Toy adətlərimiz

Toy adətlərimizQız bəyənmə və ya qız görmə

Xalq arasında qız görmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər edir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin-anasının, atasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına-xalasına, bibisinə, anasına xəbər göndərir.

Xəbər göndərmə

Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Necə deyərlər, "ətəyindəki daşı yerə tökmür". Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışardı.

Kiçik elçilik

Adətə görə əvvəl iki qadın-oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib. "Elçiliyə gecə getməzlər".
"Elçilərin qarşısına qoyulan çay içilməz".
Elçilikdə deyirlər "qız ağacı qoz ağacı, hər gələn bir daş atar", "qız yükü duz yükü". Qız atası elə birinci elçilikdən razılığa gəlmir. "Qız qapısı, şah qapısı". Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik, deyir.
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Elçilik

Ata ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra "elçi" getməyi qərara alardılar.
Oğlanın bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını "arayırdı". Qızın razı olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının yanına gəlib eyhamla bildirirlər ki, "beş filan gün sizə gəlirik, elçiliyə".
Qızın anasıda evdəkiləri bundan xəbərdar edir. Yaxın qohumlardan evə çağırırlar. Məsləhətləşdikdən sonra əgər öz aralarında razılığa gəlirlərsə, qızın da fikrini öyrənirlər. Bunu da qıza yaxın olan bacı, gəlin, ana və ya rəfiqəsi soruşur. Qız razı olduğunu bildirmək üçün həmişə : "özünüz bilərsiz" deyir.
Təyin olunmuş gündə elçilər gəlir. Uzun söhbətdən sonra mətləbi açıb deyirlər. Əgər qız tərəf razı deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir. Əgər razıdırsa deyir ki, "qoy bir fikirləşək, götür-qoy edək məsləhətləşək, sonra qərara gələrik. İndi isə qonağımızsınız".
Oğlan evi aradan bir müddət keçdikdən sonra yenidən, ikinci dəfə elçiliyə gəlir. Yenə də əvvəldən qız tərəfi xəbərdar edirlər ki, "sizə gəlirik".
Qız evi bu dəfə hazırlıqlı olur. Qonum-qonşudan da ağsaqqal, ağbirçək dəvət edirlər.
Oğlanın elçiləri gəlir. Onları yuxarı başa keçirirlər. Qız tərəf də əyləşir. Bu məclisdə həm qadınlar, həm də kişilər iştirak edir. Təkcə qızın anasından başqa. O da otağa girib çıxır, ancaq onlarla oturmur.
Bir qədər söhbətdən sonra oğlan tərəfdən bir nəfər mətləbi gətirir əsas məsələnin üstünə. Qız tərəf üzünü tutub, soruşur ki: "hə, indi sizin son sözünüz nədir?" Qız tərəfdən də əmisindən, dayısından biri bir qədər yüngülcə minnətdən daha qapımıza gəlmisiz, duz-çörək kəsmişik və s. sonra "Allah mübarək eləsin", "Xoşbəxt olsunlar" deyir. Oturanlar da bir ağızdan "Amin" söyləyirlər. Yəni qohumlar bir-birlərini təbrik edirlər.
Qızın bacısı və ya gəlinləri çay gətirir. Hami "şirin çay" içir. Bundan sonra bəzən yemək də verirlər. Elçilər gedəndən sonra qızın bacısı və ya gəlinləri "gəlinin" "bacılığı" gilə yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək deyir və evə gətirirlər. Evdə qızı qardaşları, ata-anası təbrik edəndə o, həmişə ağlayır

Nişan

Bölgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır.
Oğlan evi nişanı, qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər.
Hamı yeyib-içib, şənlənəndən sonra süfrə yığılır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçaları da düzürlər dövrəsinə. Bundan sonra oğlan yengəsi, qardaşı arvadı, xonçanın üstünə nəmər atır. Qız yengəsi də gəlib nəmər atır. Bundan sonra oğlanın bacıcı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da bir ağızdan "mübarəkdir" söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir.

Xonça gətirmə

Nişandan sonra qız kimin toyuna, saxina getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya-oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Alnından öpüb onu qalxızır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın, elti və bəy gəlini oynadırlar.

