Həyat yoldaşını necə seçməli?
Həyat yoldaşı seçimi istər xanımlarımız, istərsə də bəylərimiz üçün çox önəmli məsələdir. Bəylərimiz ailəsinə layiq olacaq, valideynlərinə hörmət qoya biləcək bir xanımın övladlarının anası olmasını istəyir. Xanımlar da öz növbəsində bu nüanslarla yanaşı, ona diqqət yetirən, daha çox sevgi, diqqət, nəvaziş göstərən bir bəyi arzulayırlar. Əlbəttə, bu zaman maddi tələblər də önə çəkilə bilər. Xüsusilə də son dövrlər ailə həyatı qurmağa hazırlaşan bəzi xanımlar üçün maddi tələbat ön planda durur. Əslində xanımların bu istəyini normal qarşılamaq olar. Sevgi olmadan, sırf maddiyyat üzərində ailə qurduqda ocağımızın qısa müddətdə sönə biləcəyini də unutmamalıyıq. Bu baxımdan həyat yoldaşı seçərkən ilk olaraq öz tələblərimizi, kriteriyalarımızı nəzərə almalı, hər şeyi, atalarımızın sözü ilə desək, yüz ölçüb, bir biçməli, qarşımızdakı şəxsi yaxından tanımalıyıq. Həyat yoldaşı seçimi edərkən başqa hansı nüansları nəzərə almalıyıq?
Psixoloq Asəf Kərimov qaranlıq qalan mətləblərə aydınlıq gətirir. Psixoloq bunun üçün xüsusi reseptə ehtiyac olmadığını söyləyir. İlk növbədə şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır:
"Ailə qurmaq üçün məsləhət vermək, ümumi resept yazmaq çətindir. Belə ki, ilk növbədə bu, şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri ilə bağlıdır. Müasir dövrdə bir çox psixoloqlar ən müxtəlif testlərdən istifadə edərək konkret bir şəxsə ona uyğun olan şəxsin xüsusiyyətləri ilə bağlı mühakimə yürüdə bilərlər. Lakin bunu tam dəqiqliklə, əminliklə "sənin sevdiyin insan bu xüsusiyyətlərə malik şəxs olarsa, sən xoşbəxt olarsan" fikrini demək düzgün deyil. Çünki ailənin xoşbəxtliyi təkcə ailə quran şəxslərlə bağlı olmayıb, eyni zamanda bu ailənin ətrafında olan digər şəxslərlə münasibətlərindən də asılıdır. Hər bir qadın ideal kişi dedikdə ilk olaraq ailəsində ideal saydığı, bütün mənfi və müsbət tərəflərini gördüyü kişi obrazı olaraq atasını, bəylərimiz isə ideal qadın kimi anasına bənzər xanımları təsəvvürlərində canlandırırlar. Bu mənada gənc ailə özündən əvvəl olan nəslin ailə ənənələrinin böyük bir hissəsini mənimsəyir".
Ailə həyatı qurarkən bir sıra ümumi xüsusiyyətlərə nəzər yetirməyin önəmli olduğunu deyən psixoloq tərəflərin ailə ilə bağlı təsəvvürlərinin olmasının da vacibliyini vurğulayır: "Ümumi xüsusiyyətlər var ki, ailə qurarkən bunlara fikir vermək gərəkdir. Buna görə hər hansı xüsusiyyətlərdən danışarkən ideallaşdırmadan uzaqlaşaraq realist gözlə seçdiyimiz şəxsi görməyə çalışmalıyıq. Bunun üçün qadın, həm də kişi ailə ilə bağlı tam təsəvvürə malik olmalıdır. Yaş amilini mütləq nəzərə almaq lazımdır. Hansı yaşda ailə həyatı qurmağınız, seçdiyiniz şəxsin yaşı və bacarıqlarınız arasında uyğunluq görmək lazımdır".
Ailə ilə bağlı yanlış fikirlərin olduğunu deyən A.Kərimov miflərdən söz açır: "Ailə ilə bağlı bəzən yanlış məlumatlar əsasında formalaşmış təsəvvürlər var.
Nikahla bağlı miflər
- Əgər biz bir-birimizi seviriksə, bizdə hər şey yaxşı alınacaq.
- Həmişə əvvəlcə başqa insan haqqında düşünmək lazımdır.
