Zəfəran - çöllərin zərif qızı

Zəfəran - çöllərin zərif qızıTarixi mənbələrə görə zəfəran Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. O zaman Dərbənd ərazisində, Ağdam, Salyan və Gəncə ətrafında zəfəran becərilirmiş. Xüsusən də Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişli olub. Həsən bəy Zərdabi yazırdı ki, zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdən biridir. 1927-ci ildə Bilgəhdə "Zəfəran" sovxozu da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru zəfəran istehsal olunurdu.
İndi də respublikamızın müxtəlif yerlərində zəfəran becərilir. Amma bununla nəinki daxili, hətta, bitkini becərənin şəxsi tələbatı belə ödənmir. Bu da ondan irəli gəlir ki, indi sovxozlar, təsərrüfat sahələri yoxdur. Təkcə Bilgəh qəsəbəsində salınmış keçmiş sovxozun ərazisində 14 hektarlıq zəfəran bağı qorunub-saxlanılır, bir də ayrı-ayrı şəxslər öz həyətyanı sahələrində bu bitkini becərirlər. Nədənsə fermerlər də bu sahəyə "qol qoymaq" istəmirlər, halbuki zəfəranın faydası, ondan gələn gəlir bu bitkinin becərilməsinə çəkilən xərci artıqlaması ilə çıxarır.
Onda insanlar zəfəranı əkib-becərməkdən niyə "qaçaq" düşüblər?!
Bəllidir ki, zəfəran soğanaqlarla artırılır. Soğanaq yastı, kürə formalı olur və adi soğana bənzəyir. Açıq sarı rəngli soğanaqlar zərif, açıq qızılı - çəhrayı rəngli birinci pərdə, sonra isə qaba lifli, tünd, qonur rəngli ikinci pərdə ilə örtülü olur. Soğanaqlar aprel, may aylarından sentyabrın axırına qədər sakit (istirahət) dövr keçirir. Zəfəran soğanaqları oktyabrın sonunda çiçəkləməyə başlayır. Abşeronun iqlim şəraitində noyabr ayında çiçək açır və çiçəyinin ömrü 3 - 5 gün olur. Ümumi çiçəkləməsi iki həftəyə qədər davam edir. Ayrılıqda hər bir bitkinin çiçəkləməsi 2 - 3 günə başa çatır.
1 kq quru zəfəran əldə etmək üçün 200 min çiçək lazımdır
Zəfəranın əkilməsi və yığılması prosesi barədə daha dolğun məlumatı Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Subtropik bitkilər şöbəsinin müdiri Cəlal Məmmədovdan aldıq. Onun sözlərinə görə, zəfəran ən çox dişicik kök soğanaqları ilə çoxaldılır. Soğanaqlar seçilib ölçülərinə görə çeşidlənir. Əkin iyun-iyul aylarında aparılır. Sahələrdə 1,5x2,5 metr ölçüdə ləklər hazırlanır. Bitki cərgəarası 15 sm, cərgələrdə bitkilərarası isə 8-10 sm olmaqla əkilir. Əkinin dərinliyi soğanaqların iriliyindən asılı olaraq aparılmalıdır. Ana soğanaqlar əkiləndən 5 - 7 il sonra qazılıb çıxarılmalı və seyrəldilməlidir. Əks təqdirdə, bitki cırlaşır, məhsuldarlıq aşağı düşür. Soğanaqların çıxarılması mayın axırı və iyunun ortalarında aparılmalıdır. Çıxarılan soğanaqlar 3-4 saat günəşli havada qurudulur, xüsusi anbarlarda saxlanılır. Bir soğanaq əkiləndən iki-üç il sonra 6-12 çiçək verir.
Zəfəranı toplayan zaman onu çiçəklə birlikdə qoparır, çiçəkdən ayıraraq sərib qurudurlar. 1 kiloqram quru zəfəran əldə etmək üçün 180000 - 200000 çiçək dərmək lazımdır. Çiçək xammalı çoxlu qarışıq sapvari dişicik tellərdən və sütuncuqdan ibarətdir. Hər çiçəkdə altı ləçək olur.
