Cənnət anaların ayaqları altındadır yoxsa?!

Cənnət anaların ayaqları altındadır yoxsa?!Heç kəsin gələcəyin prezidentini, baş nazirini, deputatını, prokurorunu, hakimini 13-15 yaşında məktəbdən çıxarıb ərə verməyə, bununla da onun həyatının çox önəmli ola biləcək bir səhifəsini qapamağa ixtiyarı yoxdur!..

Uşaqlar öz arzuları ilə doğulmurlar. Ona görə də onların öz valideynləri qarşısında heç bir öhdəliyi yoxdur, o cümlədən də, öz gələcək həyatlarını valideynlərin diqtəsi ilə qurmaq məsələsində. Valideynin köləsi, ərin köləsi olan qadın isə azad cəmiyyət qura bilməz. Kölə qadın azad fərdi tərbiyə edə bilməz.

Niyə kişilər öz uşaqlarını dünyaya gətirməyi, tərbiyə etməyi, evlərini, ailə qayğılarını qadına etibar edirlər, amma cəmiyyətdə fəallığı onlara yaraşdırmır, dövlətdə, biznes həyatında idarəetməni onlara etibar etmək istəmirlər? Axı bu ölkədə qadınlar kölə olmaq üçün doğulmayıblar. Onlar uşaqdoğan aqreqat, paltaryuyan maşın, mətbəx kombaynı deyillər. Onlar bəşəri, insanı dünyaya gətirən varlıqlardır. Və onlar hansısa cihazların funksiyasını yerinə yetirməklə öz həyatlarını tükədə bilməzlər. Əslində, bu yazı bizim ölkədə qadınlıqdan çox əşya kimi dəyər daşıyan xanımlara ağı demək məqsədilə yazılmır. Biz burada qadınlara əks cinsin münasibəti, qadınların özlərinin mahiyyəti və nəhayət, qanunvericilik barədə danışacağıq.

Qəribədir ki, qadın məsələsinə bizim cəmiyyət qədər ikili yanaşan ikinci bir cəmiyyət varmı, bilmirəm. Bizdə belə bir deyim var: "Gör, bu məmləkətdə kişilər qadınlara nə qədər yüksək dəyər vermişlər ki, özlərinə bəy, arvadlarına isə xanım (sözün kökü "xan") demişlər".

Boş söhbətdir, imitasiyadan başqa bir şey deyil.

Bizdə o qədər vecsiz, "iki eşşəyin arpasını bölə bilməyən" kişilər var ki, məhz kişi cinsindən olduqları üçün ailə başçısı, arvadın ağası sayılırlar. Dəxli yoxdur, arvad ərindən on dəfə ağıllı, on beş dəfə savadlı və qabiliyyətlidir, ya yox, məhz arvaddır deyə, o, vecsiz ərinin dediklərinə tabe olmalıdır.

