Videokolposkopiya – ginekologiyada müasir müayinə. VİDEO

Videokolposkopiya – ginekologiyada müasir müayinə. VİDEOBugünkü söhbətimizdə əziz xanımlarımıza ginekologiyada vacib hesab edilən endoskopik diaqnostik metodlardan biri olan, çox dəyərli və universal videokolposkopiya haqda geniş məlumat vermək istərdim.
Videokolposkopiya və yaxud uşaqlıq boynunun videorəqəmsal izlənilməsi - ümumilikdə, uşaqlıq boynu patologiyalarının (əsasən də şişönü və qeyri-şiş mənşəli xəstəlikləri) yüksək texnoloji və çox da bahalı olmayan diaqnostik metodla vaxtında aparılan müasir skrininq müayinəsi olub, ənənəvi kolposkopiyanı xatırlatsa da, diaqnostikanı asanlaşdıran əlavələrə (videokamera, monitor və ya ekran) sahib olması ilə ondan ciddi surətdə fərqlənir.
Adı çəkilən bu prosedurun aparıcı xüsusi endoskopik cihazı videokolposkop adlanır, o  adi kolposkop cihazının təkmilləşmiş forması olub, xüsusi videokamera vasitəsilə əlaqələndirilərək patoloji görüntüləri izləyir və onları düzgün dəyərləndirməyə imkan verir.
Əldə olunan görüntülər videokolposkopa birləşdirilən ekrana və ya monitora verilir, bu isə icra edilən prosedur ərəfəsində pasiyentimizin canlı olaraq prosesi izləməsinə şərait yaradır. Bu xüsusiyyət videokolposkopiya metodunun unikal və təkrarolunmaz avantajı hesab olunur.
Müayinənin nəticəsi protokollaşdırılaraq xəstələrimizə həm yazılı blanklar şəklində təqdim olunur, müvafiq müalicə aldıqdan və təkrari mayinələrə gəldikdə son və əvvəlki nəticələr təhlil olunaraq təyin olunmuş müalicənin effektivliyi müəyyən edilir.
Videokolposkopiyanın əsasən reproduktiv yaş qruplu qadınlarda aybaşı tsiklinin I fazasında (follikulyar faza), yəni aybaşının 5-7-ci günündən 8-12-ci günlərinədək aparılması məsləhətlidir. Bu dövrdə servikal selik maksimal şəffaf olduğu üçün müayinəyə maneçilik törətmir.
Bu metodun vasitəsilə simptomsuz xəstəliklər (əsasən də displaziyaların erkən mərhələləri), uşaqlıq yolu və uşaqlıq boynunun müxtəlif növ iltihabi prosesləri, kistaları (bağlı vəzilərin), aşağı cinsiyyət yolları toxumalarının istənilən atrofik və ya xoşxassəli dəyişilmələri, eroziyalar, genital herpes, kondilomalar, poliplər, papillomalar, displaziyalar, uşaqlıq boynu xərçəngi patologiyalarının diaqnostikası mümkündür.
Bu diaqnostik metodunun üstünlükləri sırasında erkən mərhələlərdə uşaqlıq boynu patologiyaları dəqiq yoxlanıla bilir, daha böyük informativlik əldə olunur və vaxtında əsaslandırılmış ginekoloji müalicə tətbiq edilir. Videokolposkopiya ilə ginekoloji göstəriş əsasında biopsiya və sitoloji müayinələr üçün patoloji sahələrdən toxuma materialının toplanması da mümkündür.
Videokolposkopiya prosedurunun aparılmasında məqsədlər hansılardır?
1. Adi gözlə asan aşkar edilməyən uşaqlıq boynu xərçəngi və buna səbəb ola biləcək bir sıra xərçəngönü xəstəliklərinin (eroziyalar, leykoplagiyalar və s.) erkən müəyyən olunması;
2. Patoloji nahiyyələrdən məqsədyönlü biopsiya götürmək. Biz videokolposkopiyasız biopsiya götürəriksə sağlam və ya daha az zədələnmiş sahələrdən toxuma götürə bilərik və bu da səhv diaqnoza səbəb ola bilər ki, nəticədə xəstəyə ziyan vermiş olarıq.
3. Aşkarlanmış xəstəliklərin müalicəsində taktikamızı düzgün seçmək, yəni sonrakı müalicəni konservativ və ya operativ yolla aparmağa qərar vermək.
Videokolposkopiya müayinəsi necə aparılmalıdır?
