Üzr istəməkdən çəkinməyin

Üzr istəməkdən çəkinməyinƏn yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. "Gözəl tərbiyə" dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək... kimi keyfiyyətlər gəlir.
Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.
Siz ailə başçısısınız və övladlarınız sizin hər əməllərinizə göz qoyur, sizdən öyrənirlər. Öyrənmək deyəndə, sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, bir də onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu, çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad eləmir, amma bunu üzə vurub onu üzmür, sadəcə, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.
Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır. Təkcə üzr istəmək yetərli deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Əgər iş işdən keçibsə, yəni o vədiniz daha bir əhəmiyyət daşımırsa və ya onu yerinə yetirmək mümkün deyilsə, o xətanı kompensasiya edə bilmək üçün təkliflər irəli sürməlisiniz. Yəni əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.
Başqa misallar gətirək: sizə lazım olub və heç fərqinə varmadan övladınız üçün çox gərəkli bir kağızı və ya hər hansı yazını onun icazəsi olmadan götürmüsünüz. İndi övladınız o itkinin yerini doldurmaq üçün xeyli əziyyət çəkməlidir. Əlbəttə, üzr istəmək lazım gələcək.
Başqa bir misal: dərs ili başlayıb, amma siz hansısa problem üzündən övladınıza vəd etdiyiniz şeyləri hələ də ala bilməmisiniz. Əlbəttə, həm üzr istəmək, həm də həqiqəti onunla paylaşmaq lazımdır.
Dərs ilini uğurla başa vuracağı təqdirdə, ona velosiped hədiyyə edəcəyinizi demişdiniz, yenə sizdən asılı olmayan və ya hansısa üzrlü səbəbə görə gecikir və övladınız o xəyalına qovuşmaq üçün çox səbirsizlik edir. Yenə həm üzr istəyəcək, həm də gerçəyi söyləyib, bir qədər də gözləməsini xahiş edəcəksiniz.
Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı xəta işləmisinizsə, ondan üzr istəmək sizi ağıllı övladın gözündə daha da ucaldar.
Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Amma əlimizdən bir xəta çıxdısa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik. Sizin övladınız başa düşməlidir ki, insan başqalarının haqqını tapdamamağı, tapdadısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özünün həyat prinsipinə çevirməlidir.
Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək.
Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də cəza alacağından qorxmadan, güclü, üstün olduğu halda üzr istəmək, qarşı tərəfin kim olmasından, sosial durumundan asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.
Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.
Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar verirsə, başını o qədər aşağı dikər. Barlı ağac kimi dolu olub, təvazökar davranmaq üstünlükdür.
Bu məsələdə orta yolu tutmaq çox önəmlidir. Təkəbbür göstərmək zərərli, özünə zülm etmək olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Amma bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır.
Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi üzr istəyə bilsinlər. Yəni tərbiyənin təməli valideynlərin üzərinə düşür. Bu mövzuda valideynlər nə əkərlərsə, onu da biçərlər. Doğrudur, bəzən bu prinsip də özünü doğrultmur, amma hər halda biz valideyn olaraq boynumuza düşənləri qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfik.
Üzr istəməyi bacarmayan övlad ya bunun qarşılığını nə zamansa ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən çıxdaş edilir. Əslində bu cür insanları kimsə sevməz, onlara etibar, etimad etməz. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir.
Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevər.
Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, amma əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də nə dediyinizi və nə deyəcəyinizi irəlicədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən alaraq öz ruhuna, xarakterinə hopdurmalıdır. Əgər bunu bacarsanız, demək, məqsədinizə nail ola bilmisiniz.
Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin. Yoxsa hansı əməl boşa gedəcək ki?! Bir gün hər şeyin hesab-kitabı olmayacaqmı?- Əlbəttə, olacaq. Var, inanın ki, var, hər alınan nəfəsin, hər atılan addımın hesab-kitaba çəkiləcəyi bir gün var. Övladınızı o günə hazırlamaq istəyirsinizsə, bu dediklərimiz haqqında ciddi-ciddi düşünməlisiniz. Düşünün, doğru istiqamətdə düşünmək də ibadətdir. Düşünün, Allah köməyiniz olsun!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1163   Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista