlər hər birimiz üçün vacibdir. QİÇS-ə yoluxmaq istəməyənlər, bu infeksiyaya tutulanlardansa, zərərli vərdişlərdən və təhlükəli davranışlardan çəkinməlidirlər. Ümumiyyətlə, insanlar maariflənməlidirlər. Təbii ki, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi komandası olaraq bunun üçün maarifləndirici tədbirlər, söhbətlər, müayinə aksiyaları həyata keçirir, ictimai nəqliyyatlarda videoçarxlar, məlumatlar yayımlayır, əlimizdən gələni edirik.
Hətta cəmiyyətin qınağından çəkinib mərkəzə gəlməyən insanlar üçün səyyar maşınlarımız, könüllü müayinə məntəqələrimiz də fəaliyyət göstərir. Bu, həm paytaxtda, həm də regionlarımızda həyata keçirilən bir proqramdır. 
- Onda belə başa düşdüm ki, mütləq deyil ki QİÇS qurbanı biri ilə cinsi əlaqədə olan şəxs və ya ondan dünyaya gələn körpə bu xəstəliyə yoluxsun...
- Əlbəttə ki, bu mütləq deyil. Əgər bir şəxsdə İİV infeksiyası aşkarlanırsa, ilk olaraq onu antiretrovirus terapiya adlanan müalicə proqramına cəlb edirik. Bu müalicə bir neçə aspektdən əhəmiyyətlidir. Birinci əhəmiyyəti epidemioloji cəhətdəndir. Yəni, virusun bir şəxsdən digərinə ötürülməsinə mane olur. İkincisi, kliniki əhəmiyyətdir. İİV-ə yoluxmuş insanlarda kliniki ağırlaşmaların, digər xəstəliklərin ortaya çıxmasının qarşısını alır. Ən vacibi isə virusoloji özəlliyidir. Bu müalicə virus yükünün qanda müəyyən olunmayan səviyyəyə qədər enməsini təmin edir. Müalicənin immunoloji əhəmiyyətini də qeyd etməliyik. Bu, immun sistemimizin yüksək olmasını təmin edir.
Eyni zamanda, antiretrovirus terapiyanın sosial əhəmiyyəti də var ki, insanların həyat keyfiyyətini yaxşılaşdırır, ömrünün uzanmasına xidmət göstərir. Hər şeydən vacib olan isə virusun erkən mərhələdə aşkarlanmasıdır. 
Müalicədən keçən pasiyentlər ətraf üçün təhlükə doğurmurlar. Hətta mərkəzimizin qeydiyyatında elə qadınlar olub ki, hamiləliyinin sadəcə son mərhələsində İİV-ə yoluxduğu barədə məlumatlı olub. Bununla belə, mərkəzimizin müalicə proqramına qoşularaq sağlam övlad dünyaya gətiriblər.
- Dediniz ki, cəmiyyətdə QİÇS-lə bağlı yanlış düşüncə formalaşıb, bu xəstəlik yalnız cinsi yolla qazanılmır. Bəs hansı yollarla QİÇS xəstəliyinə düçar ola bilərik?
- Təbii ki, hamının ilk ağlına gələn yoluxma səbəbi cinsi əlaqədir. Lakin başqa yollarla da bu xəstəliyə yoluxmaq mümkündür.
Məsələn, İİV virusları ilə çirklənmiş qan preparatlarının köçürülməsi, həmçinin donorların bir-birinə orqan və ya toxuma transplantasiyası zamanı alətlər steril vəziyyətdə deyilsə, yoluxma baş verə bilər. Xüsusilə vurğulamaq istəyirəm ki, bu infeksiyaya yoluxmuş şəxslər arasında inyeksion narkotik istifadəçiləri kimi risk qrupları var. Bu istifadəçilər steril olmayan, qrup şəklində istifadə olunan şprislər vasitəsilə virusu birindən digərinə ötürə bilirlər. 
Digər bir yol isə hamiləlik dövründə anadan uşağa ötürülmədir. Bu, həm bətndaxili inkişaf dövründə, həm də südvermə zamanı baş tuta bilər. Təbii ki, söhbət müalicə olunmayan, antiretrovirus terapiya, dərman preparatları qəbul etməyən şəxslərdən gedir. Onlar müalicə olunmadıqda qanda müəyyən bir səviyyədə virus yükü aşkarlanır və nəticədə başqa insanları, hətta uşağı bu xəstəliyə yoluxdura bilirlər. 
Bu, nə kontakt, nə hava-damcı infeksiyası deyil ki, ailə üzvləri onlara yaxın durmağa çəkinsinlər.  Asqırmaq, öskürmək, nəfəs vermək, toxunmaq, öpmək, eyni qab-qacaqdan istifadə etmək və s. zamanı bu virusun yoluxması mümkün deyil.
- Günəş xanım, mərkəzinizdə xəstələrə başqa hansı xidmətlər göstərirsiniz?
- Bu bizim üçün çox əhəmiyyətli sualdır. 
