Xalq şairi Hüseyn Arifin arxivindən şeirlər

Xalq şairi Hüseyn Arifin arxivindən şeirlərŞairin arxivindən

Xalq şairi, Respublika Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 90 illiyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-ci il mayın 2 – də sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq, Milli Arxiv İdarəsində şairə aid olan sənədləri araşdırmalı olduq. Burada biz H.Arifin oxucularımıza məlum olmayan təxminən bir kitab həcmində şeirlərinə rast gəldik…
Hüseyn Arifin şeirləri özü kimi sadə, sadə olduğu qədər də düşündürücüdür. İlk baxışdan insana elə gəlir ki, hər bir şəxs bu misraları yazmağa qadirdir. Lakin unutmaq olmaz ki, H.Arifin misraları hər hansı söz yığımı ilə yaranmamışdır. Onun misraları ana südü kimi pak, bulaq suyu kimi durudur.
Mən dəfələrlə şairin şeirə necə kökləndiyinin şahidi olmuşam. Belə anlarında o, heç kimi, heç nəyi "görmür", heç nəyi düşünmək belə istəmirdi.
H.Arif təbiətə vurğun şair idi. Ömrünün böyük bir hissəsini təbiətin qoynunda keçirən şair onun ağrı-acısını hiss edir və bu ağrı-acılarla da yaşayırdı.
Hüseyn Arif, bir tərəfdən, təbiətin yaratdığı gözəlliyi sevinc dolu təsvir edirsə, digər tərəfdən, insanları onu qorumağı çağırır:

Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.

Şairin arxivindəki şeirlərindən kiçik bir qismini "Azərbaycan" jurnalının oxucuları ilə bölüşmək istədik.
Hüseyn Arif yaradıcılığı ilə məşğul olan tədqiqatçılara tövsiyəmiz budur ki, arxivdə onları şairin hələ sirri açılmamış əsərlərinin tədqiqi gözləyir.
Unutmayaq ki, "O elə şairdi bir də, tapılmaz".

Aslan KƏNAN (QASIMLI)

Hüseyn ARİF

AĞAC YENƏ AĞACDIR

Çapıb budaqlarını
Qabığını soyma sən.
Çox yemisən barını,
O ağaca qıyma sən.

Çiçəyini qoxlayıb
Çox batmısan ətrinə.
Amandır belə vaxtda
Belə dəymə xətrinə.

Baharda çiçəkləyib
Gülməsi yadındamı?
Zənbil-zənbil dərdiyin
Meyvəsi yadındamı?

Yadındamı balalar
Kölgəsinə qaçardı
Quşlar da səhər-səhər
O tərəfə uçardı?

Dünənki əhdi bu gün
Daşa çalmaq düzdümü?
Qocalıb, qarğıyanı
Gözdən salmaq düzdümü?

Bəlkə nəyəsə möhtac,
Bəlkə su üçün acdır?!
Barlı-barsız həyatda
Ağac yenə ağacdır.
05.X.88 Ağstafa

EHTIYACIM VAR

Şirin söhbətə də, dadlı sözə də,
Həzin rübaba da ehtiyacım var.
Soyuq bulağa da, isti közə də,
Şişdə kababa da ehtiyacım var.

Gah gecə əyilir, gah səhər düşür,
Axıb qulağıma nə səslər düşür.
Fikrimə xudmani məclislər düşür,
Tara, mizraba da ehtiyacım var.

Dostlarla cəmləşib ülfət qılanda,
Yaşdan keçənləri yada salanda,
Əl gülür, əlinə kitab alanda,
Əldə kitaba da ehtiyacım var.

Hüseyn Arifəm, saçlarımda dən,
Başdan zarafata alışmışam mən.
Aqillər içində nədənsə hərdən
Başdan xaraba da ehtiyacım var.

11.1.89 Bakı

DOYMUŞAM

Eniş gözəl, yoxuş gözəl, düz gözəl,
Nə arandan, nə yaylaqdan doymuşam.
Sinə gözəl, söhbət gözəl, söz gözəl,
Nə qələmdən, nə varaqdan doymuşam.

Göz qoyduqca köhlənlərin oynuna,
Qollarımı aparmışam boynuna.
Sığınanda təbiətin qoynuna,
Nə lilpardan, nə bulaqdan doymuşam.

Yaşıl meşə yağışı nə yağışdı,
Əlvan çəmən naxışı, nə naxışdır.
Ürkək maral baxışı nə baxışdı,
Nə obadan, nə oymaqdan doymuşam.