Ən ədalətsiz qərarları məhz həmin seçilmiş təbəqə - ağsaqqallar verib

Bu yaxınlarda "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycanda qadınların aparıcı mövqedə olmasına mane olan səbəblərin öyrənilməsi məqsədilə araşdırma aparıb. Bu araşdırmanın mənbəyi mövcud olduğu sahədə liderliyə can atan, lakin maneələrlə üzləşərək geri çəkilmək məcburiyyətində qalan qadınlar və qadın problemləri ilə məşğul olan ekspertlərin rəyləri olub. Məlum olub ki, bizim ölkədə qadınların aparıcı mövqedə olmasına əsasən 20 amil mane olur. Biz bu yazıda onların bəzilərinə aydınlıq gətirəcəyik. Bizim cəmiyyətdə qadınlar daha çox ağsaqqal kultundan əziyyət çəkirlər. Bilirsinizmi niyə? Niyəsi çox sadədir. Həmişə bizdə ağsaqqal sözü uca tutulub. Ağsaqqallar isə heç də həmişə nurani, humanist qocalar, aqillər, ahıllar olmayıb. Tarix göstərir ki, ən ədalətsiz qərarları məhz həmin seçilmiş təbəqə - ağsaqqallar verib. Bizim ölkədə bunun ən qabarıq örnəyini konkret misal əsasında göstərmək istəyirik. Həmin hadisədən bizi, təqribən, 11 il ayırır. Qax rayonunun bir kəndində (başağrısı olmasın deyə, adını çəkmirik) 13 yaşlı C. həmkəndlisi, özündən təqribən 11 yaş böyük olan Ə. tərəfindən aldadılır. Qızın atası kəndin varlılarından sayılır. Çünki SSRİ dağılar-dağılmaz kənddə ilk komission dükanı o açmışdı. C. dərsdən sonra bu dükanda valideynlərinə kömək məqsədilə satıcılıq edir. Ə. isə kəndin ən kasıb ailəsinin nümayəndəsidir. Amma o da yaşıdları kimi bahalı siqaret çəkmək, pivə içmək, cibində bir miqdar cibxərci ilə gəzmək istəyir. Lakin əlindən heç bir gəlir gətirən iş gəlmir. Mehrini C.yə salır ki, onun atasının statusundan yararlansın. C.ni aldadır, zorlayır, ondan dükandakı bütün pulları alır, özünü də əgər pullar barədə atasına bir söz desə, onu şantaj edəcəyi, aralarında olanları açıb ortaya tökəcəyi ilə hədələyir. 13 yaşlı qızcığaz isə bu şantajın, valideynlərinin qorxusundan Ə.nin həm maddi, həm də "mənəvi" ehtiyaclarını ödəmək məcburiyyətində qalır.

Günlərin bir günü qızın valideynləri dükanda pulların yoxa çıxdığını başa düşürlər. Qızın kənd məktəbində təmizlik xidmətçisi işləyən bibisi isə təsadüfən kənd məktəbindəki sinif otaqlarından birində dərsdən sonra C. ilə Ə.nin macəralarının üstünə çıxır. Beləcə məsələnin üstü açılır. Bu olayı C.nin valideynləri hər bir standart azərbaycanlı ailəsi kimi faciə olaraq qarşılayırlar. Dörd yol var: 1.cinayət işləyərək qızla oğlanı öldürmək; 2. oğlanı həbsə atdırmaq və kəndi tərk eləmək; 3. kənd camaatının bütün tənələrinə, təhqirlərinə dözərək bu kənddə yaşamağa davam etmək və 4. ağsaqqallarla məsləhətləşmək.

C.nin atası qərara gəlir ki, kəndin ağsaqqallarını yığıb hadisə ilə bağlı atılacaq addımları məsləhətləşsin. Ata etiraf edir ki, onun qızı bağışlanmaz, rüsvayçı bir hərəkət edib. Onun papağını, nəslin adını yerə soxub. Bununla belə, qızını çox istəyir, ona öz anasının adını qoyub, onu əziyyətlə böyüdüb. İndi neyləsin, öldürsünmü, oğlanı türmədə çürütsünmü, oğlanın valideynləri olan həmkəndliləri ilə düşmənmi olsun? Kəndi, ev-eşiyi, biznesini atıb hara getsin....?!

Ağsaqqallar qərara gəlirlər ki, məsələ kənddən bayıra çıxmasın, yoxsa kəndin adı rayonda rüsvay olar. Elə C. də məktəbi atıb Ə. ilə evlənsin. Dükanın pullarını isə atası elə bilsin ki, qızına cehiz verib. Beləcə C.nin həyatına qərar verildi, ağsaqqallar isə özlərindən məmnun halda evə döndülər. Və kənddə heç bir insanlığa, heç bir hüquqa sığmayan bir olayı ağsaqqallar ört-basdır etdilər. Ə. cəzasız qaldı, əvəzində isə 13 yaşlı qızla evləndi, ər, kürəkən, ata statusu qazandı. Və elə həmin Ə. kənd oğlanlarının yığışıb söhbətləşdiyi məkanlarda tez-tez görünməkdə və mənəviyyatdan-zaddan ağıllı-ağıllı danışmağındadır. Əvəzində isə C.-nin uşaqlığı, məktəbi, heysiyyatı əlindən alındı, bu gün kənddə C. ən arzuolunmaz qız, gəlin, qonşu və anadır. Onun uşaqlarına "bicdən törəyən" deyə tənə edirlər. Yenə də bütün günahlar C.dədir. Əri, qaynanası, baldızı, qayını hətta C.-ni döyə, söyə bilirlər.