Bu müayinə ambulator şəraitdə xüsusi kabinetdə ginekoloji kresloda (və ya masada) aparılır. Kolposkopiya qeyri-invaziv müayinə üsulu hesab olunur, prosedurdan qabaq xəstəyə müayinə haqqında müfəssəl məlumat verilir, onun diaqnostik əhəmiyyəti və təhlükəsizliyi başa salınır. Pasientə prosedur vaxtı lazım gəldikdə, biopsiya materialının götürülməsi haqqında xəbardarlıq edilir.
İlk etapda ginekoloji xəstə masaya uzadıldıqdan sonra uşaqlıq yoluna ginekoloji güzgü yeridilir, yaxşı olar ki, güzgü bədən temperaturuna yaxın-isti olsun. Bu da müayinə zamanı qadına əlavə mənfi emosiyaların aşılanmasının qarşısını qismən də olsa alacaqdır. Qadın psixoloji cəhətdən tam rahat olmalıdır ki, güzgünün və videokolposkopun yeridilməsinə maneçilik törətməsin.
Xəstənin ilk öncə uşaqlıq boynu fizioloji tampona hopdurulmuş pambıqla selikdən təmizlənilir və sadə baxış keçirilir. Bu etapda həkim-ginekoloq videokolposkopdan istifadə etməklə uşaqlıq yolu və uşaqlıq boynunun vizual müayinəsini, selikli qişanın ümumi vəziyyətini və servikal kanalın xarici dəliyinin anatomik quruluşunu, eyni zamanda daxili dəlik səviyyəsində (sərhəddində) epitelial toxuma qatlarının növ müxtəlifliyini qiymətləndirəcəkdir (sadə videokolposkopiya). Məhz bu nahiyədə çox zaman ilkin şiş ocaqlarının başlanğıcı qoyulur.  Beləliklə, sadə üsul həkim-klinisistə uşaqlıq boynunun səthini, forma və ölçüsünü vizual qiymətləndirməyə, servikal kanal nahiyəsinə baxmağa, yastı və silindrik epitelin sərhədlərini təyin etməyə imkan verir.
İkinci etapda artıq genişləndirilmiş videokolposkopiyaya keçmək olar, bu metod daha çox tanınmış olub, təxminən 4-60 dəfə optik böyütmə altında, xüsusi kimyəvi vasitələrdən - xüsusi sınaq məhlullarından istifadə edilməklə epitelial testlər aparılaraq lokal toxumaların cavab reaksiyaları qiymətləndirilir.
Genişləndirilmiş videokolposkopiya zamanı uşaqlıq boynunun epitelial səthinə ilk öncə 3%-li zəif sirkə turşusu məhlulu ilə sınaq qoyulur, toxumaların reaksiyasına baxılır, hazırki patoloji prosesdə pozulmanın xarakteri, selikli qişadakı qan damarları izlənilir. Belə ki, normal epitelial struktur quruluşa malik uşaqlıq boynu toxumasının epitelaltı kapillyar və arteriolaları sirkə turşusu məhlulunun təsiri ilə zülallarının müvəqqəti koaqulyasiyası və hüceyrəarası dehidratasiya prosesləri fonunda şişkinləşirlər, spazma məruz qalmaqla anemizasiya prosesinə uğrayırlar, rəngin avazıması müşahidə olunur.
Uşaqlıq boynunun bir sıra xəstəlikləri (xərçəngönü proseslər və atipizm) zamanı isə, yalnız patoloji sahələrdə epitelaltı atipik damarlar bu məhlula cavabsız qalaraq geniş mənfəzləri sayəsində rəngli görünməkdə davam edirlər, başqa sözlə atipik sahənin aksentləşməsi izlənilir. Bu xüsusiyyət normal və patoloji toxumaları differensasiya edilməsində həkimə çox kömək olmaqdadır 3%-li zəif sirkə turşusu məhlulu ilə aparılan sınaq ən vacib laborator müayinə hesab edilir, əldə olunan laborator nəticələrə əsasən müalicədə vacib həlledici qərarlar məhz bu etapda qəbul edilir. Yüksək informativlik xüsusiyyətinə malik olaraq epitelial toxumanın vəziyyəti haqda daha çox məlumat almaq mümkündür. Sınaq nəticəsində çoxqatlı yastı epiteli və silindrik epiteli konkret differensasiya edilə bilir. Effekt 1-5 dəq. əldə olunur.