Zəfəran Abşeronda iyul, avqust aylarında əkilir. Cərgə aralarına kultivasiya çəkiləndə yığım dövründə tapdanıb bərkimiş torpaqlar yumşalır, havanın daxil olması asanlaşır. Cərgələrin yanlarında qalan müdafiə zolağı kətmənlə, cərgənin özü isə dırmıqla yumşaldılır, alaq otları təmizlənir. Dırmıqlardakı dişlərin arası elə olmalıdır ki, iş vaxtı pöhrələrin üstünə düşüb sındırmasın. Sonralar cərgə alaq və ya suvarmadan sonra qaysaq bağladıqda kultivatorla yumşaldılır.
Zəfəranın çiçəkləri yığıldıqdan sonra onun intensiv böyüməsi başlayır. Bu, noyabrın axırı və ya dekabrın əvvəlinə təsadüf edir. Birinci dəfə əlavə gübrəni dekabrın əvvəllərində səpmək olar. Zəfəran əkilərkən torpağa kifayət qədər superfosfat və kalium duzu verildiyindən əlavə gübrə kimi yalnız amonium şorasından istifadə edilir. Payızın əvvəlində yağışlar olanda zəfəranın vegetativ orqanları sürətlə inkişaf edir. Bu zaman su qənaətlə verilməlidir. Payız quraq keçdikdə isə yalnız oktyabr ayında bitkilər suvarılmalıdır.
C.Məmmədov deyir ki, Azərbaycanda zəfəran yetişdirilməsi üçün iqlim və torpaq şəraitinin əlverişli olmasına baxmayaraq, bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar aşağı düşüb, maya dəyəri baha başa gəlir. Bunun bir səbəbi də əkin materialının az olması, əkən-becərən texnikanın qıtlığıdır. Başlıca səbəbi isə aqrotexniki tədbirlərin düzgün həyata keçirilməməsidir: "Bununla belə, Bilgəh qəsəbəsində, keçmiş sovxozun ərazisində 14 hektar torpaq sahəsində və Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Subtropik Bitkilər Təcrübə Stansiyasının Binə qəsəbəsində yerləşən bir hektarlıq ərazisində zəfəran bitkisi becərilir. Buradan əldə olunan məhsul isə daxili tələbatın az bir qismini təmin edir".
İnsan ildə 1 qram zəfəran qəbul etməlidir
Qeyd etdiyimiz kimi, hazırda az da olsa, ayrı-ayrı şəxslər öz həyətyanı torpaq sahələrində zəfəran becərirlər. Həmin şəxslərdən biri Bilgəh qəsəbəsində yaşayan və 15 ildən çoxdur ki, bu işlə məşğul olan İsmayıl Rafiqoğludur. Deyir ki, Bilgəhdəki bağ evində atasının zəfəran əkdiyini uzun illər müşahidə edib, sonra özü bu işlə məşğul olmağa başlayıb: "Son 15 ildə zəfəran əkini ilə məşğulam. Sahəm böyük deyil, cəmi 4-5 sotdur. İlk baxışdan zəfəranın əkilməsi və qulluğu asan görünə bilər, amma elə deyil. Zəfəran soğanağı torpaqda qaldıqca qalın qatla örtülür, hər il yeni qat əmələ gəlir. Ona görə də 5-6 ildən bir bu soğanaq torpaqdan çıxarılıb təmizlənməlidir, yoxsa çürüyüb gedəcək. Soğanaqları adətən, yayda torpaqdan çıxarıb təmizləyirik. Sonra havalı yerdə bir müddət səririk. Zəfəranın əkini yayda olur. Ən çətin dövr də noyabr ayı hesab edilir, həmin ay minlərlə zəfəran çiçəkləyir, hamısını yığıb təmizləməlisən. Çiçəyin daxilindəki 3 qırmızı tel bizim yararlandığımız ədviyyatdır. Onu ayırıb xüsusi üsulla quruduruq. Qış ayları zəfəranın inkişaf dövrüdür, bu vaxt bir soğanaq çoxalır, bir neçə ilə birindən 6-10 soğanaq əmələ gəlir. Bu dövrdə yalnız bitkinin ətrafındakı alağı təmizləyirik, başqa heç nə etmək olmaz".