Niyə bütün yaxşı nümunələr kişilərə, pisləri isə qadınlara aid edilir?!

Bu hadisə isə ötən əsrin 90-cı illərinə təsadüf edir. Sovet quruluşu çökmək üzrədir. Kolxozlar camaatın mal-qarasını, otunu-ələfini sahibindən soruşub-eləməmiş maşınlara yığıb kolxozun malı kimi fermalara daşıyırlar. Qorxudan heç kəs səsini çıxarmır. Özlərini hər fürsətdə tale uzmanı kimi aparan ağsaqqallar qınına çəkilib. Problemi aradan qaldırmaq, etiraz etmək bir yana qalsın, bunu kənd arasında müzakirəyə belə çıxarmırlar. Hadisə vaqe olur Azərbaycanın ən qədim və təbiət mənzərələrinə görə yaraşıqlı, 120-dən çox alim-professor yetişdirməyi ilə öyünən bir kəndində. Bu kənddə beş uşaq anası olan 30-40 yaşlarında A. adlı bir xanım var. O isə deyir ki, kim yaxınlaşıb mənim mal-qaramı, otumu aparmağa cəhd eləsə, özünü ölmüş bilsin. "Arvaddır, boş-boş danışır" deyə kolxoz rəhbərliyinin buyruq qulları maşını onun tövləsinə yaxınlaşdırır. Elə bu məqamda A. qayınatasından qalmış ov tüfəngini patronla dolduraraq həyət qapısına ilk yaxınlaşan adamı nişan alıb atır. Növbəti patronu tüfəngə qoyana qədər kənd camaatının əllərində əsir-yesir qaldığı "kişi"lər çarəni maşınlara minib qaçmaqda görürlər. Bu hadisə kolxoz rəhbərliyinin özbaşınalığına son qoymaq üçün dərs olur. Kənd camaatı isə yığışıb A.nı həbsxanadan çıxarırlar. Və üstündən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, A. o kəndin qəhrəmanıdır. Hamı onun haqqında "kişi kimi qadın" deyə bəhs eləyir. Və qəribədir ki, yüzlərlə kişinin arasında yeganə mərdlik nümayiş etdirən bir qadını "kişi kimi" adlandırırlar. Yəni kişi cinsindən olan qorxaqlarla, yaltaqlarla bir sıraya qoyurlar...

Qadın ictimai-siyasi fəaliyyətlə məşğul olanda "pis qadın" olur?

Millət vəkili Gülər Əhmədova deyir ki, ailə münaqişələri zamanı zorakılıq hallarının hüquqi tənzimlənməsi üçün "Məişət zorakılığı haqqında qanun" qəbul olunmalıdır. Amma Parlamentdə olan deputatların əksəriyyətini kişilər təşkil etdiyi üçün bu qanunu qəbul etmək mümkün olmur. Yəni kişilər, baxmayaraq ki, hərəsi ölkənin seçilmiş 124 nəfərindən biridir, deputat belə olmalarından asılı olmayaraq, öz "kişilik"lərini qoruyurlar. Və yəqin ki, "surroqat ana və süni mayalanma" məsələlərində olduğu kimi, bu məsələni də milli dəyərlərə, mentalitetə və s. bağlayırlar. Arqumentləri də budur: "Azərbaycanda ailə kultu çox möhkəmdir. Bizim ailələrin şəxsi işlərinə qarışmaq ixtiyarımız yoxdur". Həmin deputatların beynəlxalq hüquqdan, qanunvericilikdən xəbərləri olsaydı, yəqin bilərdilər ki, insan hüquqları heç bir şəxsin, ailənin, dövlətin şəxsi işi deyil. Bu cəmiyyətin problemi olduğu üçün onu elə həmin cəmiyyət də sistemə oturtmalı, həll etməlidir. Həmin məntiqlə yanaşsaq, adam öldürmək də cinayətkarın şəxsi işidir. Onu niyə məsuliyyətə cəlb edirsiniz?