- Daha çox müsbət tərəfləri qeyd etməyə çalışaraq, tənqidi özünüzdə saxlayın.
- Əgər nə isə problem yaranırsa, gələcəyə baxmaq, ona istiqamətlənmək lazımdır.
- Özünüzə ilk əvvəl nikah cütlüyünün bir elementi kimi, daha sonra fərd kimi yanaşın.
- Nəyim varsa, hamısı sənindir.
- Nikah insanları əvvəlkindən daha xoşbəxt edir.
- Uşaqlarımız üçün yaxşı olan bizim üçün də yaxşı olmalıdır.
Boşanma ilə bağlı miflər
- Əgər bir-birimizi artıq sevmiriksə, deməli, heç nə etmək mümkün deyil.
- İlk növbədə özün haqqında düşün.
- Mənfi cəhətləri qeyd edərək daim tənqid elə.
- Əgər nə isə alınmırsa, problemlər həll olunmursa, keçmişə nəzər sal.
- İlk növbədə özünü fərd, daha sonra isə nikah cütlüyünun elementi kimi nəzərdən keçir.
- Sənin olan həm də mənimdir.
- Boşanma insanları bədbəxt edir.
- Bizim üçün yaxşı olan, uşaqlarımız üçün pis nəticələnə bilər.
Təkrar nikahla bağlı miflər
- Bu dəfə hər şey yaxşı olacaq, çünki hər şeyi düz edəcəyik.
- Hər zaman ilk olaraq başqaları haqqında düşünün.
- Müsbət cəhətləri qeyd edərək, mənfi cəhətlərə diqqət yetirməmək lazımdır.
- Əgər nə isə alınmırsa, keçmiş aiənizi yada salaraq çalışın ki, bu yenidən təkrarlanmasın.
- Şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq insan nikahla bağlı mifə uyğun olaraq hərəkət etməklə özünü ilk olaraq nikahın bir elementi və yaxud boşanma ilə bağlı mifə uyğun gələn fərd kimi nəzərdən keçirə bilər.
- Mənim olan mənimdir, sənin olan sənin.
- Nikah insanı əvvəlki həyatdan fərqli olaraq daha xoşbəxt edir.
- Bizim üçün yaxşı olan uşaqlarımız üçün zərərlidir.
Qeyd olunanlara nəzər yetirdikdə hər bir şəxsin nikah, ailə və ümumiyyətlə birgə həyatla bağlı dünyagörüşündən, məlumatlılığından, nikaha, birgə yaşayışa hazırlıq səviyyəsindən gələcək nikahın nə qədər asılı olduğunu müəyyən etmək çətindir. İnsanlar ilk növbədə qarşılıqlı simpatiya, rəğbət, sevgi əsasında ailə qururlar. Əksər hallarda, 70%-ə qədər qadın və kişilər ailə qurarkən sevgi amilini əsas tuturlar. Lakin sevgi evliliyin yalnız ilk altı ayı ərzində əsas kimi aktuallığını saxlayır. Daha sonra bu aktuallıq ikinci yerə keçərək bir-biri qarşısında məsuliyyət hissi, qarşılıqlı hörmət, səbrlə qarşılıqlı dinləmə, ünsiyyət mədəniyyətinə keçir. Xanımlarımız ilk növbədə ailə qurarkən ilkin sevgi, simpatiya hisslərini nəzərə almalıdırlar. Ünsiyyət mədəniyyəti - qarşısında olan şəxsi dinləmək, onun sözünü eşitməyi bacarmaq - sizin seçdiyiniz şəxsə xas olmalıdır. O öz fikirlərini deməklə yanaşı, sizi də eşitmək arzusunda olmalı, sizi də dinləməyi bacarmalıdır. Bu zaman xanımın şəxsi xüsusiyyətləri də əhəmiyyətli məna kəsb edəcək. Belə ki, əgər xanımın ailəsində hər zaman kişinin dediyi qanundursa, əksəriyyət zamanlarda atasının dediyi əmr formasında səslənirsə, onda belə ünsiyyətə öyrəşməsi faktı da qaçılmazdır. Buna görə xanımların aktivliyindən də çox şey asılıdır. Lakin istənilən halda kobud, qaba davranış, danışıq, yəqin ki, heç kimin xoşuna gəlməz".