"Yığım zamanı nə qədər zəfəran əldə edirsiniz, öz tələbatınızı ödəyirmi?" sualına belə cavab verdi: "Abşeronda sahəyə yaxşı qulluq edildikdə 1 hektardan 5 kiloqram quru zəfəran almaq olar. Zəfəranın yaxşı əmələ gəlməsi üçün mütləq bol yağış olmalıdır. Quraq keçən illərdə məhsul az olur. Bir insana ildə 1 qram zəfəran tələb olunur, yəni, 200 çiçəkdən alınan ədviyyə. Sahədən aldığımız məhsul özümüzə ancaq bəs edir, imkan olanda qohum-əqrəbaya da pay veririk".
Keyfiyyətli zəfəranı necə tanımaq olar
İsmayıl Rafiqoğlu dedi ki, bazarda 1 stəkanı 50 qəpiyə satılan zəfəranın əsl zəfəranla heç bir əlaqəsi yoxdur. Zəfəran stəkanla yox, qram-qram satılır ki, bu da heç bir halda ucuz ola bilməz. Onun əsl qiyməti 1 qram üçün 5-10 manat arası dəyişir. Yaxşı zəfəran tünd- qırmızı rəngdə olur, kəskin qoxusu var, suya qatıldıqda onu sarı rəngə boyayır. Onun 1 qramı 100 litr suyu tamamilə sarı rəngə boyaya bilir.
Bu sahəyə marağın azalması onun üçün də müəmmalıdır. Dünyada az ölkə var ki, orada zəfəran becərilir. Bu ölkələrdən biri də Azərbaycandır. 100-150 il öncə Avropaya, Rusiyaya zəfəran Azərbaycandan ixrac olunub. Abşeron camaatı zəfəranla dolanıb.
Zəfərançılığın bərpası vacibdir
Araşdırma apararkən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəisi İmran Cümşüdovla da görüşdük. Dedi ki, 1980-1985-ci illərdə Azərbaycanda ildə 100-120 kiloqram zəfəran istehsal olunurdu. Keçmiş SSRİ məkanında zəfəran yalnız Azərbaycanda - Abşeronda istehsal olunurdu. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə zəfəran bitkisinin də kütləvi becərilməsi dayandı: "Vaxtilə Bakının Bilgəh qəsəbəsi ərazisində fəaliyyət göstərən "Zəfəran" sovxozu il ərzində ümumilikdə 60 kiloqrama yaxın məhsul istehsal edirdi. Hazırda bu bitki Bilgəh sanatoriyası yaxınlığında, Buzovnada, Zuğulbada fermerlər və yerli əhali tərəfindən həyətyanı sahələrdə, ümumilikdə 20 hektara yaxın ərazidə becərilir. İndi ölkə üzrə zəfəran istehsalı çox aşağı səviyyədədir. Qeyri-rəsmi məlumata görə, 15 - 20 kiloqram zəfəran istehsal olunur".
Bir hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kiloqram soğanağın qiymətinin təxminən 5 manata başa gəldiyini, eləcə də yetişdirilmiş məhsulun satışı ilə bağlı çətinlikləri nəzərə alaraq əhali və fermerlər zəfəran yetişdirilməsinə az maraq göstərirlər. Daxili bazarın tələbatını ödəmək məqsədi ilə ölkəyə zəfəran əsasən qonşu İran İslam Respublikasından idxal edilir.
Halbuki zəfəranın insan orqanizminə faydasını saymaqla bitmir. Bu bitki qədimlərdən dərman bitkisi kimi istifadə olunur. Sinir sisteminə, ürək ağrılarına, böyrək xəstəliklərinə, qara ciyərin iltihabına, qıcolmaya, mədə və göz xəstəliklərinə, göy öskürəyə və s. yaxşı təsir göstərir. Bundan başqa, zəfəran iştahsızlığı, yuxusuzluğu, sinir zəifliyini aradan qaldırır, orqanizmi gücləndirir. Hətta baş, qulaq ağrıları zamanı zəfərandan istifadə effektli sayılır, öskürəyin qarşısını alır, qızdırmanı aşağı salır.
Belə olduğu halda, niyə bu qiymətli bitkini kənardan gətirək? Axı, öz məhsulumuz gətiriləndən daha keyfiyyətli, daha faydalıdır!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

makiyaj etmek qaydalari maskalar gözəllik məhsulları qış xəstəlikləri qiz usagini acmaq xiyar tursusunun hazirlanmasi qaydasi usaqlarda angina kosmetika nizami gəncəvi vətənə aid atalar sözləri sanama uzeyir hacibeyli sirniyatlar