Surroqat deputatların surroqat mentaliteti

Bilmirəm, Azərbaycanda gender sahəsində qanunvericiliyi məhdud saymaq olar, ya yox, amma onun işləmə mexanizminin olmadığını dəqiq deyə bilərik. Bizdə "Gender bərabərliyinin təminatları haqqında" qanun var. "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramının təsdiq edilməsi barədə" dövlət proqramı, "Gənc Ailə proqramı" mövcuddur. Nazirlər Kabinetinin "AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında", "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının tərtib edilməsi haqqında" qərarları var. Qadınların ictimai-siyasi həyatda rolunun artırılması barədə prezident sərəncamları var və s. Gəlin görək, bu qanunlar, qərarlar, proqramlar qadınların işinə nə qədər yarayır?

Bir müddət bundan əvvəl "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunarkən yenə də parlamentdəki kişi deputatların hədəfində qadınlar idi. Onlar "surroqat ana" məsələsinə, "süni mayalanma" yolu ilə uşaqların dünyaya gətirilməsinə kəskin etirazlarını bildirirdilər. Deyirdilər ki, bu bizim milli mentalitetimizə, dəyərlərimizə və s. ziddir. Adamlar övlad qazanmaq üçün alternativ yollara baş vurmayacaqlar, özlərini övlad sevgisindən məhrum edəcəklər ki, nə var, nə var, deputatların bundan xoşu gəlmir. Əgər həmin kişi deputatlar surroqat ana məsələsinin hüquqi tənzimlənmə mexanizmini yaratmağın çox çətin olacağını desəydilər, onları başa düşərdik. Fikirləşərdik ki, dünyada əksər surroqat ana olmağa razılaşmış, bunun üçün müştərilərindən külli miqdarda pul almış qadınlar, uşaq dünyaya gələndən sonra onu müştəriyə verməkdən imtina edirlər. Və hətta aparıcı Qərb dövlətlərində belə bu problemi necə yoluna qoymağın hüquqi tənzimlənməsi mövcud deyil, yaxud da, çox çətin prosesdir. Amma bizim deputatlar bunu sırf milli dəyərlərə bağlayınca deməyə bir söz qalmır. Və onlar mənə yuxarıda haqqında bəhs etdiyimiz kənd ağsaqqallarını xatırladır. Nə onlara sərf eləyir, "məsləhətə gələk" deyirlər, nə sərf eləmir, "milli, mənəvi dəyərlərə ziddir", "milli namusumuzu, şərəfimizi, qeyrətimizi alçaldır" deyirlər. Zorlamanı qınamırlar, onu sadəcə, ört-basdır etməklə problemi həll etməyə çalışırlar.

Bəs milli dəyərlərin sadiq keşikçiləri hara baxır? Bir də, cənnət görəsən hansı anaların ayaqları altındadır: yaltağı, fırıldaqçını, zorakını doğub, tərbiyə edib cəmiyyətə buraxan ananınmı? Bəlkə, şayiəbazın? Bəlkə, uşağı olmadığı üçün gəlini ata evinə yollayanın? Bəlkə, Dubaya gedənin?

Ailə və Uşaq     Baxılıb: 3170   Tarix: 24 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari qadın geyimi aksessuarlar hicab ortukleri morugun faydasi xren yarpagi etiraflar kosmetika uşaq şeirləri rəksanə cekc pornuxa big.az oğlaq