Bayramlıq

Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı novruz bayramlığıdır. Bu bayrama qaynana həvəslə hazırlaşır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar.

Cehiz

Toydan iki-üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.
Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qaynana evi bəzəyənlərə də xələt verir.

Paltarbiçdi

Toydan qabaq qız evində "paltarbiçdi olardı". Bu məclisdə ancaq qadınlar iştirak edərdi. Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürərdilər. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərərdi. Cehizlər oğlan evinə aparılar və gəlin otağı bəzənərdi. Ev bəzəyən qızlara oğlan anasından xələt verilərdi. Hamı şənlənərdi.

Qız saxı

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı "sax" qaldırır. Saxqaldırma geniş yayılmış bir adətdir. Sax taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş bir toy bəzəyidir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən sax qaldırır.
Bacılıq gildə süfrə açılır, sax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılıq gilə. Yeyirlər, içirlər, oynayırlar. Axsam təxminən saat doqquzda, onda oğlan evindən cavanlar gəlir qız saxına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə "lopa" yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da saxı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.

Xınayaxdı

Qızlar yığışır otağın birinə, qız yengəsi də islanmış xınanı götürüb düşür ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib qoyur oğlan adamının qabağına. O da boş kasaya pul atıb, xınanı götürür. Oynaya-oynaya gəlir qızın yanına. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır.
Qızlar "xınayaxdı"da olanda oğlanlar oynayıb, şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər "iki rəngli" çay gətirib qoyur bəyin və dostlarının qabağına. Onlarda çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar.
Qızlardan biri xına gətirir. Oğlanlar da çeçələ barmağını batırırlar xınaya.

Kəbinkəsdirmə

Kəbinkəsdirmə toy günündən bir neçə gün qabaq olardı. Kəbini adətən molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərmiş. Hər tərəfdən 1 nəfər şahid olardı. Mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qənd çəkisi 8 kq olarmış.
Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Kəbinkəsdirmənin "siğə" forması da vardır.
Azərbaycanda Sovet hakimiyyəti mövcud olandan sonra nikahın dövlət tərəfindən qeyd olunması forması tətbiq edilmişdir.

Qız toyu

Səhər saat on birdə, on ikinin yarısı "qara zurnanın" səsi ətrafa yayılar, kəndi ayağa qaldırardı. Toy başlanardı.
Yenə cavanlar yığılır qulluq etməyə. Dəstə-dəstə adamlar toy evinə gəlir. Yeyir, içir, şənlənirlər. Kimi xonça gətirir, kimi də nəmər atır.
Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi gəlir, yemək qazanının üstünə pul atır. Buna "qazanacdı" deyirlər.
Toyda kəndin cavanları güclərini sınayır, güləşirlər. Kim ki, qalib gəldi, gedib kimin qolundan tutsa onunla oynamalıdır. Burada boyun qaçırmaq, etiraz etmək olmaz. Gərək oynayasan. Qalibə hörmət, xalqımızın ulu adətidir.
Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat dörddə-beşdə geri qayıdırlar.
Oğlan evi getdikdən sonra yenə də yeyib-içirlər, oynayırlar. Saat altının yarısı, olanda qız evində cavanlar yığışır "qız saxına" getməyə.

Gəlin aparma

Azərbaycan xalqının ən qədim havası olan "Vağzalı"nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya-oynaya, oxuya-oxuya deyirlər:

Al almağa gəlmişik,
Sal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini üç dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun.
Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun.
Gəlin ayağı altında qoyun qurban kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanlı olsun, tez qaynayıb-qarışsın oğlan evinə.
Gəlinin qaynaması başına sığal çəkər ki, mehribançılıq olsun.
Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun.
Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdişlə, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir.
Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan "xoşbəxt olsun", "oğullu-uşaqlı olsunlar" deyir.
Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir.