Sirkə turşusu məhlulu sınağından sonra ardıcıl icra edilən Şiller sınağı zamanı uşaqlıq boynu selikli qişasına Lüqol məhlulu (kalium-yod və distillə olunmuş su qarışığı) yeridilərək yenə də sağlam və patoloji toxumaların rəng fərqlənməsinə diqqət edilir. Tipik (sağlam) çoxqatlı yastı epitelial toxuma qəhvəyi rənglə rənglənsə də patoloji silindrik epitelial toxumalarda rənglənmə qeyd olunmur, toxumalar solğun ağımtıl rəngdə olurlar - yadoneqativ atipik sahə (yetkin olmayan epiteli, diskeratoz) müşahidə olunur.
Rənglənmənin intensivliyi toxumalarda çox miqdarda qlikogenin olması ilə əlaqəlidir. Patoloji toxumaların mövcudluğu videokolposkopik aşkar olunduqdan sonra, lazım gələrsə hədəf biopsiyası materialı götürülərək histomüayinəyə göndərilir. Histoloji müayinə uşaqlıq boynunun şiş və qeyri-şiş mənşəli patologiyalarının aşkar edilməsində "qızıl standart" hesab olunur, informativlik 90-92 faizdir.
Prosedur patoloji prosesin həcmindən və ağırlıq dərəcəsindən asılı olaraq, təxminən 20-40 dəq arasında davam etdirilir. Damar torunun görünməsini yaxşılaşdırmaq üçün videokolposkopun yaşıl filtri istifadə edilə bilər. Rəngli filtrin istifadəsi uşaqlıq boynunun invaziv xərçənginin diaqnostikasında daha çox yardım edəcəkdir.
Beləliklə, genişləndirilmiş kolposkopiya ilə uşaqlıq boynunun sağlam toxumasında yerləşən kiçik damarları patoloji nahiyədəki xəstə damarlardan fərqləndirmək və bütövlükdə dəyişilmiş epitel ocaqlarını görmək olur. Nəticədə, hədəf biopsiyası götürüləcək hissənin seçilməsi asanlaşır. Biopsiya lazım gəldikdə icra edlir, yəni histoloji müayinə üçün şübhəli toxumadan material götürülür. Bəzən, biopsiya proseduru az ağrılarla müşayiət oluna bilər. Bundan əlavə, biopsiyadan sonra, qanlı və selikli ifrazat izlənilə bilər. Bu halda qanaxmanı dayandırmaq üçün elə yerindəcə elektrokoaqulyasiya və ya uşaqlıq yolunun tamponadası aparılır.
Videokolposkopiya müayinəsi əsasında uşaqlıq boynunun normal və normal olmayan kolposkopik görüntüləri əldə ediləcəkdir.
Belə ki, normal uşaqlıq boynunun selikli qişası hamar, açıq çəhrayı rəngdədir, çoxqatlı yastı epiteli qatından (ÇYE və ya orijinal skvamoz epiteli) təşkil olunmuşdur, damar toru eynicinslidir. Endoserviksi əhatə edən ektopik sahələr isə silindrik epitelidən (SE) ibarət olub, üzüm salxımını xatırladır və qırmızımtıl rəngdədir, damar toru eynicinslidir.
Patologiyalar zamanı isə, ağ hissələr (leykoplakiyalar), mozaik və ya nöqtəvari damar dəyişiklikləri təyin olunur. Bundan başqa, epiteli qatının atrofiyaslaşmasını, eroziyaları, iltihabı, polipləri, toxuma artımlarını (papillomalar, kondilomalar) da videokolposkopik aşkar etmək mümkündür. Selikli qişada izlənilən bütün bu dəyişikliklər kliniki olaraq uşaqlıq boynunun fon və xərçəngönü prosesləri kimi (displaziyalar) ümumiləşdirilə bilər.
Daha ağır vəziyyət isə, videokolposkopik olaraq, buynuzlaşmış epiteli qatının və ya qeyri-düz damar şəklinin təyinidir ki, bu da uşaqlıq boynu xərçənginə xasdır.
Kolposkopiya kimlərə aparılmalıdır?
1. Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan, rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa.
2. İnsan papilomavirusunun (İPV) yüksək onkogen tipləri (16;18) pozitiv olarsa, xəstə birmənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir.
3. Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir.
4. Palpasiya zamanı və ya gözlə görünən hər hansı bir lezyon varsa.
5. Kontakt qanama varsa.
6. Total histerektomiyadan (uşaqlığın uşaqlıq boynu ilə birlikdə götürülməsi) sonra anormal Pap-Smear cavabı olarsa.
7. Uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət üzvü, perianal və anal nahiyyə papilomavirus xəstəliyi olan bütün hallar.
8. Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları varsa.
9. Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə varsa.
Kolposkopiya müayinəsi niyə aparılmalıdır?
Bildiyimiz kimi uşaqlıq boynu xərçəngi rast gəlmə tezliyinə görə qadın reproduktiv sistemində süd vəzi xərçəngindən sonra ikinci, qadın ölümünə səbəb olaraq isə dünyada birinci yerdə durur. Belə ki hər il təxminən 630 min qadında ilkin olaraq uşaqlıq boynu xərçəngi aşkarlanır və təxminən 320 min qadın isə bu xəstəlikdən dünyasını dəyişir.
Uşaqlıq boynu xərçənginin yaranmasının etiologiyasında bildiyimiz kimi insan papilomavirusu (İPV) durur. Onuda qeyd etmək lazımdır ki,uşaqlıq boynu xərçəngi ilkin olaraq birdən-birə yaranan bəd xassəli xəstəlik deyil, bundan əvvəl mütləq olaraq xərçəngönü vəziyyətlər yaranır ki, bunu da vaxtinda aparılmış müayinələr nəticəsində aşkarlamaq olur.
Kolposkopiya müayinəsi də bu kimi xəstəliklərin erkən diaqnostikasında istifadə olunan yüksək informativliyə malik olan müayinə üsuludur. Xəstədə uşaqlıq boynunun xərçəngönü xəstəliyi yaranmışdırsa bunun uşaqlıq boynu xərçənginə keçməsi üçün lazım olan vaxt 5-17 bəzi alimlərin fikrincə isə 5-19 il vaxt tələb olunur. Qadınların illik skrininq müayinələrindən keçmələri kifayətdir ki, uşaqlıq boynu xərçənginin yaranma riskini sıfıra endirmiş olsunlar.
Kolposkopiya müayinəsi ağrılıdırmı?
Bu barədə xanımlar arasında yanlış fikirlərdə mövcuddur. Belə ki, bəzi qadınlar kolposkopiyanın ağrılı olduğunu, bəziləri ziyanlı olduğunu və s. düşünürlər. Qeyd etmək istəyirəm ki, bu müayinə qeyri-invaziv bir müayinə üsuludur, tamamilə ağrısızdır. Uşaqlıq boynuna sınaq qoyduqdan sonra obyekt bir neçə dəfə böyüdülür və məsafədən müayinə aparılır. Heç bir əlavə təsiri yoxdur və ziyansız müayinə üsuludur. Sadəcə kolposkopiya zamanı biopsiya götürməyə ehtiyac yaranarsa, bu zaman yüngül bir ağrılar ola bilər.
Kolposkopiyada nələrə diqqət olunmalıdır?
Kolposkopiya menstruasiyadan öncə və ya sonra istənilən gün aparıla bilər, yalnız qan gələn dövrlərdə aparılması məsləhət görülmür. Bundan başqa kəskin infeksiya olarsa, öncə müalicə etmək, sonra müayinəni aparmaq lazımdır. Menopauza dövründə və ya ovarektomiya (yumurtalığın götürülməsi) əməliyyatı keçirmiş qadınlarda qadın hormonu olan estrogenin kəskin çatışmamazlığı fonunda uşaqlıq yolunda atrofiya yaranır ki, bu da müayinənin informativliyini azaldır. Belə vəziyyətlərdə bir ay müddətində yerli estrogen müalicə verilməli və sonra müayinə aparılmalıdır.
Kolposkopiyadan sonra nələrə diqqət etmək lazımdır?
Müayinədən sonra xəstədə adətən bir narahatçılıq müşahidə olunmur. Amma kolposkopiya zamanı biopsiya götürülərsə, bu zaman bir sıra yan təsirlər yarana bilər. Biopsiyadan sonra ilk həftə ərzində xəstədə az ləkələnmə ola bilər, bu norma hesab edilir, lakin qanama olarsa və davam edərsə, bu zaman həkiminizə müraciət etməlisiniz. Bundan başqa xoşa gəlməz iyli axıntılar olarsa, ağrı olarsa, bədən hərarəti qalxarsa, bu vəziyyətlərdə də mütləq olaraq həkiminizə məlumat verməlisiniz. Kolposkopiyadan sonra ilk həftə cinsi yaxınlıqdan qaçmaq, vaginal tampon, şam, vaginal duş istifadə edilməməlidir.
Hamiləlikdə kolposkopiya olarmı?