Günəş doğar, hərarəti nə yaxşı,
Gəlin gələr nəzakəti nə yaxşı.
Körpə gülər, məhəbbəti nə yaxşı,
Nə sevincdən, nə maraqdan doymuşam.

Qohum-qardaş bir-birinə dirəkdi,
Bir sinədə bir döyünən ürəkdi.
Təzə mənzil, təzə bayram deməkdi
Nə süfrədən, nə qonaqdan doymuşam.

Hüseyn Arif, nə yanğı var canında,
Yanmaq eşqi damarında, qanında.
Qədir bilməz, dil qanmazlar yanında,
Elə olub yaşamaqdan doymuşam.
31.X.88

ƏHMƏD CAVADA

Zülmlə üzüldü öz cərgəsindən
Haqsızlıq ucundan bir haqq şairi.
-Hayıf Cavad!,
– deyə andı çoxları
Bu bədbəxt şairi, xoşbəxt şairi.

Köçünü arana, yaylağa sürdü,
Ata dərdi çəkdi, qız dağı gördü,
Şeirdən Göy-gölə bir çələng hördü,
Təbiət vurğunu, torpaq şairi.

Çox sözü-söhbəti yadigar qalıb,
Ondan nəsillərə namus, ar qalıb.
Yurdunda qeyrətli övladlar qalıb,
Başdan uca tutar hər vaxt şairi.

Ala göz, uca boy, nəcib bir insan,
Elini, gününü bağrına basan.
İtirmək kimsəyə gəlməsin asan,
Necə də itirdik beyvaxt şairi.

Aman 37! Gör nələr etdi,
Arzular, əməllər puç olub getdi.
Min ömrün səfəri yarıda bitdi,
Həyatdan ayrıldı həyat şairi.

Ey Hüseyn Arif, indi ha gözdə,
Sevinci də bizdə, qəmi də bizdə.
Yaşar zaman-zaman xatirimizdə,
Xalqa "düşmən" çıxan bir xalq şairi.
3.VI.89 Ağstafa

SÖNDÜ BIR ÇIRAQ

Körpə yanaqların od tutub yanır,
Qızıl şamamasan yaşıl tağ üstə.
Mənim ətrafımda xəzan dolanır,
Sən təzə qönçəsən tər budaq üstə.

Gözlərim önündə söndü bir çıraq,
Necə də çəkildi qara ağ üstə.
Taleyin hökmünə, qərarına bax,
Sən torpaq altdasan, mən torpaq üstə.
22 noyabr 1988 Ağstafa

ON ÜÇ ILDIR

(Arifin vəfatının 13 ili münasibətilə)

Dərya-dərya adı udub
Gülə-gülə yaşayıram.
Göz yaşımı sıxa-sıxa,
Silə-silə yaşayıram.

Taleyi yol azmış gəmi
Fikrim göydəmi, yerdəmi?
Öz içimdə öz dərdimi
Bölə-bölə yaşayıram.

Keçilməz dağlar keçildi,
Can əridi, boy kiçildi.
Aman Arif, on üç ildi
Ölə-ölə yaşayıram.
25 sentyabr 1988 Ağstafa

OLSUN

Elə istəyərdim əziz günümdə,
Qapımı dəstəylə açanlar olsun.
Oturaq üz-üzə, qabaq-qabağa
Dillənən saz olsun, ötən tar olsun.

Qızışa çal-çağır, qızışa meydan,
Sağlıqlar uzana sökülüncə dan.
Bir könül dostu da çıxmaya yaddan,
Yaxınlar, uzaqlar bərqərar olsun.

Qızıl çıraqlardan şəfəqlər saçaq,
Sevincdən çağlayıb, fərəhdən uçaq.
Dəli Alı kimi süfrələr açaq,
Ələsgər dililə eldə car olsun.

Görüşüb cəmləşək toyda, büsatda,
Ömrə qənimətdir hər xoş saat da.
Ünsiyyət sözü var bir də həyatda,
Bu söz nəsillərə yadigar olsun.

Yüz kənddən, şəhərdən qonağım gələ,
Gül gülə qoşula, bülbül bülbülə.
Ey Hüseyn Arif nə çıxar belə,
Ürək geniş olsun, otaq dar olsun.

22.IV.89 Bakı

Maraqlı     Baxılıb: 5198   Tarix: 07 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

kosmetoloq gozel gorunmek donlar 2026 sac düzümləri kəpəklə mübarizə i̇mtahana hazırlıq adət ənənələr kosmetika vətən haqqında bayatı tanisliq baldiz bayatı dovsan