A.Kərimov kişilərin ev işləri görməkdən bir o qədər də zövq almadıqlarını deyir. O, ailənin dolandırılması, maddi tələbatlarının qarşılana bilməsi üçün kişilərin gəlirlərini necə idarə etmələrinin də önəm daşıdığını vurğulayır:
"Vacib bir məqam nikah partnyoru seçdiyiniz şəxsin ailəni, iqtisadi və ev təsərrüfatını idarə etmək bacarıqlarıdır. Kişilərin böyük əksəriyyətinin ev işlərinə marağı o qədər də olmur. Bu halda onun hər hansı ev əşyasını təmir etmək bacarığı, simvolik olaraq "divara mıx çalmaq" bacarığını, nəzərə almağınız lazımdır ki, gələcəkdə evdə belə xırda məsələlərə görə mübahisəniz olmasın. O, eyni zamanda ailənin büdcəsini idarə etməyi bacarmalı və əgər yaxşı bacarmırsa, bunu sizin məsləhətinizlə kompensasiya etməyə qabil olmalıdır. Bu xüsusiyyəti onunla birgə hədiyyə alarkən hiss edə bilərsiniz, pulunu idarə etməyi bacarmayan şəxs adətən daha yaxşı imic üçün daha bahalı hədiyyəni seçməyə çalışaraq öz qərarını (avtoritarlığını) öndə tutacaq. Əgər o öz cibindəkiləri qorumağı bacarırsa, bu zaman sabahkı gün üçün cibində nə qədər məbləğin qalacağını düşünəcək.
Qadınlar maddi amili və ya bununla bağlı məsələləri mütləq nəzərə almalıdırlar. Çünki bir ailə özünün həyatında iqtisadi-maddi gəlirin əldə edilməsi və onun xərclənməsi, gələcəklə bağlı planların qurulması zamanı maddi gəlirin bölüşdürülməsi, idarə edilməsi ilə bağlı təcrübəsiz yaşaya bilməz. Sevdiyiniz və ailə həyatı qurmaq istədiyiniz şəxs gələcək ailəsini dolandırmaq üçün minimum vəsaiti əldə etmək qabiliyyətinə sahib olmalıdır. Seçim qarşısında qaldığınız zaman əsas üstünlüyü maddi rifaha verərək sevdiyiniz şəxsdən imtina edirsinizsə, bu sizin dəyərlərinizlə bağlıdır. "Mənin dəyərlərim hansılardır?" sualını özünüzə verməyi bacarın. Lakin digər bir tərəfdən perspektivdə oğlanın maddi gəlir qazanmaq imkanlarını, özünüzün qazandığınız gəliri ailə büdcəsinə daxil edə bilməyiniz, partnyorunuzun bu addımlara münasibətini də qiymətləndirmək gərəkir. Yox, əgər o heç bir bacarığa sahib deyilsə və sizin gəlirlərinizi əsas tutaraq ailə qurursa, o zaman onun dəyərləri də sizin tərəfinizdən o qədər də bəyənilən olmaya bilər. Lakin yenə bu sizin dəyərlərinizlə bağlıdır. Bəlkə, siz sadəcə "evdə kişi olsun" fikirlərini bölüşənlərdənsiniz. Ən yaxşısı - birgə həyat zamanı tədricən ailənizin və özünüzün maddi rifahı yolunda çalışmaq və ailə büdcəsini idarə etməklə gələcək perspektivləri birgə hazırlamaqdır".
Psixoloq müəyyən situasiyalarda kişilərdən bacardıqları qədər səbrli və təmkinli davranmalarını tələb edir: "Digər bir nəzərə alınmalı xüsisyyət onun sərbəstliyi, o cümlədən qeyri-sabit situasiyalarda səbrliliyi, soyuqqanlılığıdır. Çünki sizin də səbirsiz, hirsli vaxtlarınız ola bilər. Belə vəziyyətlərdə özünüzü təmkinli göstərə bilirsinizmi? Onun təmkinli olması gələcəkdə birgə həyat üçün olduqca önəmlidir. Çünki ailədə böhranlar olur və bu böhranlar bütün ailələr üçün mütləqdir. Belə vəziyyətlərdə həyat yoldaşınız daxili sabitliyini saxlamalı və eyni zamanda sizə məsləhət verməyi bacarmalıdır". Ekspert erkən nikahlardan söz açaraq atılan kor-koranə addımların böyük faciələr doğura biləcəyini deyir.