Deməli, İİV-ə yoluxmuş şəxslərin həm ambulator, həm də stasionar müalicəsi həyata keçirilir. Qeydiyyatdan keçmiş şəxslər istədikləri vaxt mərkəzə müraciət edə və dərman preparatları əldə edə bilərlər. Qeyd edim ki, bu şəxslərin müalicəsi də, dərman preparatlarının təminatı da dövlət tərəfindən ödənişsiz şəkildə, konfidensiallıq prinsipi gözlənilməklə həyata keçirilir. Bundan əlavə, nisbətən vəziyyəti ağır olan və ya özündə narahatlıq hiss edən pasiyentlər həkimlərimiz tərəfindən qiymətləndirilir, nəticədə onlara stasionar müalicə təklif olunur. Yəni, onlar xəstəxanada yerləşdirilərək müalicə olunurlar. Mərkəzə daxil olan hər bir vətəndaş bizim qayğımızı, dəstəyimizi hiss edir. Nəinki İİV-ə yoluxmuş insanlara, ümumiyyətlə müayinə üçün gələnlərə belə mərkəzdə psixoloji dəstək göstəririk. Həmçinin, stomatoloji xidmət, profilatika proqramları da həyata keçiririk. Respublika QİÇS-lə Mübarizə Mərkəzi yalnız İİV-ə yoluxmuş şəxslərə deyil, həmçinin ümumi əhaliyə, xüsusilə risk qruplarına xidmət göstərir. Müayinədən keçən şəxslər üçün mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.
Yalnız xəstələrlə deyil, eyni zamanda onların ailələri ilə də söhbətlər aparırıq. Müalicələrimizdə Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq beynəlxalq təcrübələrdən istifadə edirik. Bunların hər biri cəmiyyətimizin, o cümlədən tibb işçilərinin də maariflənməsi üçündür.
- Bu qədər müalicə üsullarından, xəstələrin sağalması üçün göstərilən xidmətlərdən danışdıq. Bəs, xəstələr sağaldıqdan sonra yenidən cəmiyyətə tam adaptasiya ola bilirlərmi?
- Əgər bir şəxsdə İİV infeksiyası aşkarlanırsa, bu o demək deyil ki, həyatın sonudur. Dərhal biz həmin xəstəni qeydiyyata alır və müalicə tətbiq edirik. Bundan sonra əlbəttə ki, onlar əvvəlki həyat tərzinə qayıdır, öz fəaliyyətlərini icra edirlər. Sadəcə əsas məsələ infeksiyanı vaxtında aşkar etməkdir. Daha sonra həm psixoloji, həm də sağlamlıq baxımından biz onlara istənilən yardımı göstəririk.
- Doğrudur ki, QİÇS xəstələri məhz onların nə yaşadıqlarını anlasınlar deyə digər insanları da buna yoluxdurmaq istəyirlər? Nə vaxtsa, hər hansı xəstədə belə bir aqressiya hiss etmisiniz?
- Onlarla daimi ünsiyyətdə olan bir həkim olaraq deyim ki, mən indiyə kimi heç bir İİV-ə yoluxmuş şəxsdə xüsusi aqressiya hiss etməmişəm. Əksinə bu xəstələr çalışırlar ki, digər ailə üzvlərinə qarşı daha qayğıkeş olsunlar, bilmədən onları da İİV-ə yoluxdurmaqdan narahat olurlar. Çox istərdim ki, cəmiyyətdə İİV-ə yoluxmuş şəxslərə qarşı düşüncə tərzi tamamilə dəyişsin. Çünki cəmiyyətin doğru bildiyi yanlışlar var.
- Ölkəmizdə İİV/QİÇS-lə bağlı statistika nə yerdədir? 
- Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət illər ərzində İİV infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Ümumilikdə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 37 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10324 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Bu İİV-lə yaşayan insanların 70%-i kişi, qalan 30%-i isə qadınlardır.
- Bir qədər öncə mərkəzdə QİÇS-dən əvvəl profilaktik tədbirlərin aparıldığını qeyd etdiniz. Yaxşı bəs, mərkəzə gəlmədən özümüzü bu xəstəlikdən necə qoruya bilərik? Nələrə riayət etməliyik?
- Bu da mövzumuzla bağlı ən vacib suallardan biridir, deyə bilərəm. İlk olaraq sadaladığımız yoluxma yollarını mütləq şəkildə bilməli, maariflənməliyik. İldə ən azı iki dəfə İİV testindən keçməliyik. Çünki virusun inkubasion periodu var, yəni bir şəxs İİV-ə yoluxa, amma 3-6 ay ərzində bu, qanda aşkarlanmaya bilər. İİV elə bir infeksiyadır ki, biz onun törədicisini yalnız qanın müayinəsi zamanı müəyyən edə bilirik.
Eyni zamanda, artıq insanlar özləri ağız boşluğunda "self-testing" adlanan müayinəni həyata keçirə bilirlər. Bununla onlar İİV-ə yoluxub-yoluxmadıqlarını aşkar edirlər. Mərkəzimiz istəyən hər kəsi həmin test paketləri ilə təmin edir. Xüsusilə gənclərə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edirəm. Manikür/pedikürdən, kosmetoloji prosedurlardan istifadə edən qadınlar, bərbərlərə müraciət edən kişilər gigiyenik qaydalara riayət etməlidirlər. Altından xətt çəkərək vurğulamaq istədiyim məqam isə təsadüfi cinsi əlaqələrdən çəkinmək, eyni zamanda qoruyuculardan istifadə etməkdir.
Hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirib, qorunma üsullarına riayət etsək, nə bu xəstəliyə yoluxa, nə də başqalarını yoluxdurarıq. Atalarımız demişkən, hər kəs yüz il yaşamasa, günah onun özündədir.
Milli.Az