Bildiyimiz kimi hamiləlikdən öncə ana olmaq istəyən qadınlar ailə planlamasından keçirlər, bu zaman uşaqlıq boynu skrinin müayinələri (HPV, Pap-Smear, Kolposkopiya) etmələridə tövsiyyə olunur. Cünki hamiləlik zamanı yaranan hormonal dəyişiklik və immun sistemdə yaranan zəifliklə əlaqədar olaraq uşaqlıq boynunda olan yüngül dərəcəli dəyişikliklər hamiləliyin sonuna daha ciddi dəyişikliklərə keçə bilər. Əgər hamiləlik zamanı kontakt qanamalar, müalicəyə tabe olmayan iyli-qanlı ifrazatlar olarsa və ya hamiləlik öncəsi sitoloji (Pap-Smear) müayinədə atipik hüceyrələr aşkarlanarsa və xəstə müalicə almamış olarsa qeyd olunan bütün hallarda xəstə kolposkopiya müayinəsinə göndərilməlidir. Bundan başqa əgər qadın hamiləlikdən öncə uşaqlıq boynu skrininq müayinəsindən keçməmişdirsə hamiləliyin birinci üç ayında kolposkopiya etmək məsləhət görülə bilər. Əgər uşaqlıq boynunda xərçəngönü vəziyyət aşkarlanarsa hamiləliyin 28-ci həftəsində qadına təkrar kolposkopiya aparılmalı və ehtiyac olar patohistoloji müayinə üçün biopsiya olunmalıdır. Belə hallarda hamilə nəzarətdə saxlanmalı və doğuşdan 6-8 həftə sonra təkrar müayinə aparılmalıdır. Uşaqlıq boynunda xərçəngönü vəziyyət və ya uşaqlıq boynu xərçəngi aşkarlanarsa doğuş keysəriyyə əməliyyatı ilə başa çatdırılmalıdır.
Bu prosedurun aparılmasına göstərişlər və əks-göstərişlər nələrdir?
Həm sadə, həm də genişləndirilmiş videokolposkopiya ancaq ciddi ginekoloji göstərişlər əsasında həyata keçirilir. Bunlara aiddir:
1. Uşaqlıq boynu yaxmasının Papanikolau metodu ilə yoxlanılması zamanı atipik hüceyrələr tapıldıqda (insanın papilloma virusu analizində müsbət cavab);
2. Uşalıq boynunun selikli qişasında xərçəngönü proseslərə və bədxassəli şişlərə şübhə yarandıqda (xoşagəlməz hüceyrə dəyişiklikləri);
3. Papillomalar, itiuclu kondilomalar, endometrioz ocaqları və eroziyalar rastımıza çıxanda;
Bundan əlavə, 40 yaşından yuxarı qadınlarda cinsi əlaqədən sonra qanaxma (yaş faktoru), menstruasiya olmayan dövrdə qanaxmalar,uşaqlıq boynunun xroniki iltihabi prosesləri, uşaqlıq yolundan müxtəlif xarakterli ifrazat və qaşınmalar, qarnın aşağısında uzunmüddətli ağrılar izlənilərsə bu prosedurun aparılması mütləqdir.
 Əksgöstərişlər sırasına gəldikdə, videokolposkop müayinəsi qadağandır:
- Fizioloji doğuşdan sonrakı ilk 2-2,5 ay sonrakı dövr (zahı qadınlar);
- Uşaqlıq boynu patologiyalarının müalicəsi məqsədilə təzəliklə tətbiq edilən termiki prosedurlar və cərrahi müdaxilələr keçirmiş qadınlar, o cümlədən yoda allergiyası olan qadınlar.
Bu prosedura hazırlıq necə aparılmalıdır?
- Cinsi yaxınlıqlar müayinədən 48-72 saat əvvəl dayandırılmalıdır;
- Prosedura 6-8 saat əvvəl qalmış qida qəbulu dayandırılmalıdır ki ürəkbulanma və qusma baş verməsin;
- Müayinədən iki gün əvvəl intravaginal sanasiya aparılmamalı və intim gigiyena vasitələrinin istifadəsindən imtina etməli;
- İntravaginal tətbiq olunan şam və tabletlərdən imtina etməli.

Videokolposkopiya – ginekologiyada müasir müayinə. VİDEOSaglamolun.Az

Sağlamlıq     Baxılıb: 1063   Tarix: 19 mart 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

sonxeber.az sac duzumleri kosmetik vasiteler maskalar qadın və kişi ziyafət geyimləri qarindaki yaglari eritmek yumurta ile uz maskalari cinsi elaqe haxisdalar aybawi penis sac modelleri