A.Kərimov valideyn məsləhəti ilə qurulan ailələri birmənalı olaraq pisləmir: "Erkən nikahlar məsələsinə bu mənada toxunmaq lazımdır. Xüsusilə gənc yaşlarından ailə quranlar yalnız sevgini və simpatiya hissini əsas tuturlar. Bu zaman mühüm amil onların həyat bacarıqlarının olmamasıdır. İndiki zamanda serialların insanların şüuruna girdiyi və erkən gənclik dövrünə qədəm qoyan qızların heç bir təhsil və peşə fəaliyyətinə can atmadan özünü aktuallaşdırmaq üçün seçim yolu kimi gəlinlik geymələri ağrılı problemlərdəndir. Çünki ailə həyatını yalnız bir günlük toy günü kimi təsəvvür etmək olduqca səthi yanaşmadır. Digər bir tərəfdən cəmiyyətdə olan kişi stereotiplərini də nəzərə almaq lazımdır. Cəmiyyət bu istiqamətdə maariflənməli, "babam nənəmlə evlənərkən nənəmin 15 yaşı var idi" fikrində olanlara "21-ci əsrdir" fikrini aşılamalıdır. Əvvəllər ailədə kişi avtoritarlığının mütləq olduğu zamanlar öz yerini qadın və kişi fərdinin şəxsi keyfiyyətlərinin hakimliyinin üstün olduğu zamana verib. Valideynlərin məsləhəti ilə qurulan ailələrdə də oğlan və qızın bir-birinə simpatiyası önəmli yer tutur. Əlbəttə ki, burada qadının və kişinin dünyagörüşü, ailə ilə bağlı təsəvvürləri mühüm yer tutur. Valideynlər məsləhət verir və bu məsləhət çox zaman illərin təcrübəsinə əsaslanır. Onlar qarşı tərəfin ailə ənənələrini, şəxsin bacarıqlarını, mədəniyyət və tərbiyəsini, perspektivlərini, təcrübəsini nəzərə alırlar. Lakin istənilən halda son söz gənclərə aiddir. Onların dünyagörüşü, bilikləri və simpatiyası mühüm rol oynayır. Valideyn məsləhəti ilə qurulan ailələri birmənalı olaraq pisləmək düzgün deyil. Lakin belə ailələrin qurulmasında zorakılıq olmamalıdır. Zorla ərə vermək, evlənməyə heç bir halda haqq qazandırmaq olmaz".
İdeal ailə olduqca mücərrəd anlayışdır. Bütün ailələrin inkişaf xəttinə diqqət yetirən zaman münasibətlərdə enişlər və yüksəlmələr nəzərə çarpır. Psixoloq ailə həyatı qurduqdan sonra yaranan böhranları müəyyən mərhələlərə bölür:
- Ailə həyatının ilk illəri xasiyyətlərin tutuşması, ailəyə adaptasiya dövrü, evdə liderin müəyyən olunması dövrü;
- İlk uşağın dünyaya gəlməsi ilə bağlı ailənin qayğılarının artması, onun əvvəlki oturuşmuş vəziyyətinin dəyişməsi ilə yaranan diskomfort, tələbatlar və münasibətlərdə yenilənmə dövrü;
- Orta yaş dövrü, qadın cinsi aktivliyinin aşağı düşməsi və bununla əlaqədar yaranan böhran;
- Uşaqların böyüməsi, evi tərk etməsi ilə yaranan yaşlılıq böhranı;
- Yaşlılıq dövrünün xəstəliklərlə əlaqədar böhranı;
- Kişi və qadından birinin dünyadan köçməsi ilə yaranan tənhalıq.
Bunları nəzərə alaraq bədii ədəbiyyatda və filmlərdə olan ideal ailə və ideal kişi obrazlarını yaddan çıxarıb qarşı tərəfi olduğu kimi qəbul etmək, onun bütün müsbət və mənfi tərəflərini görərək, onu dəyişmək deyil, özünü və həmçinin onun özünü dəyişməsinə istiqamətləndirməkdir".
f Paylaş