Xəbərlər     Baxılıb: 867   Tarix: 23 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin

Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır. xəbər verir ki, bu barədə plastik cərrahlara istinadən yazıb. Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməy

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı yaradan yeni texnologiyanı təqdim edib. xəbər veri

.

Bir ay hər gün limonlu su içsəniz nə olar?

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran limonlu su sadə, lakin təsirli bir vərdiş olaraq diqqət çəkir.Xüsusilə səhərlər ac qarına istehlak edildikdə, bir ay nizamlı olaraq istehlak edildikdə limonl

.

Bəzi xiyarlar niyə acı dadır?

Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssislər bu halın əsas səbəbinin xiyarın tərkibindəki "kukurbitasin" adlı maddə olduğunu bildirirlər. xəbər verir ki, bu maddə xiyarın xüsusilə uc

.

Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub. bu barədə "Nature Communications"

.

Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza

.

Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi

Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıblar. Onlardan bəzilərinin ölümcül Nipah və Hendra virusları ilə eyni virus ailəsinə aid olduğu bildirilib. xəbər verir ki, tədqiqat Yunnan vilayətind

.

Bu dezodorant səssizcə sağlamlığı məhv edir

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır. -ın xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj etmek qaydalari sade makiyaj sekilleri qadın geyimi üzdə civzələr qadınlar və kişilər qadın ətirləri bilinçik resepti masturbasiya nedir bayraq zencefil nağıllar sirniyatlar