Oğlan toyu

Qız toyunun səhərisi oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra hazırlaşırlar gedib gəlini gətirsinlər. Əvvəlcə bütün minikləri bəzəyirlər. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Saat on birdə, on ikinin yarısı yığışırlar getməyə. Gəlin gətirməyə nə bəyin, atası nə də anası getmir.
Qız evinin qapısında hamı minikdən düşür, təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get bəyi düşür. Qaynana gəlir sürücüyə xələt, bəyədə nəmər verib düşürür.
Həyətdə çalıb-oynayırlar. Qız gəlinlər yığışır gəlinin başına. Burada oğlan yengəsi qız yengəsinə "başbəzəyi"nin haqqını, xələt verir.
Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən 2 dəfə bağlayıb açır, 3-cü dəfə bağlayırlar.
Qardaşı qıza deyir. "Get qədəmin uğurlu olsun. Evimizə qonaq çağıranda sənə hədiyyə alacğam". Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir-dua verir.
Oğlanın bacısı ucadan səsləyir; "Gəlin, gəlinimizi aparaq". Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna "qapıbasma" deyirlər. Bəy və "qardaşlıq" ona nəmər verir və qapını açırlar.
Gəlini otaqdan bəy və "qardaşlıq çıxarır". Həyətdə oğlan evi o ki var çalıb oynayırlar.
Gəlini miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, "qız saxını" götürürlər. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.
Nəhayət hamı yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kim ötmür.
Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qaynanaya, qayınataya göstərib deyir: "Muştuluğumu verin, gəlininiz gəlir". Qayınana ona xələt verir.
Hamı gəlib çatır, minikdən düşürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya-oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qaynana qoçun qanından götürüb bəylə-gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər.
Bişirilən ilk Fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub verirlər bəyə. O da tökür gəlinin başına.
Sonra gəlini aparırlar otağa. Gəlin oturmur. Qaynana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Sonra gəlib gəlinlə görüşür və ona xələt verirlər. Buna "boygördüşü"də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır.
Axşamüstü saat altıda, altının yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. Bir-iki saat oturub gedirlər. Onlar gedəndən sonra "bəyin" dostları yığışırlar, "oğlan saxına" getməyə. Cavanlar gəlir "qardaşlıq"gilə. "Oğlan sax"ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. "Bəylər" doyunca çalıb-oynayırlar. Nəhayət, "oğlan sax"ını götürüb, qayıdırlar bəyin evinə. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar.
Saxların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum-qonşuya paylayırlar.

Üzəçıxdı

Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10-15 gün sonra qaynana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Gəlingördü

Toydan iki-uc ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, "filan gün gəlirik gəlini görməyə". Oğlan evi hazırlıq görür. Yaxın qonum-qonşudan üç-dördünü dəvət edir.
Qızın anası da yaxın adamlardan götürüb gəlir qudası gilə. Yeyib içib şənlənirlər. Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.

Ayaqaçdı

Gəlingördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. Bir nəfərdən xəbər göndərirlər ki, yığışıb bizə gəlir. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qururlar. Yeyib-içirlər, çalıb-oynayırlar.
Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. Bir-iki gündən sonra əri gəlib aparır. "Ayaqaçdı"dan sonra bəylə-gəlin istədikləri vaxt ora gedib-gəlirlər.

Qonaqçağırma

"Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar "bəylə-gəlini" qonaq çağırırlar. Bu da bir növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə-gəlin onların evinə gedib-gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, "bəylə-gəlin" kimi evinə ilk dəfə qədəm qoysa o zaman onlara hədiyyə verirlər.

Nəvəgörmə

Gənc ailənin üçüncü üzvünün dünyaya gəlməsi, toy bayrama çevrilir. İlk nəvənin yorğan-döşəyini qız anası salar. Elə ki nəvə dünyaya gəldi, nənə düşür əl-ayağa. Ən gözəl ipəkdən ona yorğan-döşək salır, beşik alır. Nəvəni görməyə "qırx" çıxdıqdan sonra gedirlər. Gəlinin ata-anası, bacısı-qardaşı, gəlinləri yığılıb gəlirlər. Körpəyə paltar alırlar. Bu şeylərin hamısını qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyar.

Ailə və Uşaq     Baxılıb: 7026   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

sonxeber.az reseptler toy gecesi gozel gorunmek qadın və texnologiya sonsuzluq seksin növləri asan ariqlamagin yollari xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır xocali burclerin uyumu zencefil gulmeli hakista